“Dünya ictimaiyyəti bizim bu çağırışlarımıza çox ciddi yanaşmalıdır” Siyasət

“Dünya ictimaiyyəti bizim bu çağırışlarımıza çox ciddi yanaşmalıdır”

Elxan Süleymanov: "Sərsənglə bağlı AŞPA məruzəçisi dekabrın 14-də Azərbaycana səfər edəcək"

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya müsahibəsi

- Sərsəng su anbarı ilə bağlıAvropa Şurası məruzəçisinin ölkəmizə faktaraşdırıcı səfəri gözlənilir. Bu barədə nə deyə bilərdiniz?

- Bu il mayın 12-də mənim AŞPA-da təqdim etdiyim "Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair" adlı qətnamə layihəm əsasında Bosniya və Herseqovinadan olan deputat Milica Markoviç məruzəçi təyin edildi.
Avropa Şurası Parlament Assambleyasının Sosial Məsələlər, Səhiyyə və davamlı inkişaf Komitəsinin "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" üzrə məruzəçisi xanım Milica Markoviçin Azərbaycana faktaraşdırıcı səfəri bu il dekabrın 14-20-də olacaq. Səfər zamanı bir sıra nazirliklər və digər dövlət qurumlarında, habelə Sərsəng su anbarının təsiri altında olan Yevlax, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi rayonlarında yerli əhali, eləcə də müvafiq qurumlarla görüşlərin keçirilməsi planlaşdırılıb.
Məruzəçi səfər zamanı Sərsəng su anbarının qəzalı vəziyyətdə olmasının və orada yaşayan minlərlə əhali üçün törətdiyi təhlükə ilə bağlı mövcud vəziyyətin şahidi olacaq. Lakin ölkəmizə qarşı beynəlxalq təşkilatlar tərəfindən nümayiş etdirilən qərəzli mövqeyi və onların 23 ildir ki, işğal altında olan ərazilərimizə laqeydliyini, yalançı qətnamələrdə dünya ictimaiyyətinin aldadılmasını nəzərə alaraq, məruzəçinin obyektiv sənəd hazırlayacağına şübhə edirəm. Onu da qeyd edim ki, məruzəçinin nümayəndə heyəti ilə birgə ölkəmizə müstəqil ekspert də gələcək. Mən cəlb olunmuş müstəqil ekspertin peşəkar biri olmasına və obyektiv rəy verəcəyinə ümid etmək istərdim.
Ermənistan prezidenti xarici ölkə rəhbərlərinin Ermənistana, eləcə də özünün xarici ölkələrə səfərləri zamanı mənim müəllifi olduğum hər iki qətnamə layihələrinə - Milica Markoviçin məruzəçi seçildiyi "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" və Robert Volterin məruzəçi seçildiyi "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" - imza atan deputatlara hücumlar edir və onları eyni dinə mənsub olduqları halda müsəlman dövlətinə dəstək verməkdə günahlandırır.
Düşünürəm ki, hətta təzyiqlərə baxmayaraq, məruzəçi və ekspert reallığı, Sərsəng su anbarının 23 ildir işğal altında olması ilə bağlı regionun düşdüyü ağır vəziyyəti məruzədə əks etdirsələr belə, halbuki mən buna az inaniram, Avropa Şurasırəhbərliyi, dünya birliyi və güc dövlətləri bu məruzəyə qarşı çıxacaqlar. Sovet diktaturası Azərbaycanın tarixi ərazisi olan İrəvanın (indiki Yerevan) 100 il əvvəl Ermənistana verilməsini "Hayistan" mahnısının müşayiəti ilə unutdurduğu kimi, indi də Avropa demokratiyası ölkəmizə qarşı qərəzli münasibətlə bizləri susdurmaq və yalançı qətnamələrlə 23 ildir erməni işğalı altında olan torpaqlarımızı eyni mahnının sədaları altında Azərbaycan xalqına unutdurmaq istəyir.
Lakin sual yaranır ki, onda bu mübarizələr nə üçün lazımdır? Biz susmaqla İrəvan kimi, Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərimizi də itirə bilərik. Bu bizə ona görə lazımdır ki, zaman gələcək haqq-ədalət zəfər çalacaq, zaman gələcək ermənilərin tarix boyu apardıqları işğal siyasətini, azərbaycanlılara qarşı soyqırım siyasətini bütün dünyaya sübut edəcəyik. Gələcək nəsillər bilməlidir ki, Sərsəngi işğal altındadır. Digər tərəfdən dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycan xalqı işğal olunmuş torpaqlarının geri qaytarılması üçün inamla, əzmlə mübarizə aparır və aparacaq.
Bundan əlavə, su çatışmazlığı yaxın gələcəkdə milyonlarla insanı təhlükəyə atan qlobal problemə çevrilməkdədir. Birləşmiş Millətlər Təşkilatı proqnoz verir ki, Azərbaycan 2018-ci ilə qədər dünyada su çatışmazlığından əziyyət çəkən ölkələr arasında 37-ci yerdə olacaq.
Beləliklə, bu məruzə istənilən halda çox aktual olacaq.

- Nə üçün belə bir təklif, qətnamə layihəsi hazırlamaq qənaəti yarandı?

- Ermənistanın işğalı altında olan ərazilərimizdə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bir sıra obyektlər qalıb və bunlardan biri də Sərsəng su anbarıdır. 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilmiş, 125 metr hündürlüyündə bəndə və 560 mln.m3 su tutumuna malik olan Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın işğalı altında qalıb və texniki qurğuların baxımsızlığı nəticəsində hazırda qəza vəziyyətindədir. Sərsəng su anbarı işğal altında olması səbəbindən su anbarının texniki qurğuları baxımsızlıq təhlükəsi ilə üzləşib və onlara xidmət göstərilməməsi səbəbindən hazırda qəza vəziyyətinə düşüb. Odur ki, bu su anbarının təbii fəlakət, texniki və əvvəlcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağılma ehtimalı böyükdür. Qeyd edilmiş səbəblər nəticəsində Sərsəng su anbarı hazırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilib. Belə ki, hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza nəticəsində ekoloji böhranla yanaşı, cəbhəyanı rayonlarda yaşayan 400000 mülki əhalinin kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalı artmaqdadır.
Bundan əlavə, işğalçı tərəf suyu Sərsəng su anbarından qışda buraxır və bunun nəticəsində sel baş verir, torpaqlar su altında qalır, yollar dağılır. İnsanların və kənd təsərrüfatının suya çox böyük ehtiyac olduğu yay mövsümündə isə, əksinə suyun qarşısı kəsilir. Bunun nəticəsində cəbhəyanı rayonların kənd təsərrüfatına ciddi ziyan vurulur, əkin sahələrinin suvarılmasında problemlər yaranır, yaşıllıqlar quruyaraq məhv olur, torpağın bioloji strukturunda dönməz proseslər baş verir, bölgədə ciddi ekoloji gərginlik yaranır, biomüxtəliflik ciddi təhlükə ilə üzləşir.
Bütün deyilənləri nəzərə alaraq, dünya ictimaiyyətinin diqqətini Azərbaycanın işğal edilməmiş ətraf rayonlarının əhalisi üçün həyati əhəmiyyətə malik Sərsəng su anbarının işğal nəticəsində baxımsızlıqdan təhlükəli vəziyyətə düşməsinə və hər an dağılma ehtimalına yönəltmək üçün ilk olaraq Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası belə bir ideya ilə çıxış etdi və müvafiq layihənin icrasına başlanıldı. Onu da deyim ki, 10 illik fəaliyyəti dövründə AVCİYA vətəndaş cəmiyyəti problemləri ilə yanaşı, bir çox sosial layihələr, eləcə də Ermənistanın işğalı məsələsinin dünyaya çatdırılması istiqamətində bir çox işlər görüb. Sərsəng su anbarı ilə bağlı layihə də bu qəbildən olan layihələrdəndir. Layihənin əsas məqsədi isə o idi ki, beynəlxalq ictimaiyyət, nüfuzlu qurumlar işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsini kəskin şəkildə pisləsinlər, Ermənistanı su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə məcbur etsinlər.
Ötən ilin əvvəllərindən icrasına başlanmış "Sərsəng - humanitar faciənin qarşısının alınması" layihəsi çərçivəsində AVCİYA xeyli işlər görmüş, müxtəlif konfranslar, təlim və seminarlar, müsabiqələr keçirmişdir. Belə ki, 2013-cü ilin sentyabr ayında layihə çərçivəsində Tərtər şəhərində yerləşən Gənclər Mərkəzində konfrans, 9-11 noyabr 2103-cü il tarixlərində Tərtər, Bərdə, Ağcabədi, Ağdam və Goranboy rayonlarında ictimaiyyətin və vəzifəli şəxslərin iştirakı ilə 5 dəyirmi masa keçirilib. Layihə çərçivəsində keçirilmiş çoxsaylı tədbirlərlə yanaşı gənc rəssamlar arasında "Sərsəng harayı" adlı rəsm müsabiqəsi və jurnalistlər arasında keçirilmiş məqalə müsabiqələrini də xüsusi qeyd etmək istərdim. Daha sonra, AVCİYA bu işi artıq beynəlxalq müstəvidə davam etdirdi. Bu il fevralın 19-da Sərsəng su anbarının təsiri altında olan rayon sakinlərinin beynəlxalq təşkilatlara ünvanlandığı müraciətlərinin təqdimatı təşkil edildi. Dekabrın 5-də AVCİYA-nın "Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri" adlı kitabı təqdim olundu. Dekabrın 10-da Beynəlxalq İnsan Hüquqları günündə bir sıra xarici ölkə səfirlikləri, mətbuat nümayəndələri və ictimai xadimlərin iştirakı ilə "Sərsəngə yürüş" aksiyası keçirildi.
Onu da bildirim ki, AVCİYA-nın gördüyü bu işlər hazırda da davam etdirilir, bu problem davamlı olaraq dünya və yerli ictimaiyyətə çatdırılır.
AVCİYA-nın bu layihəsi ilə paralel mən bir millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü kimi bu problemi AŞPA-da qaldırdım və aparılan gərgin işlərdən sonra, qarşıma çıxan bütün maneələrə baxmayaraq, nəhayət, məruzəçinin təyin olunmasına nail oldum.

- Qeyd etdiniz ki, Sərsəng su anbarının Ermənistan işğalında qalması ölkəmiz üçün çox təhlükəli bir təhdiddir. Digər tərəfdən, ErmənistanMüdafiə Nazirliyi Mingəçevir Su Anbarını da partlada biləcəklərini bəyan edib. Necə düşünürsünüz, bu nə dərəcədə təhlükəlidir?

- Ermənistanın Mingəçevir Su Elektrik Stansiyası ilə bağlı hərbi təhdidinə Azərbaycan Müdafiə Nazirliyi cavab verib və mən əminəm ki, Azərbaycan ordusu hər zaman ölkəmizi qorumağa hazırdır.
Amma əlbəttə ki, müharibə şəraitində olan ölkələr belə təhdidlərə çox ciddi yanaşmalıdır. Çünki tarix boyu bu kimi hallar çox baş verib. Dünyada su anbarlarından yaranan təhlükələr və qurbanlar barədə çoxsaylı misallar gətirmək olar.
İkinci Dünya Müharibəsi zamanı, 1943-cü ildə Britaniya Hava Qüvvələri xüsusi hazırlanmış partlayıcı maddələri iki dəfə Almaniyaya məxsus su anbarlarında yerləşdirmişdi. İlk hücum Ruhr dərəsində baş vermişdi. Birinci dəfə 77 metr enində, 23 metr dərinliyində partlayış baş vermişdi. Partlayış 10 metr hündürlüyündə daşqına səbəb olaraq 1200 insanın həyatına son qoymuşdu. İkinci hücum isə Eder bölgəsində baş verib. Budəfəki hücum nəticəsində 400 nəfər həlak oldu. Hər iki partlayışın şiddəti o qədər güclü idi ki, su anbarları tamamilə məhv oldu.
1991-ci ildə Xorvatiya müharibəsində Serb qoşunları Xorvatiyadakı su anbarına partlayıcı maddələr yerləşdirmiş və nəticədə 641 milyon kub metr su daşaraq ölümcül faciəyə səbəb olub.
2004-cü ildə Braziliyada su anbarında baş vermiş qəza nəticəsində 3000 insan evsiz qalıb.
Ümumiyyətlə, dünyada su anbarlarının partlaması və ya daşması nəticəsində son 50 ildə 179.815 insan həlak olub. Sərsəng su anbarının partladılması və ya baxımsızlıqdan hər hansı bir qəzanın baş verməsi bütün dünyada son 50 ildə baş vermiş bu kimi hadisələrin nəticələrinin cəmindən daha çox insanın (400 000) həlak olmasına, ev – eşiyindən didərgin düşməsinə və daha böyük faciəyə səbəb ola bilər. Buna görə də, bütün dünya ictimaiyyəti bizim bu çağırışlarımıza çox ciddi yanaşmalıdır.

- Məruzəçinin təyin olunmasına qədər xeyli gərgin mübarizə apardınız. Bu prosesdə hansı maneələrlə üzləşdiniz?

- Mən, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü kimi, Sərsəng su anbarının vəziyyəti barədə bir neçə qətnamə təklifini irəli sürmüşəm. Əlbəttə ki, məruzəçinin təyin olunmasınadək çox ciddi maneələrlə üzləşdik, hətta təklif etdiyim qətnamə layihəsinə AŞPA Prezindeti tərəfindən 3 dəfə veto qoyuldu. Lakin biz belə asanlıqla mübarizəni dayandırmaq və geri çəkilmək fikrində deyildik. Odur ki, işğal edilmiş ərazilərə dair istənilən ümumi müzakirənin AŞPA rəhbərliyi tərəfindən rədd edilməsinə baxmayaraq, biz nəzarətsiz Sərsəng su anbarının strateji əhəmiyyətini və yaratdığı həqiqi təhdidi vurğulayaraq, bu müzakirənin təcililiyini nümayiş etdirdik. 26 iyun 2013-cü ildə 18 müxtəlif ölkəyə mənsub 45 AŞPA üzvü tərəfindən imzalanmış üçüncü qətnamə layihəsini irəli sürdük. Bu qətnamə layihəsi Azərbaycanın işğal edilməmiş cəbhəyanı rayonlarının ən azı 400 minə yaxın azərbaycanlı əhalisi üçün həyati əhəmiyyətə malik Sərsəng su anbarının işğal nəticəsində baxımsızlıq səbəbindən olduqca pis və təhlükəli vəziyyətinin təcililiyini və ətraf rayonların əhalisinə yaratdığı təhlükəni vurğulayır, AŞPA-nı təcili və dərhal siyasi tədbir görməyə çağırır. Lakin bu qətnamə layihəsi də bir daha Prezident və Sədarət Komitəsi tərəfindən rədd edildi.
AŞPA rəhbərliyinin bu məqsədyönlü haqsız qərarlarına baxmayaraq, 1 apreldə Sərsəng su anbarına dair yeni qətnamə layihəsi irəli sürdük və nəticə etibarilə, əhəmiyyətli səylərdən sonra qərarvericiləri inandıra bildik. Belə ki, Büro qətnamə layihəsi üzrə məruzə hazırlanması və bu məsələnin Sosial Məsələlər Komitəsinə həvalə edilməsi barədə qərar qəbul etdi.
Bu, irəliyə doğru atılmış böyük addım idi. Belə ki, çox illərdən bəri ilk dəfə idi ki, Azərbaycanın işğal altında qalmış strateji obyektini beynəlxalq səviyyədə müzakirəyə çıxarılması və bu məsələyə dair məruzə hazırlanması barədə razılıq əldə edildi. İndi 2015-ci ildə Sərsəng su anbarına dair ədalətli, bitərəf və hərtərəfli məruzənin hazırlanmasını istərdik.

- Bir müddət öncə ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik Sərsəng su anbarının birgə istifadəsinin məqsədəuyğun olduğunu vurğulayıb. Sizin bu təklifə münasibətiniz necədir?

- Cənab Uorlikin bu bəyanatından sonra dərhal bizim reaksiyamız oldu və öz mövqeyimizi bildirdik. Bir daha qeyd etmək istəyirəm ki, cənab Uorlik və ermənilərin digər Havadarları gözəl başa düşürlər ki, işğala son qoyulmayanadək Azərbaycan işğalçı dövlətlə, həmçinin onun formalaşdırdığı separatçı rejimlə heç bir əməkdaşlıq etməyəcək. Belə olan halda, düşmən tərəfin və onu müdafiə edən mərkəzlərin işğalın aradan qaldırılması istiqamətində Ermənistanın guya konstruktiv əməkdaşlığa hazır olması barədə fikirlər səsləndirməsi üçün imkan yaranacaq. Bununla da onlar dünya ictimaiyyətinə nümayiş etməyə çalışacaqlar ki, Ermənistan əməkdaşlıq etməyə hazırdır, ermənilər sülhsevərdir, lakin Azərbaycan əməkdaşlıq etmir, bölgədə sülhün bərqərar olmasını istəmir. Beləliklə, amerikalı həmsədr Ceyms Uorlikin təklifi, bir tərəfdən, Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq və onun guya qeyri-konstruktiv bir dövlət olması barədə dünya ictimaiyyətində fikir formalaşdırmaq məqsədi güdür, digər tərəfdən isə, beynəlxalq təşkilatlara işğalçı Ermənistanın toxunulmazlıq çətiri altında olması və ona qarşı sanksiyaların tətbiq edilməsinin məqsədəuyğun olmaması barədə mesaj xarakteri daşıyır. Odur ki, bu təklif təsadüfi sayıla bilməz. O, birbaşa Azərbaycana qarşı yönəlib və Ermənistanın işğalçı siyasətinə dəstəkdir.
Hesab edirəm ki, belə üst-üstə düşmək təsadüfi ola bilməz və burada məqsəd, necə deyərlər, bir güllə ilə iki dovşan vurmaqdan, yəni ikili məqsədə nail olunmasından gedir - Azərbaycanın əməkdaşlıqda maraqlı olmaması iddiasını əsas gətirərək Ermənistanı müdafiə etmək və beynəlxalq sanksiyalardan sığortalanmaq.