Kadr probleminin həlli üçün hansı addımıar atılmalıdır? Siyasət

Kadr probleminin həlli üçün hansı addımıar atılmalıdır?

Musa Qasımlı: "Ali və orta məktəblərimizdə təhsilin keyfiyyəti yaxşılaşdırılmalı, eləcə də kadr hazırlayan ali məktəblərin məsuliyyəti gücləndirilməlidir"

Pərviz Heydərov: "Kadr probleminin həlli təhsildən keçir"

"...Bu gün həm Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemi ilə üzləşiblər. Biz hamımız müasir iarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni Administrasiya rəhbəri kimi heç cür qane etmir". Bunu Prezidenti Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev deyib. Ramiz Mehdiyev bildirib ki, sovet dövründə institut həm də nadir tədqiqat mərkəzlərindən biri olub: "Burada həm ciddi elmi araşdırmalar aparılır, həm də Mərkəzi Komitənin sifarişi ilə vaxtaşırı müvafiq sanballı analitik materiallar hazırlanırdı. Yəni, siz daim respublika rəhbərliyinə həm elmi cəhətdən, həm də idarəetməni daha düzgün təşkil etmək üçün kifayət qədər kömək və yardım göstərməyə qadir idiniz. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu gün yuxarıda göstərilən bütün sahələrdə Akademiyanın işi heç də ürəkaçan deyil. Gənclər arasında Akademiya öz reytinqinə görə ən populyar ali məktəblərdən biridir. Buraya kifayət qədər yüksək bal toplayan və hətta Prezident təqaüdünə layiq görülən tələbələr daxil olurlar. Bu, ilk növbədə onu göstərir ki, burada tədris prosesi düzgün qurulub və sağlam ab-hava mövcuddur. Bu, sevindirici haldır. Lakin sonrakı mərhələlərdə məzunların dövlət qulluğuna cəlb olunması prosesi heç də nəzarət altında deyil. Onlar ya dövlət qulluğuna qəbul olunmaq üçün komissiyaya müraciət etmirlər, ya da ki, uğurla imtahan verib dövlət qulluğuna qəbul edilənlər sırasında geniş təmsil olunmurlar".
PA rəhbəri qeyd edib ki, qloballaşma dövründə milli dövlət anlayışı özü-özlüyündə ciddi transformasiyalara məruz qalır: "Axı, dövlət dedikdə biz, ilk növbədə, dövlət təsisatlarını və məmurları nəzərdə tuturuq. İndiki dövrdə insan kapitalının, mədəni kapitalın və ümumən insan inkişafına qoyulan sərmayənin əhəmiyyəti kəskin surətdə artır. Bu, cəmiyyətin bütün üzvlərinə aid olsa da, mən xüsusi olaraq diqqəti məhz məmur şəxsiyyətinə yönəltmək istərdim. Məlumdur ki, hər bir məmur müəyyən təhsil alır və bununla yanaşı o, ömür boyu təhsilini artırmalıdır. Fəaliyyəti üçün zəruri olan məlumat və bilikləri o, ya müstəqil şəkildə, ya da sizin Akademiyanın imkanlarından faydalanaraq əldə edə bilir. Yenə meydana çıxan çoxsaylı sualların mahiyyəti ondan ibarətdir ki, müasir məmurun məlumatlanması və ixtisaslaşması hansı meyarlar əsasında müəyyənləşməlidir?
Biz tez-tez sovet dövrümüzü xatırlayırıq. Sözsüz ki, sovet dövründə bizim kifayət qədər nailiyyətlərimiz və uğurlarımız olub. Dövlətin totalitar olmasına baxmayaraq, burada ideoloji buxovlarla yanaşı, insanların sosial müdafiəsi və maarifləndirilməsi, mədəniyyət proseslərinə cəlb olunması və digər məsələlər özünün kifayət qədər düzgün həllini tapmışdı. O dövlət artıq tarixə qovuşubdur. Lakin insanlarla söhbət zamanı görürük ki, onların çoxu hələ də cəmiyyət, sosial ədalət, iqtisadi problemlər və digər məsələlərlə bağlı düşünərkən sırf marksist-leninçi nəzəriyyəyə xas platformadan çıxış edir. Bizim məmurlar da bu baxımdan heç də istisna təşkil etmirlər...".
Kadr probleminin həlli üçün hansı addımıar atılmalı, hansı islahatlar həyata keçirilməlidir?
Millət vəkili, professor Musa Qasımlı "hesab edirəm ki, Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyi münasibətilə akademiyanın elmi şurasının iclasında kadr böhranı problemi ilə bağlı söylədikləri özündə gerçəklikləri ehtiva edir",- deyə bildirib. Deputatın sözlərinə görə, akademik Ramiz Mehdiyevin dedikləri real fakt və materiallara əsaslanır: "Bu söylənilənlər yaranmış vəziyyətin bütün mənzərəsini ortaya qoyur. Əslində akademik bu sözləri ilə Azərbaycanın təhsil sahəsində olan qüsurları və ondan çıxış yollarını göstərir. Bununla PA rəsmisi vurğulayır ki, bizim təhsilimizə keyfiyyət gəlməlidir. Ali və orta məktəblərimizdə təhsilin keyfiyyəti yaxşılaşdırılmalı, eləcə də kadr hazırlayan Ali məktəblərin məsuliyyəti gücləndirilməlidir. Ali təhsil haqqında diplomu olmaq hələ yüksək ixtisaslı kadr, idarəçi olmaq demək deyil. Bu mənada dövlət idarəçiliyi üçün kadr hazırlayan məktəblərdə də keyfiyyət artırılmalıdır. Hesab edirəm ki, məsələ ilə bağlı aidiyyatı orqanlarımız xüsusilə Təhsil Nazirliyi akademik Ramiz Mehdiyevin nitqində söylədiklərindən nəticə çıxarmalıdır".
İqtisadçı ekspert Pərviz Heydərov vurğuylayıb ki, kadr probleminin həlli təhsildən keçir... Onun fikrincə, Dünya İqtisadi Forumu (DİF) tərəfindən də qlobal rəqabətqabiliyyətliliyə aid hesabatda hər dəfə yüksələrkən ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanması və yeni iqtisadi artım mənbələrinin yaradılması kimi məsələlərin həll olunması getdikcə daha vacib hesab edilir: "Çünki insan kapitalını inkişaf etdirmək Azərbaycan kimi ölkələrdə ciddi vəzifə olaraq qarşıya qoyulur. Bəllidir ki, DİF rəqabət qabiliyyətlilik indeksini hesablayarkən institutsional vəziyyətə, infrastruktura, makroiqtisadi sabitliyə, səhiyyə ilə ibtidai təhsilə, ali təhsil ilə profesianal hazırlıq səviyyəsinə ciddi diqqət yetirir. Ölkəmizin son illər ərzində əldə etdiyi tərəqqiyə əsasən isə ibtidai təhsil ilə ali təhsilə ciddi fikir verilməsi tələbi özünü daha qabarıq büruzə verir. Bu ilki hesabatda Azərbaycan ötənilki göstərici ilə müqayisədə cəmi 1 pillə irəliləyib. Təbii ki, bu, özü də mühüm nailiyyətdir. Ancaq hesabatda makroiqtisadi stabitliyə görə 9-cu, əmək bazarının effektivliyi üzrə 33-cü yerdəyiksə, ali təhsilə bağlı 90-cı, tibb və ibtidai təhsil üzrəsə 104-cü yerdəyik. Odur ki, ölkədə neft pullarının insan kapitalına çevrilməsi bir nömrəli prioritet təşkil etməlidir. İnsan kapitalı hər bir fərdin cəmiyyətdə özünü realizə və onun imkanlarından istifadə etmək məqsədilə insanın biliyi, bacarığı, əlaqələri və peşəkarlığının cəmini nəzərdə tutduğundan ölkədə təhsil mexanizmi durmadan yeniləşdirilməli və iqtisadiyyatın inkişafına yönəldilməlidir". Ekspert əlavə edib ki, dünyanın heç bir inkişaf etmiş ölkəsində təhsil iqtisadiyyatın tələbləri çərçivəsindən kənarda fəaliyyət göstərmir: "Bizdəsə özəl və dövlət аli tədris müəssisələri tələb və təklifə əsаsən çalışmırlar. Azərbaycanda büdcədən təhsilə real olaraq аyrılаn vəsаitin həcminin insan kapitalının inkişafına xidmət etməməsi həm də buradan irəli gəlir. Neft pullarını sözügedən kapitala çevirməyin yolu yalnız təhsilin iqtisadiyyatın tələbləri əsasında fəaliyyət göstərməsindən keçir ki, iqtisadiyyatımızın rəqabətə bundan sonrakı davamlılığı da yalnız və yalnız bundan, başqa sözlə desək, məhz təhsil səviyyəmizdən asılıdır".

Əli