Rəsmi Bakıdan ABŞ-a sərt reaksiya Siyasət

Rəsmi Bakıdan ABŞ-a sərt reaksiya

Prezidentin mətbuat katibi Azər Qasımov : "Psakini çıxışlarında ikili standartlara və qeyri-obyektiv məlumatlara istinad etməməyə çağırıram"

XİN: "Demokratik inkişafını ardıcıl davam etdirən Azərbaycanın kənar müdaxilə və tövsiyələrə ehtiyac yoxdur"

"Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti sözçüsünün bəyanatı ilə bağlı əvvəla onu demək istərdim ki, xanım Psaki tez-tez dünyanın ayrı-ayrı bölgələrində baş verən proseslərlə bağlı qeyri-peşəkar, doğru olmayan faktlar, hətta coğrafi səhvlərlə müşayiət olunan çıxışlar edir. Ona görə də onun Azərbaycanla bağlı dünən söylədiyi fikirlər məndə bir o qədər də təəccüb hissi doğurmur. Guya Azərbaycanda insan haqları sahəsində beynəlxalq öhdəliklərə riayət olunmaması ilə bağlı qərəzli, riyakar, heç bir reallığa söykənməyən fikirlər söyləməkdənsə, ona məsləhət görərdim ki, öz ölkəsində insan haqlarının kobudcasına pozulması, fundamental hüquq və azadlıqlara məhəl qoyulmaması faktlarına diqqət yetirsin".
Bunu Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımovun APA-ya ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin Azərbaycanda insan haqlarının pozulmasını iddia etməsinə münasibət bildirərkən deyib.
Prezidentin mətbuat katibinin sözlərinə görə Amerika Birləşmiş Ştatlarının müxtəlif bölgələrində mütəmadi olaraq irqi ayrı-seçkilik, dinc nümayişçilərə qarşı polis zorakılığı, güc tətbiq olunması, hətta küçələrə hərbi texnikanın çıxarılması, gözyaşardıcı qazdan istifadə olunması, işgəncələrin verilməsi halları baş verir, kütləvi həbslər aparılır: "Ferqyusonla bağlı bu yaxınlarda ABŞ-ın onlarla şəhərində baş vermiş hadisələr bir daha bunu aydın şəkildə nümayiş etdirdi.
Amerika Birləşmiş Ştatlarında söz azadlığı sahəsində də böyük problemlər mövcuddur. Mütəmadi olaraq kütləvi informasiya vasitələri nümayəndələri obyektiv fikir söylədiklərinə görə böyük təzyiqlərə məruz qalır, hətta işdən çıxarılır. ABŞ-da fundamental insan haqlarının pozulması və azadlıqlara məhdudiyyət qoyulması ilə bağlı çox faktlar gətirmək olar.
Azərbaycana gəldikdə isə, ölkəmizin 20 ildən bir az artıq müddətdir ki, müstəqillik əldə etməsinə və Ermənistanın təcavüzü ilə bağlı müharibə şəraitində yaşamasına baxmayaraq, demokratik inkişaf yolunda çox böyük uğurlar əldə edilmiş və Azərbaycan hökuməti bu istiqamətdə səylərini daim artırmaqdadır. Bir daha xanım Psakini bu faktları danmamağa və ümumiyyətlə, öz çıxışlarında ikili standartlara və qeyri-obyektiv məlumatlara istinad etməməyə çağırıram".
Azərbaycan Xarici İşlər Nazirliyi də ABŞ rəsmisinin bəyanatına reaksiya verib.
". XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib ki, ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən Azərbaycanda insan hüquqlarının vəziyyəti barəsində səsləndirilmiş fikirlər obyektiv reallığı əks etdirmir və insan hüquqlarını məqsədyönlü şəkildə siyasiləşdirmək və təzyiq alətinə çevirmək cəhdlərinin tərkib hissəsidir.
XİN sözçüsü bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və qoşulduğu beynəlxalq sənədlər əsasında ölkədə qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması təmin olunub: "Azərbaycan Respublikası demokratik inkişafını ardıcıl surətdə davam etdirir və bu məsələdə kənar müdaxilə və "tövsiyələrə" ehtiyac yoxdur. ABŞ-da irqi ayrı-seçkiliyin sistemli xarakter alması və bunun əsasında ABŞ cəmiyyətində qarşıdurmanın dərinləşməsi, məhkəmə-hüquq sisteminin çatışmazlıqları, polis və hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional gücdən istifadə və zorakılığın artması və digər sahələrdə ciddi problemlər mövcuddur. Ferqüson və ABŞ-ın digər şəhərlərini bürüyən kütləvi etiraz aksiyalarının köklü səbəbləri və bu zaman müşahidə edilən zorakılıq bunu bir daha sübut edir. Hesab edirik ki, ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycana münasibətdə qərəzli fikirlər yürütməzdən öncə bütün dünya ictimaiyyətinin hazırda ABŞ-da insan hüquqları sahəsində mövcud olan duruma münasibətdə artmaqda olan narahatlığına cavab verməlidir. ABŞ isə beynəlxalq səviyyədə insan hüquqlarının "himayədarı" funksiyasında çıxış etmək kimi lüzumsuz iddiasından əl çəkməli və beynəlxalq öhdəliklərinə uyğun olaraq, ölkə daxilində insan hüquqları məsələlərinə ciddi diqqət yetirməlidir".