Narazılar əks hücuma hazırlaşırlar Siyasət

Narazılar əks hücuma hazırlaşırlar

Tural Abbaslı: "Çalışacağıq ki, ortaya bir nəticə qoyaq"

Müsavat Partiyasının qurultayından narazı qalan üzvlər partiya daxilində fraksiya yaradılması istiqamətində fəaliyyətlərini gücləndirəcəklər.
Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı Trend-ə bildirib ki, Müsavat Partiyasının 14 dekabr mitinqi ilə əlaqədar olaraq fraksiya yaratmaq istiqamətində gedən danışıqlar bir az səngimişdi: "Bu istiqamətdə intensivliyi bir az yavaşıtmışdıq, çünki partiya daxilində düzgün başa düşülməyə bilərdi ki, biz mitinqə hazırlaşırıq, bunlar isə fraksiya ilə bağlı işlər görürlər və bu, ümumi işlərə ziyandır. Odur ki, mitinqdən sonra daha fəal addımlar atmağı düşündük. Bundan sonra danışıqları daha aktiv şəkildə də davam etdirəcəyik".

T.Abbaslı əlavə edib ki, Müsavat qurultayından narazı qalan bir qrup üzvün "Azərbaycan Demokratiya və Rifah" hərəkatını yaratması da bir sıra narazı üzvlərdə narahatlıq yaradıb: "Yəni onlarda bir az narahatlıq yaranıb ki, narazı üzvlər bölünür, yarısı hərəkata gedir, yarısı fraksiyaya. Ona görə də müəmmalı bir vəziyyət yaranır. Hələlik bu vəziyyəti aradan qaldırmağa, insanlara vəziyyəti izah etməyə çalışırıq. Çünki ümidsizliyə qapılan bir sıra üzvlər hətta partiyadan istefa vermək fikrindədirlər ki, artıq partiya daxilində mübarizə aparmaq mənasızdır. Biz bunun qarşısını almağa çalışırıq. Amma biz çalışacağıq ki, ortaya bir nəticə qoyaq".
Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər növbədənkənar qurultayın keçirilməsinin və partiya daxilində fraksiya yaradılmasının vacibliyini vurğulayırlar.