Müsavatdakı qarşıdurma dərinləşir Siyasət

Müsavatdakı qarşıdurma dərinləşir

Azər Rəşidoğlu: "Yəqin ki, qarşıdurma dərinləşəcək"
Taliyət Əliyev: "İndiki vəziyyət Müsavatı arzuolunmaz nəticələrə apara bilər".
Elşən Qaraçuqlu: "Müsavatda qurultaydan sonra maraqlı hadisələr cərəyan etməyə başlayıb"
Tahir Kərimli: "Müsavatın parçalanması təkcə seçki ilə bağlı deyil"

Müsavat Partiyasında gərginlik getdikcə artır, partiyanın cəbhələrə bölünməsi və dərinləşən intriqa ictimaiyyətin gözü önündə baş verir. Keçmiş divan üzvü, başqanlığa namizəd olmuş Qubad İbadoğlunun 6 oktyabrda keçirdiyi məlum görüşdən sonra vəziyyət bir az da qəlizləşib. Partiya üzvlərinin bir hissəsi başqan Arif Hacılının istefa verməsi ilə çıxış etdikləri halda, başqanın tərəfdarları sosial şəbəkələrdə həmin şəxsləri partiyanı parçalamaqda günahlandırırlar.
Qubad İbadoğlunun "Azadlıq" radiosunda başqan müavini Gülağa Aslanlı ilə üzbəüz gəlməsi isə vəziyyəti bir az da gərginləşdirib. Həmin verilişdə Qubad İbadoğlunun seçkilərin saxtalaşdırılması ilə bağlı ittihamlarına cavab verən Gülağa Aslanlı ürəyində qalan sözlərdən artıq iki böyük status da yazmağı vacib bilib. Verilişdə tərəflər bir-birilərini iqtidara işləməkdə ittiham ediblər. Efir əsnasında təhqiramiz ifadələr də işlənib. Qubad İbadoğlu əlində ciddi arqumentlərin olduğunu əsas gətirərək bildirib ki, seçkilərdə böyük saxtakarlıqlar olub. Lakin məsələ bununla da bitmir. Məlumatlara görə, hazırkı başqan Arif Hacılı Qubad İbadoğlunu partiyadan uzaqlaşdırmağı düşünür. Məlumatda bildirilib ki, başqan bununla bağlı mətbuata müsahibəsində öncədən qısa anons da verib: "Arif Hacılı necə ki, seçkilərə bir gün qalmış İsa Qəmbərin kimə səs verəcəyini bildiyini mətbuata açıqladı. Bununla dolayısı ilə başqanın onu dəstəklədiyinin anonsunu verdi, indi də oxşar addım atıb. Arif Hacılı bildirib ki, o, səlahiyyətlərindən istifadə edərək, Müsavat Partiyasının müxtəlif kateqoriyalara bölünməsi istiqamətində atılan addımların qarşısını alacaq. Bu isə o deməkdir ki, yaxın günlərdə partiyadan üzvlər çıxarılacaq. Çox güman ki, bu üzvlər Qubad İbadoğlunun tərəfdarlarından olacaq".
Mənbə iddia edir ki, Arif Hacılı zəif kadr olduğu və İsa Qəmbərin tapşırıqlarını müzakirəsiz icra etdiyi üçün, keçmiş başqana da namizədlər arasında ən sərf edən şəxs olub.
Qeyd edək ki, namizədliyini Qubad İbadoğlunu lehinə geri götürən Səxavət Əlisoy da susan tərəfdə yer almayıb. O da çıxış edərək, Arif Hacılını istefa verməyə səsləyir.
Bəzi iddialara görə isə Qubad İbadoğlu və tərəfdarları qurultay keçirib bir müddət Müsavat Partiyası adına iddia edəcəklər. Sonra isə adlarını dəyişib, başqa adla fəalliyyətə başlayacaqlar.
Siyasi şərhçi Azər Rəşidoğlu hesab edir ki, yeni başqan Müsavat Partiyasına yenilik gətirə bilməyəcək: "Bütün baş verənlərin kökündə duran odur ki, İsa Qəmbərdən sonra kimliyindən asılı olmayaraq, partiyanın başında duracaq şəxs heç də əksəriyyətin lideri ola bilməyəcək. Bu, öncədən bəlli idi. Təəssüf ki, bu illər ərzində İsa Qəmbər və digər müxalifət partiyalarının sədrləri partiyada yeni lider yetişdirə bilmədilər. Yəqin ki, qarşıdurma dərinləşəcək. İsa Qəmbərin dönəmindən olan bir çox köhnə qvardiyanın təmsilçiləri partiyanı tərk edəcəklər. Digər tərəfdən, Arif Hacılı və Qubad İbadoğlu arasında hər hansı bir razılaşmanın əldə olunması bir qədər problemli görünür. Ola bilər hansısa aralıq mərhələ üçün razılığa gələ bilsinlər. Amma prosesə qlobal baxdıqda, onların konsensusa gələcəyi ağlabatan deyil. Əslində Qubad İbadoğlunun, Arif Hacılının və ya bir başqasının başqan seçilməsinin heç elə bir önəmi də yoxdur. Partiya 20 ildən artıqdır ki, müxalifətdədir, bir neçə seçkini uduzub, uğursuzluqlara düçar olub və bu uğursuzluq zolağını keçə bilmir".
Azər Rəşidoğlunun fikrincə, İsa Qəmbərin, Qubad İbadoğlunun və ya Arif Hacılının başqan olması heç nəyi dəyişmir: "Mövcud paradiqmalarla uğurlara imza atmaq mümkün olmayacaq. Siyasi nümunələr dəyişməlidir. Mücərrəd ideyalarla, "Rəsulzadə-Elçibəy yolu", "Biz bu seçkidə də mənəvi qələbə qazandıq", "Növbəti il daha maraqlı olacaq. Yeni dalğa gələcək" kimi şüarlarla prosesi davam etdirmək mümkün olmur. Odur ki, yeni sədr məhz, yeni düşüncə tərzi, yeni nümunələr, yeni paradiqmalar gətirməlidir. Artıq tükənmiş nümunələrlə uğurlara imza atmaq olmur. Hər şeyin kökündə uğursuzluqlar dayanır... Onlar son nəticədə partiyanın zəifləməsinə gətirib çıxaracaq. Bir detalı da vurğulamaq istəyirəm ki, bu qarşıdurmalar İsa Qəmbərin özünə də sərf edir. Çünki əgər Arif Hacılı partiyada nəzarəti tam əlinə götürəcəkdisə, o, partiyanın qeyd-şərsiz lideri olacaqı. Və bu, artıq 2018-ci ildə prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan etmiş İsa Qəmbərin bir siyasətçi kimi maraqlarına cavab vermirdi. Bu baxımdan, Arif Hacılı bir zəif başqan kimi İsa Qəmbərin də maraqlarına uyğundur. Güman edirəm ki, bu qarşıdurmalar daha da artacaq".
Azər Rəşidoğlu partiyadan gedənlərin çoxalacağını da deyir: "Yalnız bu gün adı Qubad İbadoğlu ilə hallandırılan şəxslərin deyil, partiyanın yaradılmasında birbaşa iştirak etmiş veteranların önəmli simalarının da partiyanı tərk edəcəklərini istisna etmirəm. Onlar İsa Qəmbərdən sonra ikinci bir şəxsin başqanlığını qəbul etməyəcəklər. O cümlədən, bu gün adı Qubad İbadoğlu ilə hallandırılan istər Vurğun Eyyub olsun, istərsə də digərləri partiyanı tərk edəcəklər. Burada hər şey Arif Hacılının başqan kimi seçəcəyi taktikadan asılı olacaq. Lakin güman etmirəm ki, Arif Hacılının taktikası böyük bir uğurlardan xəbər verə bilər. Çünki insanlar artıq 20 ilin məğlubiyyətindən beziblər və onlara real qələbə lazımdır. Artıq "mənəvi qələbə qazandıq" deyimi işləmir. Bu baxımdan gələn parlament seçkilərində Müsavat uğurlu nəticələr əldə edə bilməyəcəksə, partiya olduqca zəif duruma düşəcək. Yəni bu məğlubiyyət sindromundan xilas üçün təmamilə yeni bir baxış, yeni bir taktika lazımdır. Amma görünən odur ki, Arif Hacılı məhz, İsa Qəmbərin müəyyənləşdirdiyi köhnə modelin tərəfdarıdır. O, özü istəsə belə, yeni bir taktika işlədə bilməyəcək. Çünki Arif Hacılıdan narazılar və İsa Qəmbərin liderliyini qeyd-şərtsiz qəbul edənlər bu məsələyə mane olacaqlar. Bu baxımdan bir siyasətçi kimi Arif Hacılının vəziyyəti elə də ürəkaçan görünmür. Bu isə təkcə onun özü ilə yox, ümumiyyətlə, müxalifət düşərgəsinin son 20 ildə qazandığı uğursuzluqlarla bağlıdır".
Politoloq, "Müsavat"ın Məclis üzvü Hikmət Hacızadə deyir ki, o, pozuntularla bağlı təqdim olunan sənədlərin araşdırılacağına inanır: "Oktyabrın 6-da keçirilən toplantıda 2 sənəd təqdim olundu. Bunlardan biri partiyanın gücləndirilməsi üçün olan təkliflər planı idi, digəri isə seçkidə olan pozuntularla bağlı araşdırılması lazım olan məsələlərlə bağlı idi. Bunlar Mərkəzi Nəzarət və Təftiş Komissiyasına (MNTK) və Seçki Komissiyalarına təqdim olunub. İnanıram ki, bu pozuntular araşdırlacaq, günahkarlar cəzalandırılacaq. Çünki orada inzibati resursdan istifadə etmək haqqında iddialar var, seçkidən qabaq seçicilərə təzyiq etmək haqqında faktlar verilir. Ümid edirəm ki, bunlara baxılacaq. Mən seçki günü özüm hər hansısa bir pozuntunu öz gözümlə görməmişəm. Ona görə də danışmağa haqqım yoxdur. Amma başqa adamlar görüblər, telefonuna çəkənlər var. Yerlərdəki şahidlərin sözlərinə görə, seçkidən qabaq hansısa konfranslar keçirilirmiş və mərkəzdən ora İcra Aparatının nümayəndələri gəlib, insanlara təzyiq edirmişlər ki, bu namizədə səs verin və.s. Ona görə də bütün bu iddialar araşdırılmalıdır. Əks halda, narazı olanlar Arif Hacılının başqanlığını tanımayacağını bidirib ".
Vəhdət Partiyasının sədri Tahir Kərimlinin fikrincə, Müsavatın parçalanması təkcə seçki ilə bağlı deyil: "Yalandan qurultayın vaxtını uzadırdılar. Müsavat partiyasından uzaqlaşmağa bəhanə axtarırdılar. Əllərində əsas görmək istəyirdilər. Qurultay da belə bir əsas verdi. Hətta nəticə digər tərəfin xeyrinə olsaydı da, başqa cür aşınmalar baş verəcəkdi. Bütün hallarda kütləvi tərketmələr olacaq. Xüsusən də Müsavatın işində çox ciddi durğunluq var və olacaq. Çoxu özünü kənara çəkəcək. Heç AXCP də Arif Hacılını təbrik etmədi. Bu, bütünlükdə müxalifətin bir olmamasından xəbər verir. Bundan sonra isə müxalifətin ümumi aqibətinin bir hissəsinin daşıyıcısı olan Müsavatdakı passivlik bütün müxalifətə təsir edəcək. Onların susqunluğunu bələdiyyə seçkiləri də xilas edə bilməyəcək. Ola bilsin, gələn ilin bu vaxtlarında müəyyən aktivliyə cəhdlər olsun. Amma həmin dövrə qədər müxalifət və Müsavatda ciddi aşınmalar mütləqdir".
Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev bildirdi ki, partiyanın yeni rəhbərliyi narazı tərəflə səmimi danışıqlara getməli, partiyanın bütövlüyünün qorunması naminə tərəflər arasında konsensus əldə olunmalıdır: "Əks halda, indiki vəziyyət Müsavatı arzuolunmaz nəticələrə apara bilər".
Azərbaycaqn Sosialist Partiyasının sədri Elşən Qaraçuqlu vurğuladı ki, Müsavat partiyasında qurultaydan sonra həqiqətən də maraqlı hadisələr cərəyan etməyə başlayıb: "Lakin indiki halda mən, digər partiyanın siyasi rəhbəri kimi bu partiyada baş verənləri şərh etmək istəməzdim".

Əli