"Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır" Siyasət

"Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır"

2020-ci ilin birinci rübünün sosial-iqtisadi inkişaf dinamikası inkişaf və tərəqqi ilə müşahidə olunub.
Bunu “Xalq Cəhəsi”nə Milli Məclisin deputatı Anar Məmmədov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda səsləndirdiyi fikirlərə münasibətində deyib.
Deputat qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda səsləndirilən rəqəmlər bu ilin də Azərbaycan tarixinə uğurlu il kimi yazılacağına əsas yaradır: "2019-cu ilin sonundan etibarən Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artırdı, iqtisadi inkişafın yeni mənbələrinin tapılmasına imkan yaratdı, qeyri-neft sektorunun sürətli inkişafını təmin etdi. Təbii ki, bütün bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin yüksəlməsində, ixracın və Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərdi".
Anar Məmmədovun sözlərinə görə, koronavirus pandemiyasının bütün dünyada yaratdığı qlobal problemlərə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində ölkəmizdə sosial-iqtisadi inkişaf uğurla davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı və əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib: "Belə bir şəraitdə sosial addımların atılmasının iqtisadi əsasları da təmin edilməkdədir. Aparılan islahatlara və təşəbbüslərə, dövlətimizin başçısının çağırış və tövsiyələrinə iqtisadi subyektlər lazımi dəstəyi və reaksiyanı verərək makroiqtisadi göstəricilərdə müsbət dinamika göstəriblər. Belə ki, ötən müddət ərzində ümumi daxili məhsul 3 faizə yaxın artıb, qeyri–neft sektorunda isə təxminən 7 faizə yaxın artım olub, qeyri-neft sənaye sektorunda artım 23 faiz olub. Bu isə onu göstərir ki, ötən dövr dövlət başçısı tərəfindən bu sahəyə göstərilən diqqət və qoyulan sərmayə öz müsbət nəticəsini göstərməkdədir".
Eyni zamanda Azərbaycanda aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradıb. Dövlətimizin başçısı daim sosial problemlərin həllini diqqət mərkəzində saxladığına görə yaranmış imkanların, ilk növbədə, məhz sosial sferaya yönəldilməsini təmin edib. Hazırda ölkəmizdə inflyasiya 3 faiz səviyyəsindədir. Əhalinin gəlirləri isə 7 faizə yaxındır. İlk üç ay ərzində vergi və gömrük orqanlarının tərəfindən daxilolmalar da proqnozdan artıq olub. Orta aylıq əməkhaqqının 28 faiz, orta pensiyanın təqribən 27 faiz artması isə onu göstərir ki, bu istiqamətdə müsbət işlər görülüb:
"Bu gün Azərbaycanda orta aylıq əməkhaqqı 712 manat, orta pensiya 295 manat, yaşa görə pensiya isə 330 manata yaxındır. Koronavirus pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin elan olunması isə sosial sahəyə ayrılan diqqəti günü-günə artırır, işsiz şəxslərlə bağlı problemlər öz həllini tapır və iş axtaranlar öz adlarını kütləvi surətdə qeydiyyata salırlar. Hazırda ünvanlı sosial yardım alan insanların sayı 70 mindən çoxdur. Mövcud vəziyyətlə əlaqədar olaraq, son aylar ərzində ünvanlı sosial yardım alan insanların sayında isə demək olar ki, artım müşahidə olunur. Müraciətlərlə bağlı hər bir məsələyə ayrı-ayrılıqda baxılır və vahid meyarlar tətbiq olunur. Təbii ki, bunlar Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayandığı tezisini bir daha təsdiq edir".
Millət vəkili bildirib ki, dövlət başçısı öz çıxışında koronavirusla mübarizə sahəsində lazımi avadanlıqların, ləvazimatların alınması üçün Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrılması, 150 milyon manatın ayrılmasının da nəzərdə tutulduğunu qeyd edən ölkə başçısı vəziyyətin nəzarət altında saxlanıldığını bildirməklə yanaşı, iqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar hökumətə bir sıra tapşırıqlar da verdi və bununla da 2020-ci ili dərin islahatlar dövrü olacağını vurğuladı.