"Azərbaycan Dağlıq Qarabağda antiterror əməliyyatlarına başlamalıdır" Siyasət

"Azərbaycan Dağlıq Qarabağda antiterror əməliyyatlarına başlamalıdır"

Bunu xalqcebhesi.az-a Azərnaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev dünən Tovuz istiqamətində Ermənistan və Azərbaycan ordusu arasında baş verən silahlı qarşıdurmanı şərh edərkən deyib.

F.Əliyevin fikirncə, həm 2016-cı il aprel döyüşləri, həm də dünən Azərbaycan ordusunun işğalçıları yerində otuzdurması gücümüzdən, yenilməzliyimizdən xəbər verdi: "Düzdür, itkilərimiz, yaralılarımız da oldu. Bu müharibənin yazılmamış qanunlarıdır. Şəhidlərimiz vətən uğrunda canlarından keçiblər. Bu, əsgərlərimizin qorxmazlığının nümunəsidir, şəhidlərimizlə fəxr etməliyik. Erməni tərəfi isə itkilərinin sayını gizlətmək məcburiyyətində qalıblar. Qorxurlar, ölkədə qarşıdurmanın baş verəcəyindən, həlak olan əsgər analarının yenidən üsyana qalxacaqlarından ehtiyat edirlər. Amma bu rəqəmləri gizlətmək mümkün olmayacaq".

ALDP sədri deyib ki, ATƏT beynəlxalq hüquqdan doğan 10 təhlükəsizlik prinsipi müəyyənləşdirib ki, bunların da hamısı Ermənistan tərəfindən pozulub.
Həmin prinsiplər bunlardır: Suverenliyə hörmət, silahlı qüvvələrdən istifadə etməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələrin dinc yolla həlli, bir-birinin daxili işlərinə qarışmamaq, insan hüquq və azadlıqlarına hörmət etmək, millətlərin bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət, dövlətlər arasında əməkdaşlıq və beynəlxalq hüquqa dair öhdəliklərin vicdanla yerinə yetirilməsi.

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməklə bu prinsiplərin heç birini nəzərə almadığını göstərib. Azərbaycanın suverenliyinə qəsd edib, (1-ci prinsip), ölkəmizə və xalqımıza qarşı silahlı qüvvələrdən istifadə edib (2-ci prinsip), sərhədlərimizi pozub (3-cü prinsip), ərazi bütövlüyümüzü tanımadığını dəfələrlə beynəlxalq əhəmiyyətli tədbirlərdə nümayiş etdirib və təcavüzkar əməlləri ilə bunu bir daha təsdiqləyib (4-cü prinsip), Azərbaycanın daxili işlərinə qarışıb, bu, Dağlıq Qarabağda məhz Ermənistan hökumətinin təhriki ilə başlayan proseslərdə öz əksini tapır (6-cı prinsip), bir milyona qədər qaçqın və məcburi köçkünün hüquqlarını tapdalayıb (7-ci prinsip), millətlərin bərabərliyi anlayışına hörmət etmədiyini və azərbaycanlıları, eyni zamanda bütün türkləri düşmən kimi qəbul etdiyini əməlləri ilə sübuta yetirib, erməni xalqının bir dəfə öz müqəddəratını təyin edərək dövlət yaratdığını bilə-bilə ikinci dəfə bu xalqın öz müqəddəratını təyin etməsini bəhanə gətirərək xalqımıza qarşı görünməmiş vəhşiliklərə rəvac verib (9-cu prinsip), beynəlxalq hüquqa dair heç bir öhdəliyi yerinə yetirmir (10-cu prinsip).

F.Əliyev sonda qeyd edib ki, Azərbaycan tam hüquqlu üzvü olduğu universal və regional təşkilatlar çərçivəsində Dağlıq Qarabağda kütləvi insan hüquqları pozuntusu törədən Ermənistana qarşı özünümüdafiə hüququndan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən istifadə etməlidir: "Azərbaycan üçün beynəlxalq hüququn imkan verdiyi və hazırki geosiyasi maraqlar prizmasından aktual hesab olunan ən məqbul həll variantlarından biri - antiterror əməliyyatlarının aparılmasıdır. Bir həftə ərzində Azərbaycan işağl etdiyi ərazilərini geri almaq gücündədir".

Cavid