Arif Hacılıdan opponentlərinə cavab Siyasət

Arif Hacılıdan opponentlərinə cavab

"Növbədənkənar qurultay başqanlıq seçimləri ilə deyil, Nizamnamə dəyişiklikləri ilə bağlı baş tuta bilər"

Müsavatçılar partiya qərargahının önündə piket keçirəcək

Müsavat Partiyasında qarşıdurmalar daha da dərinləşib. Başqan seçkisində opponentinə məğlub olan Qubad İbadoğlunun tərəfdarları Arif Hacılını istefa verməyə və yenidən başkan seçkisi keçirməyə çağırırlar.
Lakin Arif Hacılı bu tələbləri rədd edib. O Qubad İbadoğlu tərəfdarlarının çağırışlarına cavab olaraq bəyan edib ki, nizamnamə və proqram dəyişiklikləri ilə bağlı Müsavatın qurultayının keçirilməsi nəzəri cəhətdən mümkündür. Onun sözlərinə görə, növbədənkənar qurultay başqanlıq seçimləri ilə deyil, Nizamnamə dəyişiklikləri ilə bağlı baş tuta bilər: "Müsavat Partiyasının qurultayında nizamnamə və proqram dəyişikliklərinin edilməsi nəzərdə tutulurdu. Ancaq təəssüf ki, vaxt azlığından bu əlavə və dəyişiklikləri etmək mümkün olmadı".
Müsavat Partiyasında narazı kəsim isə israrlıdır. Hətta ziddiyyətlər o həddə çatıb ki, qurultaydan sonra seçkinin nəticələrinə etiraz edənlər partiyanın qərargahı önündə piket keçirməyə hazırlaşırlar.
Müsavat başqanının keçmiş müşaviri Hüseyn Məlik bildirib ki, partiyada əksəriyyət piketin olmasının tərəfdarıyıq".
O deyib ki, piket məsələsi gündəmdədir: "Hazırda müzakirələr gedir. Güman edirəm ki, əksəriyyət piketin olmasının tərəfdarıyıq. Piketi keçirdəcəyik".
Onun sözlərinə görə, hazırki Müsavat başqanı və tərəfdarlarının əlində "qara siyahı" var və bu siyahıya uyğun olaraq təmizləmə əməliyyatı aparılacaq: "Artıq Məhəbbət Muradov partiyadan çıxarılıb. Onun xəbəri olmadan illərdir uğrunda mübarizə apardığı partiyadan uzaqlaşdırırlar. Bu haqsızlıqdır. Bu gün ona qarşı edilənə göz yumsaq, sabah hər birimiz eyni taleyi yaşaya bilərik. Səbəb nədir? Öz azad hüququmuzdan istifadə edib etiraz etməyimizmi?".
Qeyd edək ki, partiyanın Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradovun Müsavatdan uzaqlaşdırılması barədə qərar onun özünün iştirakı olmadan verilib.
M. Muradov bildirib ki, rayon təşkilatının şurasında onun haqqında uzaqlaşdırılma qərarı çıxarılıb: "Buna səbəbsə, Qubad İbadoğlunu dəstəkləməyim və Arif Hacılının legitimliyini tanımamağımdır. Amma mən mübarizəmi sona qədər davam etdirəcəm".
Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy "Publika.az"a açıqlamasında bildirib ki, Hüseyn Məlik müstəqil adamdır və uzun illər siyasətlə məşğul olub: "O, nəinki piket keçirməyə, istənilən aksiyada qərar verməkdə də sərbəstdir. Sadəcə olaraq mən orda iştirak etmək istəmərəm. Ona görə yox ki, piketi dəstəkləmirəm, ona görə ki, mən indiyə qədər Müsavatın bütün aksiyalarını səmərəsiz hesab edərək iştirakdan imtina etmişəm. Bu baxımdan, orda iştirak etməyəcəm. Amma bu təklifə çox normal yanaşıram".
Başqanlığa keçmiş namizəd Tural Abbaslı isə açıqlamasında bu hüquqa hörmətlə yanaşdığını, amma belə olmasını istəmədiyini bildirib.