“Türkiyə bölgədə öz maraqları olan regional oyunçuya çevrilib” Siyasət

“Türkiyə bölgədə öz maraqları olan regional oyunçuya çevrilib”

Elxan Şahinoğlu: “Amerikada bunu anlamaq istəmirlər”

Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ATV-yə verdiyi müsahibədə bir çox məsələlərə, eyni zamanda Türkiyə-ABŞ münasibətlərinin gələcəyinə dair fikirlərini açıqlayıb. Ərdoğanın fikirlərini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan televiziya və radio kanallarından birinə verdiyi son geniş müsahibədə Amerika Birləşmiş Ştatlarında “erməni soyqırımı” qətnaməsinin qəbulu məsələsinə toxundu: “Birincisi, Ərdoğan Vaşinqton mesaj göndərib ki, bu gedişlə Amerikanın İncirlikdəki hərbi bazasını qapada bilər. İkincisi, “erməni soyqırımı” qətnaməsinin qəbuluna qarşılıq olaraq Türkiyə parlamenti də Amerikada hindulara qarşı həyata keçirilən soyqırımı tanıya bilər. Amerika Türkiyəni sürətlə itirir. Amerikadakı siyasi mərkəzlər hesab edirlər ki, Türkiyə “soyuq müharibə” illərində olduğu kimi Vaşinqtondan gələn bütün təlimatları qeyd-şərtsiz yerinə yetirməli, öz maraqlarını yox birinci növbədə Amerikanın maraqlarını nəzərə almalıdır. Soyuq müharibə 28 ildir bitib, SSRİ yoxdur. Beləcə Türkiyənın Amerikanın himayədarlığına ehtiyacı qalmayıb. Türkiyə bölgədə öz maraqları olan regional oyunçuya çevrilib. Amerikada bunu anlamaq istəmirlər. Vaşinqtonda düşünürlər ki, sanksiyalarla, erməni qətnamələri ilə Türkiyəni sözəbaxan edəcəklər, tam əksi baş verir. Əlbəttə, İncirlikdəki hərbi bazanı qapatmaq asan məsələ deyil. Ancaq bu gedişat Ankaraya alternativ yol qoymayıb. İncirlik hərbi bazasının qapanmasıyla Türkiyə-Amerika strateji tərəfdaşlığı üzərindən xətt çəkilmiş olacaq”.
Ekspert həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycana səfərini də şərh edib. Elxan Şahinoğlu bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Bakıya iki günlük səfərə gəlir: “Bu haqda aylar öncə məlumat almışdım. Sadəcə, bir detalı müəyyənləşdirməyə çalışırdım. Zelenski yalnız Azərbaycandamı olacaq, yoxsa Bakıdan sonra Cənubi Qafqazın digər iki respublikasına da gedəcək? Çünki, bəzi ölkələrin liderləri Cənubi Qafqaza səfər etdikdə bəzən bir ölkəyə səfərlə kifayətlənmirlər, Ya Tiflisdən Bakıya gəlirlər vəya Bakıdan İrəvana gedirlər. Zelenski Cənubi Qafqaz ölkələri içərisində birinci Azərbaycanı seçdi. Bunun bir neçə səbəbi var.
Birincisi, Ukraynanın iqtisadi-ticarət mübadiləsində Azərbaycan həm Gürcüstanı, həm də Ermənistanı üstələyir. Azərbaycanın iki qonşusundan fərqli olaraq Ukraynada yatırımları var, Kiyevdə Dövlət Neft Şirkətinin fəaliyyətindən, yanacaqdoldurma məntəqələrindən və servisindən ağız dolusu danışırlar. Buna baxmayaraq, rəsmi Kiyev Azərbaycanın Ukraynaya daha çox yatırım qoymasını istəyir. İki il əvvəl Ukraynanın iqtisadiyyat nazirinin müavini ilə görüşmüşdüm. O Azərbaycanın Ukraynanın neft terminallarının və dəniz limanlarının özəlləşdirilməsində iştirakını arzuladıqlarını bildirmişdi. Ukrayna Azərbaycan üçün münbit bazardır. Ona görə də dost dövlətə yatırımları artıra bilərik. Ukraynanın Qara dənizdəki limanlarından gəlir etmək mümkündür. Zelenski azərbaycanlı həmkarı ilə iki ölkə arasında ticarət mübadiləsinin artırılması və investisiyalar mövzusunu müzakirə edəcək.
İkincisi, Ukraynanı Azərbaycanla eyni dərd birləşidir. Donbass probleminin Dağlıq Qarabağ problemindən köklü fərqi yoxdur. Donbasdakı separatizmin tarixi Dağlıq Qarabağın separatizm tarixindən uzun olmasa da, Ukrayna, Rusiya, Fransa və Almaniya liderlərinin son Paris görüşü göstərdi ki, Donbasda sülh əldə etmək çətin olacaq. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Ukrayna da birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Kiyev mütəmadi olaraq erməni separatçılarının Dağlıq Qarabağda keçirdikləri “seçkiləri” pisləyən bəyanatlar yayır, rəsmi Bakı da Krımda və ya Donbasda keçirilən “seçkiləri” tanımadığını açıqlayır. Ukrayna XİN son açıqlamalarında Ermənistanın mövqeyini tənqid edən bəyanatlar da yayır. Çünki BMT-də keçirilən səsvermələrdə Ermənistan Krımı Ukrayna ərazisi kimi göstərən qətnamələrin əleyhinə səs verir. Vladimir Zelenski İlham Əliyevlə görüşdə separatizmlə mübarizə məsələsinə də toxunacaq, iki ölkənin ərazi bütövlüyünün təminatı məsələsi bir daha vurğulanacaq.
Üçüncüsü, Zelenski Bakıda ukraynalıların Bakıdakı icması ilə də görüşəcək. Azərbaycanda yaşayan ukraynalıların sayı Ukraynada yaşayan azərbaycanlıların sayından xeyli azdır. Buna baxmayaraq, Bakıda və Sumqayıtda yaşayan azsaylı ukraynalılar Azərbaycan vətəndaşları kimi iki ölkə arasında əlaqələrin inkişafına çalışırlar. Krım ilhaq olunnanda ukraynalıların icmasında çat yaşandı, kiçik qrup Rusiyanın mövqeyini dəstəklədi. Belə olan halda Ukraynanın Azərbaycandakı keçmiş səfiri Mişenko qollarını çırmalayaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qrupun güclənməsində xüsusi rol oynadı, ölkələrinin parçalanmasını dəstəkləyənlər isə icmadan uzaqlaşdırıldı. Hazırda icma aktiv şəkildə fəaliyyət göstərir. Zelenski icma ilə görüşüb onların arzu və istəklərini dinləyəcək”.