ABŞ Əfqanıstandakı texnikasını Bakıya niyə satmır? Siyasət

ABŞ Əfqanıstandakı texnikasını Bakıya niyə satmır?

Bu onun embarqosu ilə bağlıdır, yoxsa...

Cavid

Azərbaycanın bir müddət əvvəl ABŞ-ın Əfqanıstandan çıxardığı "Cougar" və HMMWV (Yüksək Hərəkət Qabiliyyətli Çoxtəyinatlı Nəqliyyat Vasitəsi) hərbi nəqliyyat vasitələrinin alınması ilə bağlı müraciətinə ABŞ tərəfindən mənfi cavab verilib.
Adıçəkilən nəqliyyat vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılan sülhməramlı briqadasının inventarına daxil ediləcəyi gözlənilsə də, ABŞ tərəfi bu maşınları Azərbaycana satmaqdan imtina edib. Qarşı tərəf bu addımı münaqişəli ölkələrə silah və hərbi texnika satışına rəsmi Vaşinqtonun embarqosu ilə əlaqələndirib.
Qeyd edək ki, bir il öncə də ABŞ-ın Əfqanıstandan çıxardığı qoşunlarının inventarında yer alan hərbi texnikanın böyük qisminin satışa çıxarılacağı və satış zamanı sülhyaratma əməliyyatlarında aktiv iştirak edən dövlətlərə önəm veriləcəyi açıqlanmışdı.
Azərbaycan tərəfi sülhyaratma əməliyyatları üçün nəzərdə tutulan briqadanı yerli istehsal olan "Matador" və "Marauder" tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri və Türkiyə istehsalı olan "Cobra" zirehli maşınları ilə təchiz edəcək.
Məlumat üçün bildirək ki, münaqişələri əsas gətirib münaqişəli ölkələrə silah və hərbi texnika satmayan ABŞ son illərdə Gürcüstana 10-dan artıq "Cougar" və 100-ə yaxın HMMWV tipli maşın bağışlayıb.
Onu da bildirək ki, bir il öncə ABŞ Ordusunun Əfqanıstandan çıxarılan hərbi texnikasının bir hissəsi Azərbaycan ərazisindən keçməklə Avropaya daşınıb.
Qazaxıstanın Aktau limanına gətirilən ABŞ-a məxsus yüklər və hərbi texnikalar buradan bərə vasitəsi ilə Azərbaycana gətirilib. Azərbaycandan isə nəqliyyat vasitələri və dəmir yolu ilə Gürcüstanın Poti limanına daşınıb. Hərbi texnikalarla yüklənmiş daha bir maşın karvanının Bakıdan qərb istiqamətində hərəkəti müşahidə olunub.
Xatırladaq ki, Azərbaycan və Gürcüstan NATO-ya Əfqanıstandan çıxarılacaq hərbi qüvvələrin və yüklərin Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə daşınmasını təklif edib. Araşdırmalar da göstərir ki, Əfqanıstandan hərbi birləşmələrin və yüklərin çıxarılmasına başlandıqda bu yol ən qısa və əlverişli yol olacaq. Xatırladaq ki, daha əvvəl Azərbaycanın NATO-dakı daimi nümayəndəsi Xəzər İbrahim Əfqanıstandan qoşunların çıxarılmasında NATO ilə əməkdaşlığa hazır olduqlarını bildirib. Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi təmsilçiləri Bakı-Tiflis-Qars dəmir yolunun bu məqsədlə istifadəsinə dair texniki və prosedur detalların təqdimatını keçiriblər. Elə o zaman məsələnin maraq doğuran digər tərəfi Əfqanıstandan çıxarılan NATO, o cümlədən ABŞ texnikasının bir hissəsinin satışa çıxarıla biləcəyi ilə bağlı məlumatları olub. Bu texnikanın bir hissəsinin Azərbaycan tərəfindən alınmasına dair təşəbbüslər olacağının da heç bir şübhə doğurmayacağı bildirilib. Söhbət əsas etibarı ilə zirehli döyüş maşınlarından gedirdi. Bu barədə danışmazdan əvvəl qeyd edək ki, Rusiyada fəaliyyət göstərən nüfuzlu Dünya Silah Ticarəti Analizi Mərkəzinin (SAMTO) analizinə görə, dünya bazarında 2014-2017-ci illər ərzində nəticələri açıqlanmış tenderlər üzrə 1 milyard 896 milyon dollar dəyərində ən azı 3400 ədəd yeni zirehli avtomobilin ixracatı gözlənir. SAMTO-nun məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Əfqanıstandan çıxardığı zirehli texnikanın əhəmiyyətli hissəsini satışa çıxarması 2-3 il müddətində dünyada yeni zirehli avtomobillərə tələbatın azalmasına təsir edəcək.
Sifarişlərin əsas hissəsini 4x4 təkər formuluna malik zirehli avtomobillər qrupu təşkil edir. SAMTO qiymətləndirmələrinə görə, keçmiş 4 illik dövrdə (2010-2013-cü il) dünyada 3 milyard 283 milyon dollar dəyərində ən azı 8253 yeni zirehli avtomobil ixracatı üçün sifarişlər olub. SAMTO-nun ixracat reytinqində birinci yerdə ABŞ istehsalı olan HMMWV, ikinci yerdə İtaliya istehsalı olan "İveco", üçüncü yerdə İsveçrənin MOWAG şirkətinin "Duro" və "Eagle", dördüncü yerdə Rusiyanın "Tiqr", beşinci yerdə Türkiyənin "Otokar" şirkətinin istehsalı olan "Cobra" zirehli avtomobilləri dayanır.
Xatırladaq ki, Azərbaycan hərbi texniki bazasında NATO məhsullarının olmasına hər zaman xüsusi maraq göstərib. Bu istiqamətdə müvafiq işlər də görülür. Məsələn, Azərbaycanın hərbi müəssisələrində istehsal olunmuş "Gürzə" patrul maşının üzərinə Türkiyənin ASELSAN şirkətinin SARP döyüş modulunun inteqrasiyası sınaqdan keçirilib. Artıq bununla bağlı bəzi nəticələr əldə olunub, yerüstü obyektlər və nəqliyyat vasitələri üçün modifikasiyaları olan SARP döyüş Modulu ASELSAN şirkəti tərəfindən bir neçə il əvvəl yaradılıb. Universallığı ilə fərqlənən bu modulun üzərinə 12,7 mm və 7,62 mm çaplı pulemyotlar, habelə 40 mm çaplı avtomatik qumbaraatanlar yerləşdirmək olur. Nəqliyyat vasitəsinin kabinəsindən kompüterlə idarə olunan bu sistem hədəfləri yüksək dəqiqliklə məhv etməyə imkan verir. Azərbaycan tərəfi "Gürzə" maşınlarının beynəlxalq bazarlara bu döyüş modulu ilə silahlanmış modifikasiyasını da təqdim etmək niyyətindədir. "Toyota HİLOYX 12" modelinin bazasında hazırlanmış "Gürzə"4x4 təkər formuluna və 2500 kq yük daşıma imkanına malikdir. "Gürzə"patrul maşınının xüsusi təyinatlı qüvvələr üçün yanlarda 7,62 mm, üzərində 12.7 mm çaplı pulemyotla silahlandırılmış modifikasiyası ilə yanaşı, tank əleyhinə idarə olunan raket kompleksləri ilə silahlandırılmış "Bəbir"və avtomatik qumbaraatanlarla silahlandırılmış "Əqrəb"adlı iki ayrı modifikasiyası var. Bütün bunlar hərbi texnikanın NATO standartları üzərində yeniləşdirilməsi üçün də əlavə imkanlar yaradır.
Onu da bildirək ki, Azərbaycan dünyanın təhlükəsizlik problemlərinin həllində 2002-ci ilin 20 noyabrından birbaşa iştirak edir. Müdafiə Nazirliyinin məlumatına görə, bu gün Əfqanıstanda Azərbaycanın 90 hərbi qulluqçusu, eləcə də 2 hərbi həkim və mühəndis iştirak edir.
Lakin Azərbaycan NATO ilə əməkdaşlığı bununla məhdudlaşmır.
Rusiyanın nüfuzlu "Nezavismaya Qazeta" nəşri bununla bağlı araşdırma aparır. Nəşr yazır ki, Əfqanıstan əməliyyatlarının başladığı ilk gündən Azərbaycan praktiki olaraq hərbi yüklərin daşınması üçün öz hava məkanını verdi. Bu gün bütün bu yüklər təhlükəsiz formada Kabilə çatdırılıb. NATO rəhbəri bununla bağlı rəsmi Bakıya öz minnətdarlığını dəfələrlə bildirib.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Morninqstar də deyib ki, qoşunların və mülki şəxslərin, eləcə də yüklərin daşınmasında əsas tranzit Azərbaycan olacaq.
Nəşr iddia edir ki, ən maraqlı məqam Əfqanıstandan çıxarılan Amerika qoşunlarının Azərbaycanda qalması ehtimalıdır. Bu, hər-halda müəyyən müddətə qədər olsa da baş verə bilər.
Lakin Morninqstar bunu "belə bir plan yoxdur" deyə təkzib edib və belə bir şeyin baş verməsini mümkünsüz hesab edib.
NATO rəhbərliyi ilə rəsmi Bakının Əfqanıstana dair danışıqlarında təkliflərdən biri Bakı-Tiflis-Qars dəmiryolu marşrutu olub, hansı ki, bu, gələn il istifadəyə veriləcək.
Hesablamalara görə, iki il ərazində hər ay təxminən 2,2 min konteyner göndərmək lazım gələcək. İlkin məlumatlara görə, təxminən 500 konteynerin Mərkəzi Asiya üzərindən göndərilməsi planlaşdırılırdı. Belə ki, bunun 400-cü Özbəkistan, Qazaxıstan və Rusiya vasitəsilə, 100-ü isə Tacikistan, Qırğızıstan, Qazaxıstan və Qafqaz ərazisindən nəql edilməli idi. Lakin Ukrayna hadisələrindən sonra pisləşən Moskva-NATO əlaqələri fonunda bunun baş tutacağı şübhə altındadır və güman ki, Şimali Atlantik Alyansı yeni variantlar üzərində düşünəcək. Belə olan halda isə Qafqaz dəhlizi NATO üçün ən yaxşı tranzit marşrutudur. Burda isə Azərbaycan xüsusi rola malikdir.
Bəs nədən rəsmi Vaşinqton Əfqanıstandan daşıdığı hərbi texnikasını rəsmi Bakıya satmaqdan imtina edir? Ekspert Tərlan Həsənovun fikrincə bu Vaşinqton bu addımı atmaqdan çəkinir: "Bu Rusiyanın qıcığına səbəb ola bilər. Əgər ABŞ silahlarını Azərbaycana satarsa, onda dünya birlikləri, elə BMT Təhlükəsizlik Şurasının beş üzvündən ikisi Çin və Rusiya adəmə car çəkə bilərlər ki, Vaşinqton Bakını silahlandırır. Düzdür, bu silah satışı dövlətlərarası bir prosesdir və Rusiya da Azərbaycana silah satır. Amma ABŞ-ın Yaxın və Orta Şərq siyasəti buna qarşıdır. Daha doğrusu bu məsələdə Ermənistan-Azərbaycan münaqişəsi var. Həm də ABŞ münaqişə ölkələrinə silaş satışına embarqo qoyub".
Politolq Elşən Həsənov isə bildirib ki, bir öncə də bu məsələ ilə bağlı söz-söhbət gəzirdi: "Amma indi bölgədə və regionda münaqişə ocaqlarının sayı artıb. Hələ Yaxın və Orta Şərqdə, Qafqazda vəziyyət sakitləşməyib, əksinə daha da gərginləşib. Həm də ABŞ HATO üzvüdür, mənə elə gəlir ki, o Rusiya deyil ki, təkbaşına qərar versin. Onun təsiri ancaq Orta Şərqədir. Qafqaza əli girmədiyindən Azərbaycana silah sata bilməz".