Elman Nəsirov: Paşinyanın “yeni tezisləri” məsxərə obyektinə çevrilib Siyasət

Elman Nəsirov: Paşinyanın “yeni tezisləri” məsxərə obyektinə çevrilib

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin “etimologiyası” ilə bağlı Nikol Paşinyanın “yeni tezis”ləri Ermənistanın özündə belə məsxərəyə qoyulmaqdadır. Onun Azərbaycanın SSRİ-nin tərkibindən çıxması proseduru ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan ərazisi olaraq işğal edilməsi faktı arasında paralel aparması və bu hadisələr arasında eyniyyət axtarması heç bir tənqidə belə dözmür.
Bu sözləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirov söyləyib.
“Əvvəla, bu, bir həqiqətdir ki, SSRİ konstitusiyasına görə, müttəfiq respublikaların hər birinin, o cümlədən Azərbaycan və Ermənistanın da ittifaq dövlətinin tərkibindən çıxmaq hüququ var idi. Bu hüquqdan da istifadə olundu. Həmin konstitusiyada muxtar respublika və vilayətlər analoji hüquqa malik deyildilər. Belə bir hüququn olmadığı reallıqda hər hansı bir muxtar subyektin “müstəqillik” sevdası separatizm kimi hüquqi qiymətini alırdı və cəza verilirdi. Eyni məntiqlə Azərbaycan daxilindəki heç bir muxtar qurumun, o cümlədən DQMV-nin həm ölkə, həm də SSRİ qanunvericiliyinə görə ayrılmaq və müstəqilliyini bəyan etmək hüququ yox idi. Belə bir hüquqla DQMV-ni təmin edən hər hansı bir sənəd varsa, Nikol Paşinyan üzə çıxarsın. Bu, mümkün deyil, çünki belə bir sənəd yoxdur”, - deyə Elman Nəsirov vurğulayıb.
Deputat qeyd edib ki, Ermənistanın baş nazirinin populist və təxribatçı bəyanatları yeni aranjimanda təqdim olunmaqdadır. “Dağlıq Qarabağ Ermənistandır, vəssalam” kimi sərsəm bəyanata imza atan Nikol Paşinyan bu dəfə xalqların öz müqəddəratını təyinetmə hüququndan bəhs edərkən “Qarabağ xalqı” ifadəsi işlədir və titullu xalq axtarışına çıxır. Bu absurd mövqenin daşıyıcısının nəzərinə çatdırırıq ki, “Dağlıq Qarabağ xalqı” ifadəsi siyasi avantüradan başqa bir şey deyil. Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları var. Ermənilər isə bir xalq olaraq öz müqəddəratını təyin ediblər, vassal və satellit olsa da, bir siyasi subyekt yaradıblar. İkinci erməni dövləti yaratmaq onların boş xülyalarıdır.
“Münaqişənin həlli imkanları ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son dərəcə qətiyyətli, prinsipial və dəyişməz mövqeyi var. Həmin mövqeyə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağın ermənilərinə respublikamızın hüdudları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Ermənistanın nicatı bu mövqeni sonadək tanımasından və qəbulundan keçir. Zaman isə gözləmir. Uçurum uzaqda deyil”, - deyə E.Nəsirov bildirib.