Milli xəyanət nəticəsində itirilmiş Qarabağ azaddır Siyasət

Milli xəyanət nəticəsində itirilmiş Qarabağ azaddır

1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən işğal edilib.
Ermənilərin təcavüzü nəticəsində rayon tamamilə dağıdılıb, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin 44 günlük müharibəyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri 19 ildir ki, talan edilib. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları; sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları; ehtiyatları 10941 min m3 olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı;
ehtiyatları 1312 min m3 olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı;
ehtiyatları 4473 min m3 olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı; ümumi ehtiyatları 2,2 mln. m3 olan 2 üzlük daşı yatağı, ehtiyatları 2540 min m3 olan Çəpli qum-çınqıl qarışığı yatağı;
gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı talan edilib.
Kəlbəcərin işğalı ərəfədə Azərbaycan siyasi böhran baş verirdi. Xarici və daxili düşmənlər respublikanı parçalamağa cəhd edirdilər. Respublikanın siyasi elitasının sıralarında erməni mənşəli və ermənilərə qulluq edən vəzifəli şəxslərin sayı kifayət qədər idi. Vahid hərbi komandanlıq yox idi.

Prezident İlham Əliyev haqlı olaraq torpaqlarımızın işğalında o vaxtkı hakimiyyəti gübahlandırıb: "Şuşanın, Kəlbəcərin, Laçının, bütün ətraf bölgələrin işğal edilməsi, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılması Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin günahıdır.
AXC ovaxtkı hakim komandanı yıxıb hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı heç bir əməliyyat keçirmədən boşaldaraq düşmənə təslim edib.
Xalq Cəbhəsi-Müsavat hakimiyyətə gəlmək naminə satqınlıq, cinayət törədib.
Səriştəsiz kadrlardan formalaşmış AXC hakmiyyəti talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıb".
Kalbajar.com saytında yazılır: "Bundan başqa Kəlbəcər bölgəsinin işğal olunmasında ölkə hakimiyyətinin, yerli İcra orqanlarının, eləcə də əhalinin hərbi işlərə və müdafiə məsələlərinə ciddi yanaşmamalarının da müəyyən dərəcədə təsiri var idi. Kəlbəcər işğal olunmazdan təqribən bir il əvvəl yerli İcra hakimiyyəti səriştəsiz başçılarla əvəz olundu. 1992-ci ilin fevral-mart aylarında yaradılan xalq cəbhəsi batalyonu (844 saylı hərbi hissə) may ayında ləğv edildi. Belə ki, bölgədə xalq cəbhəsinin sədri İcra başçısı təyin olunduqdan sonra həmin döyüşçülərə laqeydlik göstərildi və bunun nəticəsi olaraq həmin döyüşçülərin hamısı tərksilah edildi. 1993-cü ilin martında həmin xalq cəbhəsi batalyonu yenidən pərakəndə şəkildə təşkil olunmağa başlasa da artıq gec idi... Ordu komandanlığının hərbi qüvvələri və döyüşləri əlaqələndirə bilməməsi də məğlubiyyətin səbəblərindən biridir. Ordu komandanlığının özündə səriştəsiz zabit və generalların əmri və ya tapşırığı ilə döyüşün əsas aparıcı qüvvəsi olan yuxarı yaşlı əsgərlərin tərxis edilmələri ordunun zəifləməsinə səbəb oldu. Bu kəlbəcərli döyüşçülərin bir dəfə 1992-ci ilin may-iyun aylarında, ikinci dəfə isə həmin ilin dekabrında ordudan tərxis edilmələrini (təqribən 1500 nəfər) yuxarı komandanlıq belə əsaslandırırdı ki, guya nizami ordu yaradılır. Bu-ən azı ağılsızlıq idi. Bunun nəticəsidir ki, həmin vaxt tərxis olunan könüllü döyüşçülər indiyədək döyüşlərdə iştirakçı vəsiqələrini ala bilmirlər. Bundan başqa hərbi komissarlıqların ədalətli olmaması nəticəsində döyüşçülərin bir qisminin orduya çağırılması və digər qisminin çağırılmaması, yəni, ayrıseçkilik qoyulması da döyüşçülərin mənəvi hazırlığına pis təsir göstərirdi. Əhalinin əksəriyyəti isə orduya lazımi qədər həm mənəvi, həm də canlı qüvvə ilə kömək göstərmədi. Əhalinin bəzi hissəsi belə düşünürdü ki, ordu var, o da Kəlbəcəri qorumalıdır. Onlar böyük bir fəlakətin yaxınlaşdığını dərk etmədilər..."
Bu gün Qarabağ işğaldan azad edilib. 44 günlük müharibənin gedişində dünyanın müxtəlif geosiyasi qütblərindən edilən təzyiq və təhdidlərə baxmayaraq, Ali Baş Komandan düşməni torpaqlarımızdan qovmaq üçün sona qədər döyüşmək əzmindən geri dönmədi.
Milli xəyanət nəticəsində itirilmiş müqəddəs Qarabağ Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti, xalq-ordu-iqtidar vəhdəti nəticəsində azad olundu.