Gülən axtarışa verildi Siyasət

Gülən axtarışa verildi

Türkiyədə baş verənlərə azərbaycanlı ekspertlərin münasibəti

Cavid
Türkiyədə başladılan 14 dekabr əməliyyatlarından sonra adı şübhəli şəxslərin başında hallanan Fətullah Gülən Türkiyədə hər kəsin diqqət mərkəzindədir.
Türkiyə mətbuatının verdiyi məlumatda bildirilir ki, İstanbul prokurorluğu Gülənin İnterpol xətti ilə axtarışa verilməsi üçün hazırlıqları tamamlayıb və dosye ən qısa zamanda ədliyyə nazirliyinə təqdim olunacaq.

Məlumatda bildirilir ki, İstanbul prokurorluğunun əvvəlcə Fətullah Gülənin həbs olunması haqqında qərar qəbul edəcəyi gözlənilir. Ədliyyə nazirliyinin müraciətindən sonra İnterpol rəsmiləri tərəfindən müraciət təmin edilərsə o zaman Gülən interpol xətti ilə beynəlxalq axtarışa veriləcək.

Onu da bildirək ki, Türkiyədə "paralel dövlət" üzvlərinin Milli Kəşfiyyat İdarəsinin yük avtomobillərini saxlaması ilə bağlı 19 nəfər haqqında yenidən cinayət işi açılıb.

Adana məhkəməsi polis əməkdaşlarının 1 yanvar 2014-cü ildə Hatay vilayətinin Kırıkhan rayonunda, 19 yanvar 2014-cü ildə isə Adana vilayətinin Ceyhan rayonunda Milli Kəşfiyyat İdarəsinə aid yük avtomobillərinin saxlayaraq axtarış aparması məsələsi ilə bağlı cinayət işi açıldığını açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl də məsələ ilə bağlı cinayət işi açılmış və araşdırma aparılırdı.

Qeyd edək ki, ötən il gülənçi olduqları bildirilən polislər Suriyaya yardım aparan MİT TİR-lərinə hücum etmişdilər.

Xatırladaq ki, Türkiyədə Nurçu təriqətinə mənsub olduğu iddia edilən media mənsublarının kütləvi həbsinə başlanılıb. Hətta həbs olunanlar arasında "Zaman" qəzetinin ümumi yayım müdiri Ekrem Dumanlı da var. Onun təslim olmadığı üçün xüsusi əməliyyatla ələ keçirildiyi vurğulanıb.
Türkiyədə baş verən məlum hadisələrə azərbaycanlı politoloqları da münasibət bildiriblər.
Politoloq Fərhad Mehdiyev Türkiyədə son kütləvi həbslərlə bağlı açıqlama verərkən deyib ki, "Zaman" qəzeti, "Samanyolu" TV mərkəzlərinə edilən basqınların bir neçə cəhətinə toxunmaq mümkündür. Birincisi, bu, 17 dekabr 2013 tarixində Türkiyədə aparılan korrupsiya əməliyyatlarına görə intiqam alma kimi dəyərləndirilə bilər. "Freedom House" da buna belə qiymət verib. Eyni zamanda, 17 dekabrdan əvvəl yeni gündəm yaradaraq bunu yaddan çıxartdırma cəhdi kimi də baxmaq olar.
O, sözügedən məsələnin başqa tərəflərinin olmasına da diqqət çəkib: "AKP bilir ki, "camaat"ın ən güclü yayım orqanı "Zaman" qəzetidir. Türkiyədə "Zaman"ın 1 milyon civarında tirajı var. Hökumət bu cür əməliyyatlarla qəzetin tirajına da mənfi təsir göstərmək istəyir. Məsələnin simvolik tərəfi isə "Sunqurlar", "Tək Türkiyə" kimi serial ssenaristlərinin belə həbs olunmasıdır. Bu, göndərilən bir ismarıcdır ki, bizə qarşı çıxanları müəyyən şəkildə narahat edəcəyik. Bunun digər bir aspekti isə, türkcə desək, "alqı operasyonu"dur. Bu, o mənaya gəlir ki, indi tutulanların böyük əksəriyyəti buraxılsa belə, onların qısa müddətlik də olsa tutulmaları xalqın gözündə cinayətkar kimi qalmaq üçün kifayət edəcək. Əlbəttə ki, qəzetdə aparılan basqın əməliyyatını nəzərə alsaq, demokratik ölkələrdə KİV üzərinə bu şəkildə təzyiqlər düzgün deyildir. Qərb və AB-nin "biz bunu həyəcanla izləyirik, narahatlığımıza səbəb olur" kimi sözləri demokratik cəmiyyətdə KİV üzərində bu cür tədbirlərin yolverilməz olduğunu göstərir. AŞPA-nın sədr müvininin ağır tənqidləri gəlsə belə, indiki halda AKP hökuməti beynəlxalq imici çox da düşünmür".
Politoloq bildirib ki, bu imic məsələsi Tvitter və Yutubun bağlanmasında müşahidə edildi: "Bu cür addımları atmadan əvvəl AKP müvafiq qanunları dəyişdirir. Məsələn, Cinayət Prosessual Məcəlləsində dəyişikliyə görə, "ağlabatan şübhə" həbs üçün kifayətdir, halbuki köhnə tənzimləmədə "konkret məlumatlara əsaslanan sübutlar" tələb olunurdu. Doğrudur, bu cür qanun dəyişikliyi daha sonra Türkiyənin Konstitutisiya Məhkəməsi tərəfindən qeyri-konstitusion sayılaraq ləğv olundu… Eyni zamanda, Tvitterin bağlanmasına əsas verən, yeni hakimləri təyin edən qanunlar, Məhkəmə Hüquq Şurasındaki qanun dəyişikliyi. Polislərin vəzifədən alınması sonradan inzibati məhkəmələr tərəfindən ləğv edildi. Lakin Konstitusiya Məhkəməsinin qərarı geriyə şamil olunmadığı üçün nə yeni təyin olunmuş hakimlər vəzifədən alındı, nə də çıxarılan polislər vəzifəyə geri qaytarıldı. Əslində bu cür addımların həm ölkə daxilində, həm də beynəlxalq baxımdan qanunsuz olduğu bilinəndir. Ancaq qeyd etdiyim kimi, orta məktəblərdə köhnə ərəb əlifbasının öyrənilməsini məcburi hala gətirən, qız və oğlanların ayrı məktəblərdə oxumasını istəyən AKP hökuməti beynəlxalq imici çox da düşünmür".
Fərhad Mehdiyev Türkiyədə bu kimi halların bundan sonra da davam edəcəyini qeyd edib: "Hesab edirəm ki, qəzetə olan basqından sonra böyük ehtimalla camaatın maliyyə mənbələri daha çox hədəfə məruz qalacaq. Əslində, bundan əvvəl bəziləri hədəfdə qalsa da, istənilən nəticəni vermədi. Məsələn, "Bank Asiya"nı batırmaq istəsələr də, bu, alınmadı. Ancaq Türkiyədə "camaat"ı dəstəkləyən müəyyən sayda biznesmen, iş adamaları var. Bunların bir hissəsinə yönəlik müəyyən təhdidlər olmuşdu. Bundan sonrakı hərəkət bu biznes sektorlarına qarşı olacaq".
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da yavaş-yavaş hökumətə sızdırılan adamları məhv etməyə çalışır". Bunu isə politoloq Hikmət Hacızadə bildirib. Politoloqun sözlərinə görə, qardaş ölkədə axırıncı həbslər bundan sonra da davam edəcək. Hikmət Hacızadə "Gülən hərəkatı" liderinin Ərdoğanla maraq toqquşmalarından da danışıb: "Fətullah Gülən Türkiyə hökumətinin onun istəyi ilə hərəkət etməsini istəyir. Bundan başqa, Amerikada oturan din xadimi Türkiyə rəhbərini onun istədiyi kimi addımlar atmağa təhrik edir. O deyir ki, mən yönümü qərbə tərəf çevirirəmsə, sən də çevir. İsraillə dava etmə. Qərblə münasibətləri yumşaltmağa çalış".
Politoloq Ərdoğanın Gülən tərəfdarlarını həbs etdirməsinin aqibətindən də danışıb. Hikmət Hacızadə nurçuların zərbələr fonunda "heyfçıxma" planına da münasibət bildirib: "Amma hələ ki, Gülən və onun tərəfdarları dövlət çevrilişi etməyə hazır deyil. Ona görə də onlar hər zaman problemi sülh yolu ilə həll etməyə səy göstərib. Fətullah Gülənin əsas tutduğu bir yol var. O, yavaş-yavaş hökuməti ələ almaq yolunu tutub. Güc strukturlarına, nazirliklərə öz adamlarını yerləşdirməklə pozisiya qurmaq istəyir. Onun siyasəti budur. Bir vaxtlar isti münasibətləri olan Ərdoğanla Gülənin indi araları dəyib. Türkiyə prezidenti də yavaş-yavaş bunları məhv etməyə çalışır. Polisdən, hökumət idarələrindən körükləməyə başlayıb. İndi də dövlət ideologiyasına əks mövqe tutanlar həbs olunur".
"Region" Beynəlxalq Analitik Mərkəzin rəhbəri, politoloq Razi Nurullayevin fikrincə isə, Türkiyədə baş verən son həbslər, yeni çevriliş planları bəhanəsi altında həyata keçirilən əməliyyatlar Ərdoğan hakimiyyətini dünya ilə üz-üzə qoyur və Türkiyəyə qarşı təzyiqlər çox güclənəcək. Türkiyənin Avropa Birliyinə gedən yolu bağlanır. O biri tərəfdən baş nazir Əhməd Davudoğlu deyir ki, Avropa Birliyində üzvlük strateji məqsədimizdir.
Ekspertin sözlərinə görə Türkiyə, həqiqətən demokratik anlamda geriyə addımlar atır.
Analtik Rəcəb Tayyib Ərdoğanın Türkiyəni dünyanın 17-ci iqtisadiyyatına, onu lider dövlətə çevirə bilməsinin də bir fakt olduğunu xatırladıb.
"Buna görə sağ ol düşür. Lakin, demokratiya və mətbuat, söz azadlığı da elə iqtisadiyyat qədər vacibdir", Razi Nurullayev hesab edir ki, bundan sonra, Ərdoğan üçün dünya ilə "savaşmaq" çətin olacaq. Siyasətşünas proseslərin Azərbaycana təsiri məsələsini isə belə dəyərləndirib:
"Pusquda gözləyən və Türkiyəyə badalağ atıb yıxmaq istəyən Ərəb dövlətləri və İsrail var. Azərbaycan üçün də Türkiyənin bu yöndə inkişafı ürəkaçan deyil. Çünki, Azərbaycan üçün əsas Türkiyə modeli götürülürdü. Bu model isə həm siyasi məqsəd və dinə baxış acısından daha model ola bilməz".