İspaniya portalında Ermənistanın ölkəmizə qarşı hərbi təxribatı kəskin şəkildə qınanılıb Siyasət

İspaniya portalında Ermənistanın ölkəmizə qarşı hərbi təxribatı kəskin şəkildə qınanılıb

İspaniyanın böyük oxuyucu kütləsinə malik “Galicia Digital” elektron portalında sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması, Azərbaycana qarşı növbəti təcavüzə əl atması kəskin şəkildə qınanılıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı nəticəsində mülki əhalinin məqsədli şəkildə hədəf seçildiyi, təcavüzkar ölkənin növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirləri həyata keçirdiyi qeyd olunub.

Bildirilir ki, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları və onların əlavə protokollarının kobud şəkildə pozulmasıdır.

Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktı son aylar ərzində Ermənistan tərəfinin təxribatları, o cümlədən 12-16 iyulda Tovuz istiqamətində hücum cəhdi, avqustun 23-də Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyanatları və fəaliyyətinin davamıdır.

Yazıda diqqətə çatdırılır ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrində qeyri-qanuni mövcudluğunun regionda sülh və sabitliyə ciddi təhlükə olduğuna yaxşı bələd olan, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçı fəaliyyətinə beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələrək prinsipial mövqe nümayiş etdirən beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı, təcavüzkarı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquqla bağlı öhdəliklərini yerinə yetirməyə məcbur etməlidir.

Xüsusi olaraq vurğulanır ki, yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.