Əliməmməd Nuriyev yerli və xarici qurumlara donos yazanları qınadı Siyasət

Əliməmməd Nuriyev yerli və xarici qurumlara donos yazanları qınadı

"Mövcud imkanlar çərçivəsində fəaliyyətimiz qənaətbəxşdir, amma daha yaxşı ola bilərdi".
Bunu "Konstitusiya" Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev söyləyib. QHT-lərin beynəlxalq əməkdaşlıqları və hazırkı fəaliyyəti barədə danışan tanınmış hüquqşünas, bu sahədə əsasən maddi problemlərin olmasını vurğulayıb:
"Problemlərin əsas qaynağı yenə də maddi məsələlərə gedib çıxır. Məsələn, bizim ofisimiz icarədədir və icarə haqqının ödənilməsi ilə bağlı gecikmələr yaranır. Amma QHT-lər üçün ayrılan qrantlar hesabına maddi problemləri müəyyən qədər aradan qaldıra bilirik.
Beynəlxalq əlaqələri isə yüksək səviyyədə qurmağa çalışırıq ki, fəaliyyətimiz daha da genişlənsin. Xüsusilə, beynəlxalq təşkilatların Azərbaycan daxilindəki nümayəndəlikləri ilə əlaqələrimiz qurulub. Məsələn, Avropa İttifaqının nümayəndələyi, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə həyata keçirdiyimiz əhəmiyyətli layihələrimiz var. BMT-nin müxtəlif qurumları ilə əlaqələr yaradır, Bakıya gələn ekspertlərlə tez-tez görüşürük.
Qeyd etməliyəm ki, bizim beynəlxalq əlaqələrimizə mane olmağa çalışanlar da var. Elə QHT sektorunda mövcud olan bəzi təşkilatlar yerli və xarici qurumlara donos yazmaqla məşğuldurlar. Buna baxmayaraq, yerli və xarici qurumlarla əməkdaşlıqlarımızı yüksək səviyyədə davam etdirməyə çalışırıq".