"İsraildə dərin bir siyasi dalan vəziyyəti yaranıb" Dünya

"İsraildə dərin bir siyasi dalan vəziyyəti yaranıb"

İsraildə 27 oktyabr 2026-cı ildə keçirilən parlament seçkilərinin ilkin nəticələrinə və exit-poll rəqəmlərinə əsasən, ölkədə dərin bir siyasi dalan vəziyyəti yaranıb. Heç bir siyasi blok hökumət qurmaq üçün lazım olan 61 mandatlıq mütləq çoxluğu qazana bilməyib.

Bunu xalqcebhesi.az-a politoloq Bakir Həsənbəyli deyib.

"Hazırda səslərin sayılması davam edir. Mövcud mənzərə isə hazırkı Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağ təmayüllü "Likud" partiyası təxminən 27 mandatla seçkilərdə fərdi olaraq ən çox yer qazanan birinci partiya olub. Likud, ultra-ortodoks və ifrat sağçı müttəfiqləri ilə birlikdə ümumilikdə 54-56 mandat ətrafında qərarlaşıb" - o, qeyd edib.

Bu, hökuməti təkbaşına qurmaq üçün yetərli deyil. Keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi mərkəzçi "Yaşar" partiyası təxminən 21-22 mandatla müxalifətin əsas qüvvəsinə çevrilib. Naftali Bennett və Yair Lapidin "Birlikdə" alyansı ilə birlikdə Netanyahuya müxalif olan sionist partiyaların bloku ümumilikdə 48-52 mandat arasında yer alır. İsrail vətandaşı olan ərəbləri təmsil edən partiyalar bu seçkilərdə rekord fəallıq sayəsində ciddi uğur qazanaraq parlamentdə 16-18 mandat əldə ediblər:

"Rəsmi nəticələr noyabrın 4-də elan edildikdən sonra, Prezident İshak Hersoq hökuməti qurmaq mandatını ən çox şansı olan namizədə verəcək. Həm Netanyahu, həm də Ayzenkot digər partiyaları öz tərəflərinə çəkməyə çalışacaqlar. Müxalifət lideri Ayzenkotun hökumət qura bilməsi üçün anti-Netanyahu mövqeyində olan ərəb partiyalarının xaricdən dəstəyinə ehtiyacı var.

Lakin müxalifətdəki bəzi sağçı fiqurlar bu əməkdaşlığa qarşı çıxırlar. Əgər bir neçə həftə çəkəcək danışıqlar uğursuz olarsa və heç bir tərəf 61 mandatlı koalisiya qura bilməsə, İsrail yenidən erkən parlament seçkilərinə gedə bilər. Yeni hökumət qurulana qədər isə Benyamin Netanyahu müvəqqəti baş nazir olaraq vəzifəsində qalacaq".

B.Həsənbəyli deyib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun yenidən həmin vəzifəyə seçilməməsi halında, onun rəhbərlik etdiyi siyasi xəttin və şəxsi fəaliyyətinin necə davam edəcəyi barədə fərqli yanaşmalar mövcuddur. Netanyahunun yeni hökumət qumaq imkanı olmadığı təqdirdə onun siyasətinin davam etmə ehtimalları əsasən məhkəmə prosesləri, Likud partiyası daxilindəki mübarizə və onun qurduğu sağçı koalisiya blokunun gələcəyi ilə formalaşacaq:

"Bu ssenaridə hadisələrin müxtəlif istiqamət inkişaf etməsi ehtimal olunur ki, onlardan Netanyahu hakimiyyətdən getsə belə, onun formalaşdırdığı sağ, millətçi və mühafizəkar siyasi xətt İsrail siyasətində güclü qalmaqda davam edəcək. Partiya daxilindəki digər liderlər onun milli təhlükəsizlik, Fələstin dövlətinin yaradılmasına qarşı çıxmaq və İran əleyhinə sərt mövqe tutmaq kimi əsas prinsiplərini qoruyub saxlamağa çalışacaqlar.

Netanyahunun gedişi onun rəhbərlik etdiyi Likud partiyasında ciddi bir liderlik boşluğu yaradacaq. Partiya daxili müxalifət və ya onun sadiq tərəfdarları partiyanın idarəçiliyini ələ almaq üçün mübarizə aparacaqlar ki, bu da sağ blokun müvəqqəti zəifləməsinə və ya yenidən qruplaşmasına səbəb ola bilər.

Əgər Netanyahu deputat mandatını saxlayarsa, o, parlamentdə yeni hökumətə qarşı olduqca aqressiv və təsirli bir müxalifət formalaşdıra bilər. Keçmiş təcrübələr göstərir ki, o, müxalifətdə olduğu zaman da hökuməti devirmək üçün bütün siyasi rıçaqlardan maksimum istifadə edir.

Digər bir ehtimal isə onun aktiv siyasətdən geri çəkilərək, diqqətini tamamilə barəsində davam edən korrupsiya və rüşvət məhkəmələrinə yönəltməsidir. Onun məhkəmə ilə razılığa gələrək siyasətdən getmək müqabilində cəzadan yayınmağa çalışacağını da istisna etmirəm. Netanyahunun seçki məğlubiyyəti onun hökumətinin başlatdığı və ölkədə böyük iğtişaşlara səbəb olan məhkəmə sistemindəki dəyişikliklərin tamamilə dayandırılması və ya ləğv edilməsi ilə nəticələnə bilər. Yeni formalaşacaq hökumətin tərkibindən asılı olaraq, İsrailin Qəzza, Livan və regional müttəfiqlərlə münasibətlərində daha balanslı və ABŞ-nin tövsiyələrinə uyğun bir xətt izlənilə bilər. Lakin təhlükəsizlik strategiyalarında kəskin bir dönüş gözlənilmir".

Cavid