“Dialoqun saxlanılması bütün hallarda əhəmiyyətlidir” Siyasət

“Dialoqun saxlanılması bütün hallarda əhəmiyyətlidir”

“Hər şeydən öncə dialoqun saxlanılması bütün hallarda əhəmiyyətlidir. İstər Paşinyan, istərsə də onun ardınca Ermənistanın müdafiə naziri David Tonoyanın səsləndirdiyi fikirlər münaqişənin dinc yolla tənzimlənməsi məsələsini sual altına qoyur”.
Bu fikirləri politoloq Elşad Mirbəşiroğlu Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında keçirilməsi planlaşdırılan görüşə münasibət bildirərkən deyib.
Politoloq qeyd edib ki, Paşinyanın çıxışları və “Qarabağın Ermənistana aid olması” haqqında açıq bəyanatları münaqişənin tənzimlənməsi prosesində vasitəçilik missiyasını həyata keçirən instansiyalar üçün bir növ siqnal rolunda çıxış etməlidir: “Həmçinin, hesab edirəm ki, danışıqlar masası arxasında da vəziyyəti müəyyənləşdirməlidir. Düzdür, Azərbaycan tərəfi bu məsələyə nə dərəcədə toxunacaq bilmirəm. Amma işğalçı tərəf işğal siyasətini davam etdirməkdə qərarlı olduğunu göstərir. Görüşlər zamanı bu barədə müzakirələr olarsa, bu istiqamətdə fikirlər səsləndirilərsə, o zaman danışıqlar ümumilikdə Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi baxımından təsirli rol oynaya bilər”.
“Məsələnin digər tərəfi ondan ibarətdir ki, münaqişənin tənzimlənməsi ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupu Ermənistan tərəfinin mövqeyinə münasibətin bildirməlidir”, - deyən E. Mirbəşioğlu əlavə edib ki, əgər bu mövqeyə münasibət bildirilərək, bunun üzərindən danışıqların davam etdirilməsi həyata keçirilərsə onda vəziyyətin Azərbaycanın xeyrinə olması şərtləndirilə bilər: “Yox, əgər Paşinyanın bəyanatlarına əhəmiyyət vermədən, heç nə olmamış kimi danışıqlar prosesi davam etdirilirsə, görüşlər keçirilirsə bunun heç bir əhəmiyyəti yoxdur”.