“Tarix məhz onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi” Siyasət

“Tarix məhz onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi”

Əkbər Qoşalı: “Siyasi bioqrafiyanız çoxdan bitib”

“Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun AXCP sədri Əli Kərimlinin yeni “feyk statusu”na öz sanballı “feys statusu” ilə verdiyi cavabı oxudum. (“Feyk” sözü burada saxta profili, gizlədilmiş adı deyil, mətnin içindəki saxtalığı, qeyd edilənlərin qeyri-düzgünlüyünü ifadə edir.) Qısa müddətdə 219 paylaşım edilib”. Bunu Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib: "Satus özündə nələri ehtiva edir? Nələri fərqləndirmək olar? Məncə, bu: ilk növbədə bir mühüm vəzifəli rəsmi şəxsin, dövlət xadiminin açıqlamasıdır; alim ümumiləşdirməsidir; bir ictimai-siyasi xadim (və vətəndaş!) mövqeyidir;ən yeni dövr tariximizin mövzu üzrə yığcam şərhidir; ağrılı problemimizə aydın baxışdır (və bu baxış ümidsiz, inamsız deyil!); bir təsbitdir, ümumiləşdirmədir, gerçəkliyi acısı-şirini ilə şəkilləndirməkdir; qəflətdən ayılmağa dəvətdir; hakim komandanın üzvü kimi açıq fikirli, aydın mövqeli – nümunəli davranışdır (sərt¬liyi və digər məziyyətləri vahid universallıqda tamamlamaqdır); bir azərbaycanlı siyasətçinin özü özünə cızdığı aqibətə acımaqdır həm də: “Əli Kərimli, tarix məhz onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi. Siyasi bioqrafiyanız çoxdan bitib, siz indi adi bloqqer kimi maraq doğurursuz...”; Əli müəllimin adaşına müraciəti həm də dövlət nəzakətinin özünəməxsus ifadəsidir; bir daha konstruktiv yola, müəyyənliyə çağırışdır...
Əlbəttə, bu sıralamanı, siyahını bir xeyli uzatmaq da olar; ancaq elə bilirəm, sıra¬lamanı nəinki artırmaq, hətta azaldıb 10 deyil, 5 də etsək, mahiyyət dəyişməyəcək. Azərbaycan Prezidentinin köməkçisinin müxalif siyasətçiyə cavabında vurğulanan məqamlar bir daha və bir daha, dövlətçilik şüurunu önplanda olmasının zəruriliyini, dövlətin siyasi ehtiras, pafos siyasəti ilə deyil, dərin düşüncə ilə, təmkinlə idarə edildiyini ifadə edir. Dövlət idarə etmək partiya idarə etmək deyil; o da ola heç partiyanı düz-əməlli idarə edə bilməyib, param-parça edənə söz deyəsən...".
“Yurddaş” partiyasının sədri Mais Səfərli bildirib ki, hər zaman xaricdə olan bəzi qüvvələr Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşaraq uğurlarımıza kölgə salmaq istəyirlər: “Amma onların nə etməsindən və nə deməsindən asılı olmayaraq heç vaxtı bizim inkişafımıza zərbə vura bilməyiblər və bilməyəcəklər. Çünki artıq Azərbaycan öz sözünü demiş və dünya dövlətləri arasında hörmətini qazanmış bir dövlətdir”.
Partiya sədrinin sözlərinə görə, bu gün ölkə Prezidentinin fəaliyyəti Azərbaycanda stabilliyi qoruyub saxlamaq və inkişafımızı davam etdirmək, bunun nəticəsi olaraq da Azərbaycan əhalisinin yaşam tərzini yüksəltməkdən ibarətdir: “Bu reallığı görən xarici və daxili qüvvələr gücləri ilə çalışırlar ki, bizim inkişafımıza zərbə vursunlar. Azərbaycanın stabilliyi, sərhədlərimizi qorumaq üçün ordusu var, silahlı qüvvələri var və ordumuz bu gün dünyada birinci 50-iliklədir, yəni ən güclü ordular sırasındadır. Yəni dünyanın 200 çox dövləti var, onların heç də hamsının Azərbaycan kimi güclü ordusu yoxdur. Bu mənada AXCP sədri Əli Kərimlinin anormal açıqlamaları gündəmdə qalmaqdan başqa bir şey deyil. Yəni onların bu cür hərəkətləri xaricdə Azərbaycanı istəməyən bəzi qüvvələrin, xüsusilə də ermənipərəst qüvvələrin dəyirmanına su tökməkdir. Konkret isə, boş bəyanatlardan başqa bir şey deyil. Əli Kərimli və onun ətrafında olanların təxribat xarakterli açıqlamalarını sadəcə olaraq, Azərbaycanda qarışıqlıq yaratmağa, qarşıdurma yaratmağa, siyasi və iqtisadi sabitliyi pozmağa yönəlik addımlar kimi qiymətləndirirəm”.