Konqresmen Obamanı Azərbaycanı dəstəkləməyə çağırdı Siyasət

Konqresmen Obamanı Azərbaycanı dəstəkləməyə çağırdı

Pol Qosar prezident Barak Obamaya məktubla müraciət edib

ABŞ-ın Arizona ştatından konqresmen Pol Qosar prezident Barak Obamaya məktubla müraciət edərək Azərbaycanı dəstəkləməyə çağırıb. Məktubda ABŞ-ın xarici siyasətinin dünyanın müxtəlif bölgələrində çətin bir durumda olduğu qeyd olunur, Birləşmiş Ştatların öz tərəfdaşlarını dəstəkləməsinin vacibliyi vurğulanır.
AzərTAC-ın məlumatına görə, müraciətdə Azərbaycanın ABŞ-ın sınanmış müttəfiqi və önəmli strateji tərəfdaşı olduğu bildirilir, çətin bir bölgədə yerləşməsinə baxmayaraq daim Birləşmiş Ştatlarla tərəfdaşlığa sadiq qaldığı ifadə olunur, beynəlxalq terrorizmə qarşı mübarizəyə, Əfqanıstan və İraqda sabitliyin bərpa ounmasına, eləcə də Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfələrdən söhbət açılır.
Konqresmen qeyd edir ki, keçən dövr ərzində Azərbaycan öz təbii resurslarından əldə etdiyi gəlirləri ağıllı şəkildə istifadə edərək öz iqtisadiyyatını yenidən qurub, ölkədə yoxsulluğun səviyyəsini 50 faizdən 6 faizədək azaldıb, ümumi daxili məhsulunu dəfələrlə artırıb, Cənubi Qafqaz bölgəsində ABŞ-ın ən böyük ticarət tərəfdaşına çevrilib.
Pol Qoşar Azərbaycanın qədim tolerantlıq ənənələrindən, ölkədə fəal yəhudi və xristian icmalarının mövcudluğundan söhbət açır, Azərbaycanın bir çox müsəlman ölkələri üçün nümunəvi model olduğuni bildirir.
Konqresmen qeyd edir ki, hazırda regionda baş verənləri nəzərə alaraq Azərbaycan kimi tərəfdaş ölkələrin dəstəklənməsi vacibdir.
Respublikaçılar Partiyasından olan Pol Qosar ABŞ Konqresində Arizona ştatının 4-cü dairəsini təmsil edir, Nümayəndələr Palatasının nəzarət və hökumət islahatları, təbii sərvətlər komitələrinin üzvüdür.