Finlandiya XİN-in rəhbəri həmsədrlərlə Qarabağdan danışacaq Siyasət

Finlandiya XİN-in rəhbəri həmsədrlərlə Qarabağdan danışacaq

ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın 12-də Finlandiya xarici işlər naziri Erkki Tuomioja və Finlandiya XİN-in dövlət katibi Peter Stenlund ilə görüşəcəklər.
Bu barədə APA-ya Finlandiya XİN-in Cənubi Qafqaz ölkələri üzrə daimi səfiri Krister Mikellsson məlumat verib. O deyib ki, Helsinkidə keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunacaq:
"Bildiyiniz kimi, Finlandiya Minsk Qrupunun üzvüdür və biz həmişə bu münaqişənin nizamlanma prosesini diqqətlə izləmiş, sülhün əldə olunmasına maraqlı olmuşuq. Münaqişə ətrafındakı son gərginlik bizi də narahat edir. Ona görə də Finlandiya rəsmiləri ilə həmsədrlərin görüşü zamanı bu münaqişənin dinc yolla həllini tapması istiqamətində fikir mübadiləsi aparılacaq, prosesin daha səmərəli şəkildə inkişaf etməsi üçün mümkün addımlar müzakirə olunacaq".
Ukrayna problemi ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin də Finlandiyanı narahat etdiyini söyləyən Mikellsson əlavə edib ki, iki həftədən sonra bölgəyə səfər edəcək.