“Putinin ətrafındakı adamların Azərbaycana münasibətini dəyişməliyik” Siyasət

“Putinin ətrafındakı adamların Azərbaycana münasibətini dəyişməliyik”

Millət vəkili Jirinovskinin Azərbaycana səfərini şərh etdi...
"Biz müharibəsiz belə, Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını bərpa edə bilərik"

Vladimir Jirinovskinin Azərbaycana gözlənilməz səfəri cəmiyyətdə ciddi rezonansa səbəb olub. Bir tərəf onun Bakıda ən yüksək səviyyədə qəbul olunmasını başa düşmədiyini desə də, əksini düşünənlər də az deyil.
Elə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev də Moderator.az-a açıqlamasında hesab edir ki, dövlətçilik maraqları tələb edirsə bu cür təmasları anlayışla qarşılamaq lazımdır:
"Əlbəttə, Jirinovskinin Azərbaycana səfəri bir psixoloji faktor olaraq şəxsən mənim də ürəyimcə deyil. Amma iş burasındadır ki, ingilislərin sözü olmasın, dövlətlərarası münasibətlərdə əbədi dostlar yoxdur, əbədi dövlət maraqları var. Azərbaycanda və bütün dünyada da hamı bilir ki, Jirinovski hər zaman faktiki olaraq "çar"ın təlxəyi rolunda çıxış edir və bir çox hallarda həmin çarın fikirlərinin ifadəçisidir.
Mən xatırlayıram ki, NATO Parlament Assambleyasının Fransada keçirilən iclasında o zaman həmin tədbirdə iştirak və çıxış edən Azərbaycan prezidenti İlham Əliyev Jirinovskiyə necə münasibət sərgilədi. Xatırlayıram ki, prezidentin çıxışından sonra Rusiya NATO PA-dakı nümayəndə heyətinin rəhbəri olan Jirinovski İlham Əliyevin arxasınca sürətlə qaça-qaça "İlham Heydəroviç" deyərək az qala qışqırırdı. Amma o vaxt prezident İlham Əliyev demək olar ki, ona əhəmiyyət də vermədi və sadəcə söylədi ki, köməkçimlə əlaqə saxlayarsınız. Bu o vaxtlar idi ki, Jirinovski Azərbaycanın düşməni kimi əleyhimizə kəskin bəyanatlar verirdi, açıqlamalarında Azərbaycanı təhqir etməkdən də çəkinmirdi.
Əlbəttə, yenə təkrar edirəm ki, onun Bakıya səfərini alqışlamıram, ancaq mən dövlət başçısı deyiləm. Dövlətin maraqlarını hal-hazırda qoruyan, dövlətin mənafelərini hamıdan çox düşünən Azərbaycanın prezidentidir. Ona görə də prezident dövlət maraqları prizmasından çıxış edərək onun Bakıya səfərinə razılıq verib. Bu baxımdan yanaşsaq, dövlətin maraqlarından çıxış edərək Jirinovskini qəbul etməsini anlamaq olar. Əminəm ki, o Azərbaycana dəvət olunanda da Azərbaycanda hamı Jirinovskinin kim olduğunu bilirdi. Bu baxımdan sadəcə Jirinovskini deyil, Putinin bir sözçüsünün Azərbaycanda qəbul edilməsindən söhbət gedə bilər. Mən bu cür düşünürəm və hesab edirəm ki, hamı onun da fərqindədir ki, bizim Rusiyanın iştirakı olmadan Dağlıq Qarabağ məsələsinin ədalətli həllinə nail olmağımız müşkül məsələdir. Ona görə də dövlətçilik maraqları tələb etsə çalışmalıyıq ki, Putinin ətrafında olan adamların da Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə münasibətlərini dəyişək. Son zamanlar diqqət yetirdinizsə, Züqanovun da Azərbaycanla bağlı verdiyi bəyanatlar, Azərbaycanı nümunə ölkə kimi təqdim etməsi, ölkəmiz haqqında xoş sözlər söyləməsi də təsadüfi deyil. Düşünürəm ki, Azərbaycan Dağlıq Qarabağ problemini həll etmək üçün Putinin ətrafında olan bütün siyasi qüvvələrlə əlaqəsini genişləndirməlidir, təmasları intensivləşdirməlidir ki, biz Rusiyanın Dağlıq Qarabağ məsələsinə münasibətini dəyişə bilək. Əgər buna nail ola bilsək, əminəm ki, müharibəsiz belə, biz Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını bərpa edə bilərik."