Gürcüstan parlamentinin vitse-spikeri Mili Məclisdə Siyasət

Gürcüstan parlamentinin vitse-spikeri Mili Məclisdə

08 May

Dünən Milli Məclisdə Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun üzvləri ilə görüş keçirilib.

Görüşdə ölkələrimiz arasındakı münasibətlərdən söz açan Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov müstəqillik dövründə əlaqələrimizin müsbət məcrada inkişaf etdiyini söyləyib.

Azərbaycanla Gürcüstanın dövlət rəsmiləri və parlamentarilər arasında intensivləşən görüşlərin, qarşılıqlı səfərlərin müsbət nəticələr verdiyini bildirib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb. Bölgədə həyata keçirilən Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi bir sıra qlobal layihələrin regionun inkişafına böyük töhfələr verdiyini qeyd edib. Çoxşaxəli əməkdaşlığın möhkəmlənməsində parlamentlərarası əlaqələrin mühüm rol oynadığını deyib.

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Zviad Dzidziquri ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb. O, ölkələrimizin beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəklədiyini bildirib. Vurğulayıb ki, Gürcüstan və Azərbaycan arasında elə bir məsələ yoxdur ki, müzakirə edilib müsbət nəticə əldə olunmasın.

Görüşdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Rasim Musabəyov, Flora Qasımova çıxış edərək gürcü həmkarlarının diqqətini bir sıra vacib məsələlərə yönəldiblər. Qarabağ müharibəsində qətllər törətmiş erməni terrorçu, separatçı Mixail Avakyana Gürcüstanda qoyulmuş abidə ilə bağlı Azərbaycan ictimaiyyətinin narahatlığını Gürcüstan deputatlarının diqqətinə çatdırıblar.

Görüşdə aparılan fikir mübadiləsində Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı istiqamətində qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.