Kolumbiya parlamentində Azərbaycan ilə bağlı dinləmələr keçirilib Siyasət

Kolumbiya parlamentində Azərbaycan ilə bağlı dinləmələr keçirilib

Kolumbiya parlamentinin plenar iclasında Azərbaycan ilə bağlı dinləmələr keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Kolumbiya parlamentinin Beynəlxalq əlaqələr komitəsinin prezidenti Xose Luiz Perez iqtisadi-ticarət, təhsil, turizm, kənd-təsərrüfatı, enerji, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib. Azərbaycan-Kolumbiya əlaqələrinin mövcud durumu və inkişaf dinamikası ilə bağlı ətraflı danışan deputat Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən nəhəng layihələrin bütövlükdə regional sabitliyə və inkişafa xidmət etdiyini vurğulayıb. Eyni zamanda, bildirib ki, Azərbaycan müsəlman şərqində demokratik respublika quran, demokratik parlament yaradan və qadınlara səsvermə hüququ verən ilk ölkədir. O, Azərbaycanda müxtəlif dinlərə etiqad edən və mədəniyyətlərə mənsub olan insanların birgə rahat yaşadığını, dərin tolerantlıq ənənələrinin olduğunu bəyan edib. Deputat Kolumbiya tərəfindən razılaşma əsasında Azərbaycana göndərilən müəllimlər tərəfindən ADA Universitetində ispan dili kurslarının tədris edilməsindən, eyni zamanda, Kolumbiyanın Eksternado Universitetində yaradılan Türkiyə-Azərbaycan Araşdırma Mərkəzinin hər iki ölkənin qarşılıqlı əlaqələrinin gücləndirilməsinə verə biləcəyi töhfədən məmnunluğunu ifadə edib.
Azərbaycanın siyasi və iqtisadi çəkisinə diqqət çəkən Kolumbiya parlamentinin prezidenti Lidio Qarsiya Turbai iki ölkə arasında arasında mövcud olan dostluq münasibətlərinin daim yüksələn xətt ilə inkişaf edəcəyindən əminliyini ifadə edib. O, Kolumbiya parlamenti adınan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ən xoş salamlarını çatdırmağı xahiş edib.
Daha sonra L.Turbai bəyan edib ki, Azərbaycan Respublikasının Kolumbiya Respublikasındakı müvəqqəti işlər vəkili Həmid Zeynalovun ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf və möhkəmlənməsindəki xidmətlərinə görə Kolumbiya parlamentinin yüksək dərəcəli “Cəngavər Ordeni” ilə təltif olunmasına dair müvafiq qərar qəbul olunub.
Orden təqdim olunduqdan sonra müvəqqəti işlər vəkili Həmid Zeynalov çıxış edərək ötən ilin dekabrında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini dəstəkləyən müvafiq qətnamənin qəbul etməsinə görə bir daha dərin təşəkkürünü bildirib. Həmçinin ona göstərilən yüksək etimada görə Kolumbiya parlamentinə minnətdarlığını ifadə edib.