Gürcüstanda soydaşlarımız yenə təhqir olunub Siyasət

Gürcüstanda soydaşlarımız yenə təhqir olunub

Koronavirus pandemiyası dövründə, xüsusən də son günlər Gürcüstanda sosial şəbəkələrdə yerli azərbaycanlı vətəndaşlara qarşı milli zəmində təhqiramiz, alçaldıcı fikir və şərhlər geniş yayılıb.
Bunlardan birini də Əlyazmalar Mərkəzinin rəhbəri Zaza Abaşidze tərəfindən edilib. Zaza Abaşidze "Facebook" sosial şəbəkəsi vasitəsilə paylaşdığı statusunda, soydaşlarımıza qarşı "Marneulidə onları kənddə saxlamalı və onları qırmaq lazımdır" deyə, təhqiramiz ifadələrə işlədib.
Gürcüstanda yaşayan azərbaycanlı ziyalıları buna öz etirazlarını bildiriblər.
Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov deyib ki, son zamanlar ictimaiyyətdə və sosial şəbəkələrdə Gürcüstan vətəndaşları olan azərbaycanlılara qarşı xoşagəlməz və aqressiv bəyanatları eşitməkdəyik. Buna misal olaraq dünən Milli əlyazmalar mərkəzinin direktoru Zaza Abaşidzenin Kvemo Kartlidə yaşanan vətəndaşları təhqir etdiyini göstərmək olar.
Onun sözlərinə görə, təəssüflər olsun ki, bu cür hərəkətlər hökumət tərəfindən təşviq olunur. Bir tərəfdən bu hadisələrə lazımi reaksiya verilmir, digər tərəfdən bu cür insanlar yüksəldilir və vacib vəzifələrə təyin olunurlar.
"Gürcü arzusu" nun etnik azlıqlara qarşı aqressiv kampaniyasından korrupsiyanı, öz səriştəsizliyini, hərəkətsizliyini və ağır iqtisadi problemlərini ört-basdır etmək üçün istifadə etdiyi açıq-aşkar ortadadır: " Demək istərdim ki, biz Gürcüstanın tam hüquqlu vətəndaşlarıyıq və vətənimiz Gürcüstanın vətənpərvərləriyik. Pandemiya ilə mübarizə qaydalarına riayət etməyin, həkimlərin və mütəxəssislərin yanında olmağın və kömək göstərməyin vacib olduğunu bilirik. Gürcüstan üçün bu və digər çətin dövrlərdə biz hər zaman dövlətimizin maraqlarına uyğun olaraq davranırıq və dövlətimizin yanında olmuşuq.
Zaza Abashidzenin bu ifadəsi, sözün həqiqi mənasında, düşmənin, işğalçı ölkənin dəyirmanına su tökən, etnik qarşıdurmanı qızışdırmaq cəhdidir. Əminəm ki, Gürcüstan vətəndaşları Zaza Abaşidzenin davranışını adekvat qiymətləndirəcək və o, dövlət əleyhinə davranışa görə məsuliyyət daşıyacaq".
Parlamentin digər azərbaycanlı deputatı Savalan Mirzəyev isə qeyd edib ki, kim olur olsun bizə qarşı təhqiramiz ifadə işlədən hərkəs qanun qarşısında cəzalandırılmalıdır.
Deputat deyib ki, Zaza Abaşidzenin “Gürcü arzusu “ ilə necə bir əlaqəsi olduğunu bilmir və onu ilk dəfədir görür.
"Kimliyindən aslı olmayaraq bizə qarşı təhqiramiz ifadələr işlədən hərkəs qanun qarşısında cəzalandırılmalıdır. Həmin şəxsi mən ilk dəfədir görürəm. Bununla bağlı mən lazımı yerlərə məlumat vermişəm və ciddi tədbirlər görülməyini tələb etmişəm", - deyə Savalan Mirzəyev xəbər portalmıza müsahibəsi zamanı bildirdi.
O, eyni zamanda, bir tək bu şəxs deyil, bir neçə şəxlər tərəfindən sərt ifadələr işlədildiyinin şahid olduğunu bildirib və bu haqda da lazımi orqanlara məlumat verildiyini vurğulayıb.
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Sixelaşvili də son günlər sosial şəbəkələrdə yerli azərbaycanlılar barədə yazılan təhqiramiz fikir və ifadələrə sərt rekasiya verib.
O, bu cür halların qətiyyən yolverilməz olduğunu bildirib.
Dövlət nazirinin sözlərinə görə, səsləndirilən bu cür fikir və bəyanatlar Gürcüstan cəmiyyətinə qarşı yönəlib: “Əminəm, cəmiyyət də anlayır ki, ictimaiyyətdə münasibətlərin gərginləşdirilməsinə yönələn bu cür cəhdlər heç bir nəticə verməyəcək. Ciddi qlobal pandemiya problemi fonunda gözəgörünməz düşmənlə uğurla mübarizə aparmaq üçün bizə birlik və qarşılıqlı dəstək olduqca lazımdır”.
K.Sixelaşvili qeyd edib ki, Gürcüstanın bütün bölgələrində etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, hər bir həmvətəndaşın həyat və sağlamlığı eyni səviyyədə prioritet məsələdir: “Gürcüstanın bütün vətəndaşları bərabərdir. Etnik müxtəliflik ölkəmizin unikal xəzinəsi olub və bundan sonra da olacaq”.