Hikmət Hacıyev: Azərbaycan ilə Türkiyə “Bir millət, iki dövlət” şüarı ilə hər zaman bir-birinin yanındadır - FOTO Siyasət

Hikmət Hacıyev: Azərbaycan ilə Türkiyə “Bir millət, iki dövlət” şüarı ilə hər zaman bir-birinin yanındadır - FOTO

Azərbaycan ilə Türkiyə “Bir millət, iki dövlət” şüarı ilə hər zaman bir-birinin yanındadır. Qardaş Türkiyənin iqtisadiyyatdan xarici siyasətədək hər sahədə əldə etdiyi uğurlara Azərbaycan ürəkdən sevinir. Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, ilk növbədə, hər iki ölkənin qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərir. Bu baxımdan hər iki ölkənin dövlət və özəl media qurumlarının yaxın əməkdaşlığı bu əlaqələrin daha da güclənməsinə əhəmiyyətli dərəcədə fayda verəcək.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun və bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə görüşündə bildirib.

Hikmət Hacıyev televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsinin, mütəxəssis mübadilə proqramlarının hazırlanmasının, eləcə də texnologiya sahəsində əməkdaşlığın hər iki ölkəyə qarşı həyata keçirilən qaralama kampaniyası ilə mübarizədə də əhəmiyyətli rol oynayacağını bildirib.

Dünən olduğu kimi, bu gün də Türkiyə ilə Azərbaycanın “bir millər, iki dövlət” şüarı altında hərəkət etdiyini, prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin bu anlayışı sadəcə sözdə deyil, əməldə də dünyaya nümayiş etdirdiklərini deyən Fəxrəddin Altun bütün sahələr üzrə əlaqələrin, o cümlədən beynəlxalq və regional mövzularda iki ölkənin qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. F.Altun ölkələrimiz arasında qardaşlıq əlaqələrinin son illər artan əməkdaşlıq layihələri ilə daha da möhkəmləndiyini bildirib. O, Türkiyə ilə Azərbaycan arasında media əlaqələri və ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsinin, bu sahələrdəki imkanların birləşdirilməsinin hər iki ölkə üçün mühüm rol oynadığı diqqətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfərinin əsas məqsədi Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsini həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirməkdir.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov daxildir.

Nümayəndə heyətini Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və ölkəmizin İstanbuldaki baş konsulu Nərminə Mustafayeva müşayiət edirlər.