Sevinc Fətəliyeva: İşğalçı Ermənistan diplomatik cəbhədə də ağır məğlubiyyətə uğrayıb Siyasət

Sevinc Fətəliyeva: İşğalçı Ermənistan diplomatik cəbhədə də ağır məğlubiyyətə uğrayıb

Məlumdur ki, işğalçı Ermənistanın son günlər törətdiyi təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınıb. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev baş verən bu hadisələrlə bağlı geniş şəkildə fikirlərini bildirib, ictimaiyyətə ətraflı məlumat verib. Prezidentin qeyd etdiyi kimi, Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd edib. Amma bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur.

Bu fikirləri açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Prezident İlham Əliyev son günlər ərzində baş vermiş hərbi toqquşmanı bizim növbəti şanlı qələbəmiz kimi səciyyələndirib. Dövlətimizin başçısnın dediyi kimi, 2020-ci il 12 iyul əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq.

Ermənistanın uzun illərdir işğalçılıq siyasətini davam etdirdiyini deyən deputatın sözlərinə görə, işğal faktı nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma yurdlarında yaşamaq hüququndan məhrum edilib. Bu işğal siyasətinin davam etməsi qəbulolunmazdır. O deyib ki, Ermənistan son təxribatı ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır.

“Ermənistanın təxribat əməllərində yaşayış məntəqələrinin və mülki şəxslərin də hədəfə alınması əsas yer tutur. Bu insanlığa, humanizmə zidd addımlardır. Tovuz istiqamətində də erməni təxribatı nəticəsində 76 yaşlı mülki şəxs Əziz Əzizov həlak olub. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir. Heç kimə sirr deyil ki, Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Belə ki, Ermənistanda bəzi kəndlər, şəhərlər boşalır. Bu isə işğalçı ölkənin nə qədər ağır durumda olduğunu göstərir”, -deyən deputatın sözlərinə görə, Ermənistan hərbi təxribat edəndən və bu səbəbdən layiqli cavabını aldıqdan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdi. Amma təşkilat ona ciddi əhəmiyyət vermədi. Çünki KTMT-nin üzvləri Azərbaycanın dostlarıdır və ölkələrizi arasında sıx münasibətlər mövcuddur. İşğalçı ölkənin bu təşkilatı münaqişəyə cəlb etmək cəhdi iflasa uğradı. Bütövlükdə, işğalçı Ermənistan diplomatik cəbhədə də ağır məğlubiyyətə uğrayıb. S.Fətəliyevanın sözlərinə görə, ümumilli məsələlərdə cəmiyyətimiz güclü birlik və həmrəylik nümayiş etdirir. Bu da gücümüzü şərtləndirən əsas amillərdən biridir.

Deputat qeyd edib ki, vəziyyətlə əlaqədar ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanat qəbul etməsi çox təqdirəlayiq haldır: “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair bəyanatı yüksək qiymətləndirilməlidir. 43 siyasi partiyanın belə bir bəyanatla çıxış etməsi o deməkdir ki, ölkəmizin siyasi partiyalarının mütləq əksəriyyətinin eyni mövqedən çıxış etməsi çox önəmlidir. Siyasi partiyaların belə bir gündə birlik və bərabərlik nümayiş etmələri, xalqın, dövlətin, Ali Baş Komandanın yanında olmaları, hamıya nümunə olmalı, təxribatçı və beşinci kolonun vəziyyəti gərginləşdirməyə çalışmasının qarşısı dərhal və qətiyyətlə alınmalıdır”.