Arif Hacılının bəhanəsi Siyasət

Arif Hacılının bəhanəsi

"Başqanlığa namizəd olduğum üçün istefa verməyim qurultayın keçirilməsində problem yarada bilər"

"Mən Müsavat başqanlığına namizədliyimi irəli sürərkən Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsindən istefa versəm, çox güman ki, qurultayın keçirilməsində müəyyən təşkilati-texniki problemlər yaranacaq. Çünki qurultayın keçirilməsinə aid məsələlərin bir çoxunu Mərkəzi İcra Aparatı və bu quruma daxil olan strukturlar təşkil edir".
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.
Xatırladaq ki, Müsavat başqanının müşaviri Səxavət Əlisoy və Divan üzvü Qubad İbadoğlu partiya başqanlığına namizəd olmaq üçün vəzifələrindən istefa veriblər. Onlar belə bir addımı "namizədlərin bərabər statusa malik olması" üçün atdıqlarını bəyan ediblər.
A. Hacılı isə hələlik başqanlığa namizədliyini irəli sürmədiyini və buna görə də vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, başqanlığa namizəd olan şəxsin hansısa vəzifədə olması partiya üzvlərinin azad iradəsinin ifadə olunmasına mane ola bilməz: "Müsavat Partiyasında hər hansı ciddi resurslar mövcud deyil. Partiyanın nə avtomobilləri, nə də maliyyə resursları var. Yalnız partiyanın qərargahından və orada olan avadanlıqlardan istifadə etmək mümkündür. Biz bu günlərdə Təşkilat Komitəsində qəbul etdiyimiz qərara əsasən, istər Məclis üzvlüyünə, istər başqanlığa namizəd olan hər kəs bu avadanlıqlardan sərbəst istifadə edə bilər. Bu baxımdan hansısa vəzifələrin yaratdığı əlavə üstünlüklər yoxdur. İkincisi, artıq qurultayın keçirilməsinə bir ay vaxt qalır və hamı bilir ki, Müsavat başqanı da daxil olmaqla, hər kəsin səlahiyyətlərinə xitam veriləcək".
A.Hacılı Müsavat başqanlığına namizədliyini irəli sürməyə tələsmədiyini də bildirib: "Bütün təşkilati-texniki işlər başa çatdıqdan sonra bu məsələlər barədə düşünəcəyəm. Mən namizədliyimi irəli sürməkdə tərəddüd etmirəm. Həmişə bildirmişəm ki, partiyanın mənafeyi tələb edərsə, namizədliyimi irəli sürəcəyəm. Namizədliyimi irəli sürəcəyim təqdirdə, Müsavat başqanı seçiləcəyimə heç bir şübhəm yoxdur".