“Problemlərin həll yollarını birlikdə tapmağa hazırıq” Siyasət

“Problemlərin həll yollarını birlikdə tapmağa hazırıq”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov əmindir ki, ABŞ-ın sanksiyalarına baxmayaraq "Şimal axını - 2" kəmərinin tikintisi başa çatdırılacaq.
Bunu Sergey Lavrov "RİA Novosti"-yə müsahibəsində bildirib.
"Əminik ki, həyata keçirilən təzyiqlərə baxmayaraq, "Şimal axını-2" qaz kəmərinin tikintisi başa çatdırılacaq. Avropada əlavə idxal marşrutunun yaradılmasının səmərəliliyini anlayırlar. Lakin çox təəssüflər olsun ki, öz enerji təhlükəsizliyi və öz vətəndaşlarının rifahının əleyhinə olsa belə, okeanın o tayında olan kuratorla işləmək istəyən ölkələr var", - deyə Lavrov vurğulayıb.
Rusiyalı nazir, eyni zamanda ABŞ tərəfindən tətbiq olunan sanksiyaların məqsədini də açıqlayıb: "Təbii ki, məqsəd "Şimal axını-2"-nin də gücləndirdiyi Avropanın enerji təhlükəsizliyinin qeydinə qalmaq deyil, Amerikanın sıxılmış qazını Avropa bazarına çıxarmaqdır. Bu addım qeyri-bərabər rəqabətə və enerji sahəsinin siyasiləşdirilməsinə dair nümunədir".
Lavrov Rusiyanın “Böyük səkkizlik” (G8) formatına qayıtması məsələsinə də toxunub. O, Moskvanın bu formatı bərpa etmək üçün nə stimulu, nə də istəyinin olmadığını bildirib.
“Gəlin, düzgün terminlərdən istifadə edək. Rusiya “Böyük səkkizlik”-dən çıxmayıb. Xatırladıram ki, 2014-cü ilin əvvəlində Ukraynada dövlət çevrilişindən sonra qrupun digər 7 üzvü Rusiyanın sədrliyi ilə keçirilən tədbirlərdə iştirak etməkdən imtina etdilər. Digər sözlə, məhz “yeddilik” bu formatı tərk etdi. Prezident Putin də qeyd etdiyi kimi “əgər tərəfdaşlarımız gəlmək istəyərlərsə, biz şad olarıq”. Əlavə edə bilərəm ki, biz onları Moskva, Sankt-Peterburqda, Soçidə və ya məsələn Yaltada qəbul edə bilərik.
Ümumilikdə isə Rusiyanın “Böyük səkkizlik” formatın bərpa etməsi mənim ABŞ-a səfərim zamanı müzakirə olunmayıb və hazırda Rusiya – Amerika münasibətlərinin gündəliyində də bu məsələ yoxdur. Hələ soyuq müharibə dövründə yaradılan “Böyük yeddilik” hazırda müasir dövrün tələblərinə cavab vermir. İlk növbədə ona görə ki, onun işində yeni dünya mərkəzləri iştirak etmir. Onların töhfəsi olmadan isə çoxsaylı çağırışlar və müasir təhdidlərlə effektiv şəkildə mübarizə etmək isə sadəcə mümkünsüzdür.
Təsadüfü deyil ki, bu gün nəyinki qlobal iqtisadiyyatın, hətta siyasətin əsas məsələlərinə dair müzakirələr məhz “Böyük İyirmilik” çərçivəsində həyata keçirilir. “İyirmilik”dən əlavə, Rusiya qərarların sırınmadığı, balanslı konsensus şəkildə qəbul olunduğu BRİKC, ŞƏT kimi yeni növ birliklərdə effektiv şəkildə iştirak edir. Bu çoxtərəfli strukturlar artıq formalaşan daha ədalətli və demokratik çoxqütblü dünya düzəninin vacib sütunlarına çevrilib.
Gələn il üçün proqnoz heç də asan deyil. Çox şey Qərb tərəfdaşlarımız, xüsusi ilə Vaşinqtonun şantaj, təzyiq, birtərəfli sanksiyalardan imtina etməsindən, həmçinin beynəlxalq hüquqa riayət etməsindən, ümumilikdə isə dövrümüzün çoxsaylı düyünlərini səmərəli şəkildə açmaq adı ilə qarşılıqlı hörmətli dialoq yoluna başlamasından asılı olacaq. Rusiya isə öz növbəsində dünyada birləşdirici prinsiplərin möhkəmlənməsinə, qlobal və regional təhlükəsizliyin bütün ölçülərdə qorunmasına, istər Suriyada, istərsə də qonşu Ukraynada olan çoxsaylı böhran və münaqişələrin davamlı siyasi və diplomatik şəkildə aradan qaldırılmasına öz töhfələrini verməkdə davam edəcəkdir. Bu məqsədlə BMT və G20 kimi qlobal idarəetmə strukturlarına üzvlüyümüzün potensialından, həmçinin BRİCS və ŞƏT-dəki sədrlik imkanlarımızdan istifadə edəcəyik.
Rusiya – Amerika dialoqunun perspektivinə isə xüsusilə ABŞ-da heç də asan olmayan ölkədaxili vəziyyəti və qarşıdan gələn seçkiləri nəzərə almaqla realistik yanaşırıq. Birləşmiş Ştatların sonuncu qeyri-dostyana addımları buna əyani sübutdur. Öz tərəfimizdən isə təhlükəsizliyimizi, Rusiya vətəndaşlarının və iş adamlarının maraqlarını təmin etmək və təcavüzkar hücumlara adekvat cavab vermək üçün bütün lazımi tədbirləri davam etdirəcəyik. Üstəlik, özümüz də qarşıdurmaya səy göstərmirik. Ölkələrimiz və bütün dünya üçün vacib problemlərin həll yollarını birlikdə tapmağa hazırıq”, – deyə XİN rəhbəri qeyd edib.