Ermənistanın hərbi təxribatı zamanı Azərbaycan tək qalmadı - Rauf Əliyev Siyasət

Ermənistanın hərbi təxribatı zamanı Azərbaycan tək qalmadı - Rauf Əliyev

Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat zamanı Azərbaycan tək qalmadı.

Bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan bu günlərdə heç vaxt olmadığı qədər, çox güclü beynəlxalq dəstək gördü Birinci növbədə qardaş Türkiyəni qeyd etmək lazımdır:

"İlk dəsdək Türkiyə Cumhuriyyəti və onun Prezidenti cənab Rəcəb Təyyib Ərdoğandan gəldi. Bildirildi ki, Azərbaycan və Türkiyə, iki qardaş ölkə hər zaman bir yerdə olacaqdır. Eyni zamanda o cümlədən Müdafiə naziri, Xarici İşlər naziri, Türkiyənin digər yüksək vəzifəli şəxsləri, Türkiyə Böyük Millət Məclisinin üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstərdilər. İyulun 22-də Türkiyə Prezidenti cənab Rəcəb Təyyib Ərdoğanın sədirliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasından sonra yayılmış bəyənatda qeyd olunur ki, illərdir Azərbaycan torpaqlarının işğalını davam etdirən Ermənistanın sülhə mane olan beynəlxalq hüquqa məhəl qoymayan təcavüzkar siyasəti qətiyyətlə pisləyir: “Ermənistan təcavüzkar mövqeyinə son qoymalı və işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Türk milləti qardaş Azərbaycanın haqq işində verəcəyi hər cür qərara sahib çıxacaqdır” Azərbaycan həmişə olduğu kimi yenidən Türkiyədən qardaşlıq və dostluq münasibətini gördü. Pakistan İslam Respublikası da birmənalı şəkildə mövqeyini bildirərək, Azərbaycanın haqq işinə öz dəstəyini ifadə edib. Eyni zamanda onlarla ölkə rəsmi səviyyədə Azərbaycana açıq dəstək verdi, haqlı mövqeyimizi müdafiə etdi.Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk PA, QUAM, 56 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatının 120 üzv ölkəsi Azərbaycanı birmənalı olaraq dəstəkləyərək Ermənistanın hərbi təxribatını qətiyyətlə qınayan bəyənatlarla dərhal çıxış ediblər.

16.07.2020-ci il tarixdə Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Ermənistan tərəfindən Azərbaycan – Ermənistan dövlət sərhədində törədilən hərbi təxribatla bağlı fövqəladə iclas keçirildi. İclasda iştirak edən Qoşulmama Hərəkatına üzv dövlətlərin nümayəndələri çıxış edərək Ermənistanın təxribatını pisləmiş və ölkələri tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini dəstəkləndiyini ifadə etmişlər. 18 iyul 2020-ci il tarixdə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Ermənistan silahlı qüvvələrinin Azərbaycan – Ermənistan sərhədində hərbi təxribatı ilə bağlı kommunike qəbul edib. Kommunikedə Qoşulmama Hərəkatının üzv dövlətləri Ermənistan silahlı qüvvələrinin Azərbaycan silahlı qüvvələrinin müvqelərinə və yaşayış məskənlərinə qarşı artilleriya qurğularından istifadə etməklə iki dövlətin beynəlxalq sərhədi boyunca hücumunu qətiyyətlə pisləyib. Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü birmənalı dəstəklədiyini bildirərək, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü təmin etmək məqsədilə göstərdiyi bütün səylərlə həmrəy olduqlarını ifadə ediblər.

Ermənistanın hərbi təxribatının beynəlxalq miqyasda pislənməsi, Azərbaycanın mövqeyinin yüksək səviyyədə dəstəklənməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Beynəlxalq aləmdə qazanılmış böyük nüfuzun nəticəsidir".