“Kərimlinin ətrafında cəmi beş-altı adam vardı” Siyasət

“Kərimlinin ətrafında cəmi beş-altı adam vardı”

"Əli Kərimlinin cəmiyyət daxilində elan etdiyi qədər elektoratı yoxdur. Onun elektoratının sayı iddia etdiyindən dəfələrlə azdır".
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı belə deyib.
Partiya rəsmisi hesab edir ki, heç vaxt Əli Kərimlini onun iddia etdiyi kimi, on minlərlə insan müşayiət etməyib:
"Buna görə də Əli Kərimli milli bayram və faciə günlərində izdihamdan sui-istifadə etməyə adətkardır. Həmin izdihamlardan belə görüntü yaratmağa çalışıb ki, guya bu insanlar onun ətrafında olanlardır. Əli Kərimli 20 ildən çoxdur ki, bu manevrlərdən istifadə edir. Amma budəfəki Xocalı ziyarətində bu, baş tutmadı.
Mətbuat onu elə bir zamanda yaxaladı ki, Əli Kərimlinin ətrafında cəmi beş-altı adam var idi. Amma buna baxmayaraq, Əli Kərimli Xocalı soyqırımı günündə belə öz siyasi ambisiyasını ortaya qoydu, siyasi şüarlarını səsləndirdi. Bu adam üçün fərqi yoxdur ki, bu gün Xocalı soyqırımı günüdür, ya başqa gündür. Onun düşüncəsi heç vaxt dəyişmir. O, bütün fəaliyyətini avantürist çıxışlara yönəldir, siyasi divident qazanmağa sərf edir".
Niyaməddin Orduxanlı yürüş zamanı Əli Kərimli və bir vətəndaş arasında yaranmış mübahisəyə də toxunub:
"Xocalı yürüşündə bir vətəndaş Əli Kərimliyə yaxınlaşdı və oğlunun niyə hərbi xidmətə getməməsinə dair sual verdi. Yəni bu adamın oğlu ali təhsilini bitirib, ABŞ-a köçüb və orada işləyir. Qanunsuz olaraq hərbi xidmətdən yayınıb. Bu barədə ilk məlumatı da mən yaymışam. Qanunvericiliklə Türkel Kərimli gəlib öz hərbi xidmətini yerinə yetirməlidir. Səfərbərlik Xidməti də mənə rəsmi cavab göndərib ki, Əli Kərimlinin oğlu Türkel Kərimlinin hərbi xidmətə cəlb olunması üçün bütün müvafiq tədbirlər görülür. Ona görə də həmin vətəndaş Əli Kərimliyə bu barədə haqlı sual ünvanladı.
Amma buna baxmayaraq, Əli Kərimli həmin vətəndaşı çox pis formada təhqir etdi. Acıq formada bu sual qarşısında təhqirə əl atdı, vətəndaşı alçaltdı. Vətəndaş isə ona sadə sual vermişdi ki, niyə oğlun hərbi xidmətə getmir? Buna görə, insanı təhqir etmək olar? Bu da Əli Kərimlinin nə qədər dayaz düşüncə sahibi olduğunu, içində nə boyda nifrətin olduğunu göstərdi".