“Türk dövlətləri ən çətin məqamda bir yerə gəlmək iqtidarındadır” Siyasət

“Türk dövlətləri ən çətin məqamda bir yerə gəlmək iqtidarındadır”

“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə koronavirus pandemiyası ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi türksoylu dövlətlərinin siyasi birlik nümayişinin bariz nümunəsidir. Bu onu göstərir ki, artıq Türk dövlətləri ən çətin məqamda bir yerə gəlmək və ortaq qərarlar qəbul etmək iqtidarındadır”.
Bunu “Xalq cəbhəsi”nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, rəsmi Bakının çağırışı ilə belə bir fövqəladə videokonfrans baş tutursa, demək təşkilat daxilində koordinasiya, birlik və əməkdaşlıq yüksək səviyyədədir:
“Dünyanı cənginə alan bu epidemiyaya qarşı yeganə birlik daxilində ölkələrdir ki, toplanıb və ortaq mövqe ortaya qoyulub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasında və inkişaf etdirlməsində Azərbaycan və Türkiyənin rolu xüsusi əhəmiyyət kəsb edir.
Koronovirus pandemiyasından sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının daha da effektli və siyasi-iqtisadi birlik modeli çərçivəsində inteqrasiyası labüd olmalıdır.
Üzv dövlətlərin bir-birlərinin üzləşdiyi problemələrə qarşı birlik nümayiş etdirib dəstək verməsi istiqamətində bir mexanizm formalaşdırılmalıdır. Bu xüsusda Azərbaycan təkliflər və mexanizmlər hazırlamalıdır. Post-pandemiya dövründə yeni dünya siyasi nizamı formalaşacaq bu birliyin effektli şəkildə çalışması üçün indidən işlər görülməlidir. Türk dövlətlərini bir-birinə birləşdirən yol Azərbaycandan keçir və demək Azərbaycan bu istiqamətdə daha çox çalışmalıdır ki, birlik çərçivəsində inteqrasiya güclənsin. Dövlət başçısı İlham Əliyev və Qazaxıstan lideri Nursultan Nazarbayev birliyin güclənməsində şəxsi təşəbbüslərini əsirgəməyiblər.
Qeyd edim ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı Türkiyə, Qazaxıstan daha çox bu işdə bizə dəstək verir. Artıq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ortaq bir siyasi mövqeyi lazımdır. Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma seçkilərlə bağlı Orta Asiya Türk dövlətlərinin mövqeyi olmadı. Halbuki bu təşkilat çərçivəsində ciddi iş aparılmalı idi. Türk dövlətləri ciddi şəkildə Ermənistana xəbərdarlıq bəyanatı verməli idilər. Görünür Azərbaycan XİN hələlik bu istiqamətdə çox zəif çalışır”.
Politoloq əlavə edib ki, Azərbaycan və Türkiyə türk dövlətlərini bu istiqamətdə yönləndirməli, hətta Ermənistana iqtisadi sanksiyaların tətbiq olunmasına çalışmalıdır:
“Əgər Türk dövlətləri birlik yolunda bu qədər yol gəliblərsə, Qarabağla bağlı Azərbaycanın tam yanında ola bilərlər. Bu xüsusda ciddi işlər görmək lazımdır”.
Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü isə bildirib ki, təqdirəlayiq haldır ki, Zirvə görüşü dünyanı sarsıdan pandemiya ilə mübarizə həsr olunub. Dostluq və qardaşlıq təməlləri üzərində qurulan Türk Şurasının sonuncu - VII Zirvə görüşü Bakıda təşkil olunub və sədrlik Azərbaycana keçib. Azərbaycan isə öz növbəsində ötən müddət ərzində təşkilatın dünyada nüfuzunun artırılması, üzv ölkələrin münasibətlərinin sıxlaşdırılması istiqamətində çox mühüm işlər görüb: “Mən bir məqama toxunmaq istəyirəm ki, bunu Prezident İlham Əliyev də toplantıda vurğuladı. Həqiqətən də Türk Şurası dünyada ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində bu ağır bəlaya - COVİD-19-a qarşı Zirvə görüşü keçirdi. Bu təşkilat daxilində üzv ölkələr arasındakı həmrəyliyin bariz göstəricisidir. Çünki Türk Şurası Avropa Birliyi kimi hansısa amorf ideyadan yox ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər üzərində bərqərar olub. Yəni bu birlik təbii bir şəkildə yaranıb və sağlam təməllər üzərindədir. Ona görə də koronavirusla mübarizədə Türk Şurası üzv dövlətləri bir-birinə humanitar yardım göstərdi. Buraya tibbi avadanlığın və maskaların, qoruyucu eynəklərin və əlcəklərin, test dəstlərinin verilməsi, vətəndaşların evakuasiyası və s. daxil edə bilərik”.
QHT sədri onu da vurğulayıb ki, toplantının ən mühüm məqamlarından biri hazırkı ağır şəraitdə Türk Şurası üzv dövlətlərinin özlərinə qapanmadığını, digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduğunu qeyd etməsi oldu. Bundan başqa yaranmış situasiya göstərdi ki, Türk Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək çox vacibdir: “Sonda qeyd edim ki, pandemiyanın zərbə vurduğu ən mühüm məqamlardan biri iqtisadiyyatla bağlıdır. Ona görə də hesab edirəm ki, Türk Şurasının Bakı Bəyannaməsində əksini tapan birgə investisiya fondu yaratmaq barədə qərarın icrası böhrandan sonrakı dövrdə iqtisadiyyatların bərpasında mühüm rol oynaya bilər”.