Ermənistan yeni məruzəçi ilə işləməyi rədd edərsə... Siyasət

Ermənistan yeni məruzəçi ilə işləməyi rədd edərsə...

Səməd Seyidov: "Bu, açıq şəkildə Avropa Şurasına meydan oxumaq mənasına gələcək və təbii ki, cavabsız qalmayacaq"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının son iş günündə qurumun Bürosunun toplantısı keçirilib.
İclasda Dağlıq Qarabağ üzrə təyin edilmiş məruzəçinin gələcək fəaliyyəti barədə müzakirə aparılıb. APA-nın Avropa bürosunun xəbərinə görə, iclasda iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, büro üzvlərinin bir çoxu Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin sessiyadakı davranışından narazılığını ifadə edib: "Bildirildi ki, Ermənistan nümayəndə heyəti özünü Avropa Şurasının qanun-qaydalarına tamamilə zidd tərzdə aparıb və AŞPA-nın yekdilliklə seçilmiş, artıq işə başlamaq niyyətində olan məruzəçisi ilə əməkdaşlıq etməmək məsələsini gündəmə gətirib. AŞPA bürosu qərara aldı ki, Ermənistan nümayəndə heyəti ilə əlaqə saxlanılsın və belə bir məsələlərin assambleyanın qaydalarına uyğun olmaması onların nəzərinə çatdırılsın. Ermənistan tərəfi öz mövqeyində israrlı olacaqsa, AŞPA həmin nümayəndə heyətinə qarşı lazım olan addımları atmaq hüququnu özündə saxlayır". Məruzəçi Robert Valterin məruzə hazırlaması və gələcəkdə regiona səfər edib-etməyəcəyi barədə sualı cavablandıran S. Seyidov, bu məsələyə AŞPA Siyasi məsələlər üzrə komitəsinin növbəti iclasında baxıla biləcəyini söyləyib: "Bu məsələ artıq büronun işi deyil, bu məsələ Siyasi məsələlər üzrə komitənin gündəliyində olacaq və növbəti iclası keçiriləndə artıq Robert Valterin səfəri, iş prinsipləri, əlaqələri müzakirə ediləcək. Ermənistanın məruzəçi ilə işləyib-işləməməsi ilə bağlı məsələ bir də gündəmə gələcək və onlar özlərinin "yox" cavabını təkrarlayarsa, bu, açıq şəkildə Avropa Şurasına meydan oxumaq mənasına gələcək. Bu halda qurum təbii ki, hansısa addımlar atmaq məcburiyyətində qalacaq. Hansı addımlar olacaq, bunları biz müzakirə edəcəyik. Hər bir halda bu məsələyə yanvar sessiyasında bir daha qayıdılacaq".