Yaxşılığa doğru Siyasət

Yaxşılığa doğru

Azərbaycanda həyata keçirilən kompleks islahatlar çərçivəsində vergi sistemində baş verən dəyişikliklərin kölgə iqtisadiyyatının “gün işığına” çıxarılması prosesini çətinliklə də olsa stimullaşdıra biləcəyinə inanırdım. Amma müəyyən tərəddüdlərim də var idi...
Prezident İlham Əliyevin Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışındakı nitqi isə tərəddüdlərimə birdəfəlik son qoydu. Çünki iqtisadi münasibətlərin və təbii ki, inkişafın təməlini təşkil edən statistik rəqəmlər deyil, insan amili, onun dünyagörüşü, daşıdığı dəyərlərdir. Bütün digər sahələrdə olduğu kimi iqtisadiyyatın da əsasında bu sahədəki prosesləri tənzimləyən yanaşma, dünyagörüşü dayanır. Əgər bu yanaşma konkret ölçü vahidlərində, mexanizmlərdə ifadə olunursa, vazkeçilməz hüquqi anlayışa, fəlsəfəyə çevrilirsə, o özü ilə bərabər cəmiyyətin ayrı-ayrı fərdlərinin alt şüurunda formalaşan dəyərlər sistemi yaradır.
Fikrlərimi əsaslandırmaq üçün Azərbaycan Prezidentinin yuxarıda haqqında söz açdığım nitqindən iqtibas gətirəcəyəm:
“Artıq bir həftədir ki, biz müsbət dinamikanı görürük. Nədədir bu dinamika? Yəni, yoluxanların sayı sağalanların sayından azdır. Əsas budur. Artıq bu məhdudlaşdırıcı tədbirlərin nəticəsini biz görürük. Geniş sosial paket təqdim olundu. Birinci mərhələdə hesab edirdik ki, biz 1 milyard manatla işləri tənzimləyə bilərik. Gördük ki, bu, azdır. Bunu qaldırdıq 2,5 milyard manata. İndi isə bütün proqramları, o cümlədən vergi güzəştləri və digər güzəştləri nəzərə alaraq bu, artıq 3,5 milyarddan böyük rəqəmə çıxır və nə qədər lazımdır bunu edəcəyik. Çünki insanların günahı yoxdur. Bəziləri indi qeyri-formal işləyirdi. Halbuki mən dəfələrlə demişəm ki, öz işinizi sənədləşdirin. Amma onlar da işləyirdi, evə pul gətirirdi. İndi onlar da işsiz qalıb. Ona görə bizim qəbul etdiyimiz qərarlar onları - heç bir əmək müqaviləsi olmayan insanları da nəzərə alır. Çünki biz başa düşürük ki, onlar öz işlərindən məhrum olublar”.
Dövlət başçısının bu sözləri mənə illər öncə eşitdiyim və tez-tez nümunə gətirdiyim bir hadisəni xatırlatdı:
SSRİ-nin süqutundan sonra ayaqqabı istehsalında istifadə olunan avadanlıqlar üzrə mütəxəssis olan, bu yazıda şərti olaraq “Məmməd” adlandıracağım bir azərbayacanlı iş və çörək sorağında Türkiyəyə, İstanbula yola düşür. Qısa bir zaman kəsiyindən sonra qardaş ölkədə ayaqqabı istehsalı ilə məşğul olan şirkətlərdən birində işə düzəlir. Bacarığı və zəhmətsevərliyi sayəsində fəhləlikdən şirkətin fabriklərindən birinin icraçı direktorluğina qədər yüksəlir. Günlərin birində şirkət sahibi yeganə övladına görə biznesini İstanbuldan Ankaraya köçürmək qərarına gəlir. Məmmədə onunla birlikdə Ankaraya köçməyi təklif edir. Məmməd İstanbulda qalmaq istədiyini bildirəndə isə şirkət sahibi uzun illər boyu göstərdiyi fədakarlığa görə, şirkətin ayaqqabı fabriklərindən birini bütün avadanlıqları ilə birlikdə ona bağışlayır. Məmməd də öz növbəsində şirkətin Ankaraya köçə bilməyən işçiləri ilə, təxminən 70 nəfərlə yoluna davam edir. Dəqiq xatırlamıram, deyəsən 1 ildən sonra vergi müfəttişləri Məmmədin idarə etdiyi fabriki təftiş etməyə gəlirlər. Bəlli olir ki, bu müddət ərzində Məmməd vergi qeydiyyatına düşməyib və təbii ki, vergi də ödəməyib. Yoxlama başa çatdıqdan sonra həmyerlimiz vergi müfəttişlərindən onu həbs edib-etməyəcəklərini soruşur və eşitdiklərinə inanmır. Məmmədə deyirlər ki, onu nəinki həbs etməyəcəklər, əksinə, böyük məbləğdə kredit almasına və işini genişləndirməsinə dəstək verəcəklər. Və ona 2 il ərzində vergi borclarını ödəmək imkanı tanıyacaqlar. Çünki Məmməd şirkətin Ankaraya köçməsi nəticəsində iş yerlərini itirmək təhlükəsi ilə üzləşən 70 nəfərin işsiz qalmasına imkan verməyib, fabriki və avadanlığı satmaq kimi asan yollara əl atmayıb, iş yerlərini qoruyub saxlayıb.
Bu hadisəni eşitdiyim zaman Azərbaycanda da iş adamlarına münasibətdə belə bir yanaşmanın hakim mövqedə dayanmasını, “asaram-kəsərəm”, “bağlayaram”, “həbsə ataram”, “məhkəmə qapılarında süründürərəm” kimi azğın məmur təfəkkürünün tarixin arxivinə gömülməsini arzulayırdım.
Ümid edirəm ki, tez bir zamanda bu gömülmə prosesinin başa çatdığının şahidi olacağıq. Naftalinlənmiş təfəkkürlər, kif basmış dünyagörüşləri, bütün ömrünü bozun min çalarından yalnız birininin mənimsənilməsinə “xərcləmiş” bomboz məmur obrazları da həyatımızdan kölgə kimi sürünüb gedəcəklər. Daha həyatımızı sürüməyəcəklər.
Dövlət idarəçiliyinin fəlsəfəsi və bu fəlsəfəni gündəlik həyat kredosuna çevirən insanlar dəyişirsə, deməli hər şey dəyişir. Və yaxşılığa doğru!

Elçin Mirzəbəyli