“Azərbaycan Rusiyadan ədalətli mövqe tələb etməlidir” Siyasət

“Azərbaycan Rusiyadan ədalətli mövqe tələb etməlidir”

BAXCP İdarə Heyəti: "Əks təqdirdə Rusiya ilə münasibətlərin bundan artıq dərinləşdirilməsi Azərbaycanın dövlət maraqlarına ziddir".

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ölkədəki ümumi ictimai-siyasi vəzyyət müzakirə olunub. Toplantıda ötən həftənin şənbə günü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müxalifət partiyalarının təmsilçiləri ilə görüşü də müzakirə edilib.
İdarə Heyəti hesab edir ki, belə görüşlər davamlı olmalı və formal xarakter daşımamalıdır.
İclasda Ukraynada baş verən hadisələrdən sonra postsovet məkanında Azərbaycanın maraqları baxımından yaranmış yeni geosiyasi vəziyyət də müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, son vaxtlar Rusiyanın Krımı işğal etməsindən sonra Qərb tərəfindən sanksiyalarla üzləşməsinə və təklənməsinə baxmayaraq Azərbaycan iqtidarı bu ölkə ilə münasibətləri məhdudlaşdırmayıb, Rusiyaya siyasi və iqtisadi dəstək verir. BAXCP hesab edir ki, Azərbaycan iqtidarı bu dəstəyin müqabilində Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan ədalətli mövqe tələb etməlidir. Bu, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan haqqıdır.
Partiya hesab edir ki, bu gün Qərb tərəfindən Azərbaycana qarşı aqressiv münasibətin səbəblərindən biri də məhz Azərbaycanın Rusiyaya qarşı sanksiyalara əhəmiyyət verməyərək bu ölkə ilə daha artıq yaxınlaşmasıdır.
Partiya hesab edir ki, Qarabağ məsələsində belə bir dəstəyin verilməyəcəyi təqdirdə, Azərbaycan Rusiya ilə münasibətlərdə irəliyə doğru bundan artıq bir addım da atmamalıdır. Azərbaycan iqtidarı Rusiya ilə münasibətlərin ölkəmizin milli maraqlarına hansi şəkildə cavab verməsinə aydınlıq gətirməlidir: "Rusyanın ayrı-ayrı məmurlarının Azərbaycanla bağlı yalnız təskinlik verə biləcək xoş bəyanatları Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmamalı, Moskva isə Qarabağ məsələsində konkret və prinsipial mövqeyini bildirməlidir. Belə olmayacağı halda Rusiya ilə münasibətlərin bundan artıq dərinləşdirilməsi Azərbaycanın dövlət maraqlarına ziddir".