12:47
483
“Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması yalnız bu iki dövlət üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün həlledici, olduqca taleyüklü xarakter daşıyır. Ermənistan artıq anlayır ki, sülhün alternativi yoxdur. Çünki Ermənistan bundan sonra savaş şəraitində yaşamaq imkanlarını demək olar ki, itirib və Azərbaycanın hərbi potensialı və iqtisadi gücü qarşısında davamsız vəziyyətə düşüb”.
Bunu xalqcebhesi.az-a politoloq Elçin Xalidbəyli deyib.
E.Xalibəyli bildiririb ki, belə şəraitdə Ermənistanın Azərbaycanla hərbi siyasi rəqabət aparması mümkün deyil: “Rəsmi İrəvan bu reallığı anlayır. Eyni zamanda, rəsmi İrəvan onu da anlayır ki, Azərbaycanla yekun sülh sazişinin imzalanması, Ermənistanın inkişaf perspektivlərinin önünün açılması deməkdir, Ermənistanın blokada şəraitindən çıxması anlamını daşıyır. Burada da əsas məsələ nəqliyyat kommunikasiya xətlərinin açılması, eyni zamanda, Tramp marşrutu adlanan Zəngəzur dəhlizinin reallaşdırılması, bütövlükdə Cənubi Qafqaz üçün yeni inkişaf perspektivləri aça bilər və bundan da Ermənistanın genişmiqyaslı faydalanma imkanları yaranar”.
“Təbii ki, bütün bunları nəzərə alan Paşinyan hakimiyyəti alternativi olmayan sülh prosesinin rəsmiləşdirilməsinə daha çox üstünlük verməyə başlayıb. Düzdür, Ermənistanda buna qarşı çıxan müəyyən qüvvələr mövcuddur, xüsusilə də kənar təsirlərin nəzarəti altında olan qüvvələr Cənubi Qafqazda sülhün, sabitliyin olmasını istəmirlər. Ancaq bununla belə istənilən halda Cənubi Qafqaz dövlətləri üçün regional sülh bütövlükdə inkişaf və daha yaxşı həyat, daha yüksək rifah üçün yeganə çıxış yolu kimi görünür” – deyə politoloq qeyd edib.
Röya İsrafilova