"Ölkəmizdə gənclər siyasəti daim dövlətin diqqətində olub" Siyasət

"Ölkəmizdə gənclər siyasəti daim dövlətin diqqətində olub"

Bunu "Xalq Cəbhəsi" qəzetinə Müasir İnkişaf Birliyinin sədri, Dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü Azərbaycan Prezidenti İlham Əliyevin AzTV-yə müsahibəsində gənclərlə bağlı fikrinə münasibətində açıqlayıb.
Mübariz Göyüşlü bildirib ki, Azərbaycan əhalisinin böyük qismini gənclər təşkil edir. Ölkəmizdə gənclər siyasəti daim dövlətin diqqət mərkəzində olub. Gənclərlə bağlı fəaliyyəti koordinasiya etmək üçün ayrıca bir nazirliyin, çoxsaylı gənclər təşkilatlarının, gənclərin layihələrini maliyyələşdirən fondun, ayrıca bir gənclər gününün, rayonlarda gənclər evlərinin mövcudluğu və s. məqamlar bunu deməyə əsas verir: "İstedadlı və savadlı gənclərə dövlət qayğı göstərir, onların xaricdə təhsil alması, ideya və layihələrinin maliyyələşdirilməsi, son dövrlərdə isə xüsusilə vəzifə pillələrində irəli çəkilməsi bunun göstəricisidir. Çünki gənclər yeni ideyalara, elmi-texniki yeniliklərə açıq olur, problemlərin həllinə yaradıcı yanaşma göstərə bilir. Məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına mərkəzlər yaratsın və digər ölkələrlə bu təcrübələri bölüşsün.
Hazırda neft erasının baş çatması ilə bağlı çoxsaylı şərhlər verilməkdədir. Həm bu şərhləri, həm də neftin qiymətinin düşməsi faktını nəzərə aldıqda qeyri-neft sektorunun inkişafının zəruri olduğunu bir daha təsdiqləməkdən başqa əlacımız qalmır. Qeyri-neft sektorunun inkişafı üçün insan resurslarına, gənclərə, daha dəqiq desək intellektual, yaradıcı, qabiliyyətli gənclərə böyük ehtiyac olduğunu söyləyə bilərik. O baxımından da son dövrlərdə gənclərə Azərbaycan Prezidenti tərəfindən böyük diqqət göstərilməsini, onların müxtəlif vəzifələrə təyin olunmasını yüksək qiymətləndirirəm. Bu siyasətin gələcəkdə də davam edəcəyinə inanıram".
QHT sədri sonda bildirib ki, gənclər də öz növbəsində onlara olan etimadı doğrultmalıdır. Onlar hazırkı bir sıra korrupsioner məmurlardan deyil Azərbaycan tarixindəki namuslu, millətini sevən ziyalılardan örnək götürərək xalqına xidmət etməli, ölkənin inkişafında mühüm rol oynamalıdır.

Cavid