XİN başçısı ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb Siyasət

XİN başçısı ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb

Elmar Məmmədyarov: "Münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Piyer Andre və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kaspşiklə görüşüb.
APA-nın Bazelə ezam olunmuş müxbiri xəbər verir ki, XİN mətbuat xidmətinin yaydığı məlumata görə, görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ATƏT-in Minsk qrupu həmsədrlərinin qarşıdan gələn ildə bu istiqamətdə plan və təklifləri ətrafında ümumi müzakirələr aparılıb.
E. Məmmədyarov münaqişənin həllinə dair Azərbaycanın mövqeyini bir daha səsləndirərək vurğulayıb ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.