ABŞ və Avropadan Qarabağ açıqlamaları Siyasət

ABŞ və Avropadan Qarabağ açıqlamaları

Con Heffern: "Vaşinqton münaqişənin nizamlanması üçün hər şeyi edir"

Almaniya diplomatı: "İfrat dərəcədə nikbin olmaq və bir görüşdən böyük nəticələr gözləmək olmaz"

ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərinin dostu və tərəfdaşı kimi problemin sülh yolu ilə nizamlanması üçün hər şeyi edir. Bunu ABŞ-ın Ermənistandakı səfiri Con Heffern bəyan edib. Trend xəbər verir ki, bu barədə çərşənbə günü "Armenia Today" məlumat yayıb.
Heffern deyib: "İki ölkənin prezidentləri Parisdə görüşüblər və biz özümüzdən asılı olan hər şeyi edirik. Qarşılıqlı anlaşmanı stimullaşdırırıq ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli mümkün olsun. Hədəfimiz danışıqlar yolu ilə dinc nizamlamadır".
Avropa İttifaqı da Paris görüşü ilə bağlı mövqeyini açıqlayıb. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü irəliyə doğru çox müsbət addımdır. O qeyd edib ki, bu cür yüksəksəviyyəli görüşlərin keçirilməsi status-kvonun dəyişməsi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün olduqca vacibdir.
Onun fikrincə, Azərbaycan və Ermənistan arasında bu cür yüksəksəviyyəli görüşlərin gələcəkdə də davam etdirilməsi vacibdir.
Almaniyanın Ermənistandakı səfiri Rayner Morel də Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən görüşü müsbət qiymətləndirib. Bu barədə "Mediamaks" erməni agentliyi istinadən xəbər verir.
Böyük Britaniya səfiri ilə birgə keçirilən mətbuat konfransında diplomat deyib: "Biz Fransa Prezidentinin görüş təşkil etmək təşəbbüsünə çox şad olduq, lakin ifrat dərəcədə nikbin olmaq və bir görüşdən böyük nəticələr gözləmək olmaz. Liderlər arasında dialoqun davam etdirilməsi vacibdir və bu il ərzində onlar artıq üçüncü dəfə görüşüblər".
Rayner Morel əlavə edib ki, iki ölkə liderləri "məzmunlu danışıqlara cəlb olunmağa çalışmalıdır".
Səfirin sözlərinə görə, Almaniya ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir və bu formatın danışıqların davam etdirilməsi üçün yeganə əlverişli format olduğunu hesab edir.
Böyük Britaniyanın səfiri Ketrin Liç isə Azərbaycan və Ermənistan prezidentlərinin tez-tez görüşməyə başladıqlarını məmnunluqla qeyd edib.