Prezident “Fox News”a müsahibəsində Amerika auditoriyasına ölkəmiz və onun siyasəti barədə maarifçilik dərsi keçdi - Ekspert Siyasət

Prezident “Fox News”a müsahibəsində Amerika auditoriyasına ölkəmiz və onun siyasəti barədə maarifçilik dərsi keçdi - Ekspert

“Fox News” televiziya kanalına Azərbaycan prezidentinin geniş müsahibəsi ölkəmizin bütün fəaliyyət sferaları və ilk növbədə Qarabağ münaqişəsi ətrafındakı son vəziyyəti yüz milyonlarla insanı əhatə edən auditoriyaya çatdırılması baxımından olduqca əhəmiyyətlidir.

Bunu açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, amerikalı müxbirin xüsusi məqsədlərlə və təbii ki, zehni çətinliklərlə düzüb qoşduğu suallara İlham Əliyevin məntiqli və düşünülmüş cavabları hazırkı dönəmdə ölkəmizin siyasəti və durumu barədə daha obyektiv rəylərin yaranmasına öz təsirini mütləq göstərəcək: "Amerikalı jurnalistin bir neçə məhdud sayda sualları nəzərə alınmasa dəqiq demək mümkündür ki, müxbir Azərbaycan üçün bir sıra prinsipial məsələlər barədə ya tam yalnış , ya da məqsədyönlü təhrif olunmuş düşüncədədir. Bu mənada Azərbaycan prezidentinin hazırcavablığı və jurnalistin qəsdlə dolaşdırdığı suallara təmkinli və dəqiq cavabı Azərbaycanın dövlət və ictimai mənafelərinin klassik müdafiə və təbliği səhifələrindən biridir. Jurnalistin sualları bir çox məsələlərdə erməni auditoriyasının baxışlarına uyğun olsa da, Amerika cəmiyyətində əsil rəyi bu jurnalistin sualları yox, Azərbaycan prezidentinin cavabları yaratdı".

Ekspert bildirib ki, Prezident eyni vaxtda həm jurnalistin xüsusilə Qarabağ probleminə dair səhv mövqeyini korreksiya etdi, həm də bütün prinsipial məqamlar barədə Azərbaycanın siyasətini təfsilatlı şəkildə ortaya qoydu:" Prezidentin tarixi əhəmiyyətli uğurlu izahlarından biri Amerika media dairələrində guya danışıqların ötən mərhələlərində Dağlıq Qarabağın müstəqilliyinin saxlanması kimi yanlış bir maddənin olduğunu qətiyyətlə təkzib etməsi və əsil həqiqəti çatdırması oldu.

Xüsusilə guya Suriyadan gətirilmiş muzdlu döyüşçülərin meyitlərinin Türkiyə vasitəsilə qaytarılaraq Suriyanın öz ərazisində dəfn olunduqları, guya Azərbaycan ordusunun Xankəndində ancaq dinc əhalini vurması, guya bu müharibəni Azərbaycanın başlaması, guya 30 ilə yaxın dövr ərzində mövcud olmuş atəşkəsin Azərbaycan tərəfindən pozulması , guya Azərbaycanın yenidən on minlərlə ermənini köçkün həyatına məhkum etməyə hazırlaşdığı barədə jurnalistin dedikləri həqiqətə qətiyyən yaxın olmayan düşüncələr kimi istənilən obyektiv və məlumatlı insanı qəzəbləndirmək tonuna malik olsa da , müxbir Azərbaycan prezidentinin şəxsində tam fərqli reaksiya ilə üzləşdi. Müxbirin yanlış və ya qərəzli düşüncə məhsulu olan suallarına İlham Əliyevin inanılmaz təmkin və faktlarla verdiyi məntiqli cavablar "master klas" nümunəsi sayıla bilər. Prezident Amerika auditoriyasına ölkəmiz və onun siyasəti barədə sözün həqiqi mənasında maarifçilik dərsi keçdi".

Baş redaktor deyib ki, Amerika mühitində erməni diaspor və lobbinin güclü təsirini qeyd edən Prezident eyni zamanda şəxsən Prezident Trampın Qarabağ münaqişəsinə nmünasibətdə balanslı mövqe tutmasını bildirməklə beynəlxalq aktorlara nə qədər ədalətli və səmimi yanaşdığını bir daha ifadə etdi: "Prezident Ermənistana təsir göstərmək baxımından ABŞ rəsmilərinə, xüsusən də dövlət katibinə çox naraqlı və həm də dəqiq mesajlar verdi.Prezidentin Amerika rəsmilərinə mesajları qəbul edilsə Ermənistanın indiki pozucu siysətini xeyli dərəcədə korreksiya etmək mümkündür.Məncə Amerika rəsmiləri Prezident İlham Əliyevin bu müsahibəsinin bir çox mıqamlarını təkrar-təkrar öyrənəcəklər.Amerikanın bizim regionda daha möhkəm və etimadlı mövqelər tutması üçün İlham Əliyevin mülahizələri onlar üçün də çox faydalı ola bilər".