Ombudsman AŞ-nın 70 illik yubileyinə həsr olunmuş konfransda iştirak edib Siyasət

Ombudsman AŞ-nın 70 illik yubileyinə həsr olunmuş konfransda iştirak edib

Elmira Swleymanova: “Avropa Şurasının regionda sülhün bərqərar olması ilə bağlı konkret qərarlar verəcəyinə ümidvaram”

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Elmira Süleymanova Avropa Şurasının 70 illik yubileyinə həsr olunmuş “Bizim Hüquqlarımız, Azadlıqlarımız, Avropamız” adlı konfransda iştirak edib.
Ombudsman Aparatından “Xalq Cəbhəsi”nə verilən məlumata görə, Avropa Şurası Parlament Assambleyasının Prezidenti xanım Liliane Maury Pasquier, Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini cənab Mahmud Məmməd-Quliyev, Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Direktoratlığın rəhbəri cənab Christos Giakoumopoulus və digər rəsmilərin iştirak etdiyi konfransda açılış nitqi ilə çıxış edən Ombudsman qonaqları salamlayaraq Avropa Şurasının 70 illiyi münasibətilə AŞPA Prezidentini və digər qurum nümayəndələrini təbrik ediblər.
Daha sonra Ombudsman Azərbaycanda Avropa Şurasına üzv olduqdan sonra insan hüquqları sahəsində aparılan islahatlar barəsində danışıb. Qeyd olunub ki, 1949-cu il 5 mаy tаrixində yаrаdılmış Avropa Şurası demokratik prinsiplərin və insan hüquqlarının müdafiəsi və təmin edilməsinə yönələn regional beynəlxalq təşkilatdır ki, fəaliyyətinin əsas istiqamətlərindən biri beynəlxalq müqavilələrin işlənib hazırlanmasıdır və indiyədək 200-ə yaxın konvensiya qəbul edib və bunların əksəriyyəti insan hüquqları sahəsinə aiddir.
Ombudsman 2001-ci il yanvarın 25-də Prezident Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirildiyini və qurumun binasının qarşısında dövlətimizin bayrağının ucaldıldığını vurğulamış və beləliklə ölkəmizin tarixində yeni bir səhifə açıldığını söyləyib.
Ombudsman və оnun milli preventiv qrupunun əməkdаşlаrı müntəzəm оlаrаq cəzаçəkmə müəssisələrinə, istintаq təcridxаnаlаrınа, müvəqqəti sаxlаmа yеrlərinə, ruhi-əsəb xəstəxanalarına müntəzəm olaraq bаxışlаr həyаtа kеçirir, оrаdа sаxlаnılаn şəxslərlə konfidensial görüşlər keçirilir, qəbul edilmiş müraciətlər aidiyyəti qurumlar qarşısında qaldırılmaqla, həlli istiqamətində tədbirlər görüldüyü bildirilib.
Qeyd edilib ki, MPM fəaliyyəti nəinki şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan şəxsləri, onların ailə üzvlərini, vəkilləri, vətəndaş cəmiyyəti üzvlərini və müvafiq dövlət qurumları ilə əməkdaşlığı da əhatə edir.
Bildirilib ki, Ombudsman təsisatı yarandığı ilk günlərdən Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığı ilə sıx əməkdaşlıq əlaqələri yaratmış, bir sıra birgə tədbirlər keçirilmişdir. Avropa Şurası ilə, eyni zamanda hazırda cənab Zoltan Herneşin rəhbərliyi altında bu təşkilatın Bakı Ofisi ilə bir çox sahədə davam edən əməkdaşlıq inkişaf etməkdədir.
Ombudsmanın еyni zаmаndа Azərbaycanın Avropa Konvensiyasının 12 və 14-cü Protokollarının, Uşaqların cinsi istismar və seksual xarakterli hərəkətlərdən müdafiəsinə dair Avropa Şurası Konvensiyasının (Lanzarote Konvensiyası), “Qadınlara qarşı və ailədə zorakılıq hallarının qarşısının alınması və mübarizəyə dair” Avropa Şurası Konvensiyanın (İstanbul Konvensiyası) ölkəmiz tərəfindən ratifikasiya edilməsi ilə bаğlı Milli Məclisə təkliflər irəli sürdüyü diqqətə çatdırılıb.
Bildirilib ki, Azərbaycan Ombudsmanı Avropa Şurası və Avropa İttifaqının Yaxşı idarəçilik üzrə Tərəfdaşlıq birgə proqramı çərçivəsində “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının (əlçatanlığının) gücləndirilməsi” adlı regional layihəsində, Avropa Şurası, Ombudsman Aparatı və Mətbuat Şurasının birgə həyata keçirdiyi “Gender bərabərliyi və media” mövzusunda layihənin həyata keçirilməsində yaxından iştirak edib.
AŞPA-nın 1416 saylı qətnaməsində Azərbaycan ərazisinin böyük bir hissəsinin Ermənistan qoşunlarının işğalı altında olduğu, eləcə də Dağlıq Qarabağ regionuna hələ də separatçı qüvvələrin nəzarət etdiyinin göstərildiyi bildirilmişdir. Ombudsman sənəddə Avropa Şurasının üzvü olan bir ölkənin başqa ölkənin ərazilərini işğal altında saxlaması həmin ölkənin öz üzərinə götürdüyü öhdəliklərə tam zidd olduğu və Assambleyanın öz yerlərindən qaçqın düşmüş insanların geri qaytarılması hüququnu bir daha təsdiqlədiyini vurğulanıb.
O, çıxışında Milli Preventiv Mexanizm fəaliyyəti ilə yanaşı, insan hüquqlarına dair müxtəlif konkret mövzularda Avropa Şurası ilə əməkdaşlığın genişləndirilməsinin, bu fəaliyyət çərçivəsində dövlət qurumları və QHT-lərin birgə tədbirlərin keçirilməsinin vacibliyini önə çəkib.
Ombudsman çıxışının sonunda Avropa Şurasının regionda sülhün bərqərar olmasına, uzun illərdir bir milyondan çox qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasına yönəlmiş, dünya dövlətlərinin fəaliyyəti üzrə əsas sənəd, yol xəritəsi olan Davamlı İnkişaf Məqsədlərinə (SDGs), o cümlədən, 16-cı məqsəd – Sülh, ədalət və səmərəli institutlar məqsədinə uyğun olaraq konkret qərarlar və tədbirlər görüləcəyinə ümidvar olduğunu bildirib.