“ATƏT PA-nın qış sessiyasında da Dağlıq Qarabağ məsələsini gündəmə gətirəcəyik” Siyasət

“ATƏT PA-nın qış sessiyasında da Dağlıq Qarabağ məsələsini gündəmə gətirəcəyik”

Bahar Muradova: "Ukraynadakı hadisələrin müzakirəsi çərçivəsində də Qarabağ məsələsi gündəlikdə olacaq"

ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasında Dağlıq Qarabağ məsələsi də gündəmə gətiriləcək. Bu barədə APA-ya açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
Onun sözlərinə görə, qurumun Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasını komitənin sədr müavini, Milli Məclisin üzvü Azay Quliyev aparacaq: "ATƏT-in elə bir tədbiri yoxdur ki, orada müzakirə olunan məsələlər çərçivəsində fürsətdən istifadə edib, Dağlıq Qarabağ problemini gündəmə gətirməyək. Bu dəfə də belə olacaq. Orada yay sessiyasına hazırlıq üzrə aralıq məruzələr dinləniləcək. O məruzələrdə ATƏT-in fəaliyyət sahəsinə aid olan münaqişələrin qarşısının alınması, nəticələrin aradan qaldırılması istiqamətində fəaliyyət əksini tapır. Təbii ki, həlli uzadılmış münaqişələr və Ukraynadakı hadisələrin müzakirəsi çərçivəsində də Dağlıq Qarabağ məsələsi gündəlikdə olacaq".
Bahar Muradova ATƏT-də müzakirə olunan bütün məsələlərin Azərbaycanı maraqlandırdığını və bütün məsələlərlə bağlı Azərbaycanın öz mövqeyini səsləndirdiyini qeyd edib: "Bizim fəaliyyətimiz Dağlıq Qarabağ məsələsi ilə məhdudlaşmır. ATƏT-in fəaliyyət çərçivəsinə çox məsələ daxildir. Biz həm iqtisadi, həm hərbi-siyasi, həm də insan haqları sahələrində bütün məsələlərdə mövqeyimizi bildiririk. Eyni zamanda tənqidlərimizi çatdırır, bu və ya digər müsbət məqamları qeyd edirik".
Qeyd edək ki, ATƏT PA-nın qış sessiyası fevralın 18-20-də Vyanada keçiriləcək.