Azərbaycan dünyada effektiv siyasəti ilə fərqlənir Siyasət

Azərbaycan dünyada effektiv siyasəti ilə fərqlənir

2020-ci il Azərbaycanda və ümumilikdə bütün dünyada bir çox hadisələrlə yadda qaldı. Ən mühüm məqamlardan biri cari ilin əvvəlində ölkəmizin ictimai-siyasi həyatında baş verən VI çağırış növbədənkənar parlament seçkiləri oldu. Xalqın iradəsi ilə yeni formalaşmış parlament istər dünyada, istərsə də ölkədə baş verən dəyişikliklər kontekstində hakimiyyətin qanunverici qolu olaraq hətta qlobal pandemiya şəraitində belə Azərbaycanın dayanıqlı inkişafı üçün daha əlverişli və etibarlı imkanların əldə olunmasını uğurla təmin etməkdədir.

Eyni zamanda, COVİD-19 koronavirus pandemiyasının bütün dünyada sürətlə yayılması, 17 milyondan çox insanın yoluxması və nəticə olaraq süni iqtisadi böhranın yaranması bu ilin arzuolunmaz hadisələrindəndir.

Keçdiyimiz illərdə səhiyyənin inkişafı istiqamətində görülən əməli işlərin və effektiv böhran idarəçiliyinin nəticəsidir ki, Azərbaycan pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətə nümunə olmaqdadır. Ölkədə xüsusi karantin rejiminin elan olunması, modul tipli xəstəxanaların sürətlə tikilib istifadəyə verilməsi, zərərçəkmiş sahibkarlıq subyektlərinin dövlət tərəfindən maliyyə yardımı və güzəştli kreditlərlə təmin edilməsi, vergi tətilləri və güzəştlərinin tərtib olunması Azərbaycanın bu sahədə nailliyətlərinin bariz nümunəsidir. Həmçinin xüsusi karantin rejimi dövründə koronavirus pandemiyasından zərər çəkmiş, gəlirini itirən, qeyri-formal işləyən 600 min vətəndaşımıza sosial dəstək tədbirlərindən biri kimi, aylıq 190 manat birdəfəlik ödəniş olunmuşdur.

Azərbaycanda COVİD-19 pandemiyası ilə mübarizədə ÜST-ün tələblərinə müvafiq olaraq atılan addımlar artıq öz bəhrəsini verməkdədir. Son günlərin statistikasına nəzər salsaq koronaviusa yoluxanların sayının azalması, sağalan və evə buraxılan xəstələrin sayında artım dinamikası və xəstəliklə mübarizədə effektiv üsulların tətbiq olunması dövlətimizin dünyanı cənginə alan bu problemlə mübarizədə tam ayıq olduğunu və doğru qərarlar qəbul etdiyini bir daha təsdiq edir.

Bu gün Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir. Təsadüfi deyildir ki, bir sıra beynəlxalq ekspertlər Azərbaycanı sabitlik adası adlandırırlar. İstər demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması, istərsə də söz azadlığının və insan hüquqlarının qorunması sahəsində qazanılan uğurlar Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir. Daim yeniləşən və inkişaf edən Azərbaycanı dünyanın bir sıra ölkələri ilə müqayisə etdikdə ölkə başçısının apardığı siyasətin nümunəvi olduğu qənaətinə gəlmiş oluruq. Bu baxımdan, ölkə ictimaiyyətinə səslənərək bildiririk ki, bütün bu qazanılmış nailiyyətləri qorumaq və onları daha da davamlı etmək, eyni zamanda ermənilərin və ermənipərəst qüvvələrin bizə qarşı təxribatlarının qarşısını almaq və bütövlükdə, ümummilli və haqq işimizdə qələbə çalmağın yeganə yolu həmrəy olmaqdan, Cənab Prezidentin ətrafında sıx birləşməkdən keçir.

Məzahir Əfəndiyev
Milli Məclisin deputatı