Millət vəkili Almaniyada “Xocalıya Ədalət” çağırışı edib Siyasət

Millət vəkili Almaniyada “Xocalıya Ədalət” çağırışı edib

Qənirə Paşayeva: "Hansı dövlətin ərazisində baş verməsindən asılı olmayaraq terrora qarşı, soyqırımına və qətliama qarşı eyni mövqe sərgilənməlidir"

Milli Məclisin deputatı Qənirə Paşayeva Almaniyanın Bielefeld Universitetində Xocalı Soyqırımına həsr olunmuş tədbirə qatılıb. Qənirə Paşayeva Almaniyada Bielefeld Universitetində Xocalı Soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib.
Q.Paşayeva Almaniyanın Bielefeld bölgəsində yerləşən və ölkənin böyük universitetlərindən biri olan Bielefeld Universitetində çıxışı zamanı ermənilərin 20-ci əsrin əvvəllərində dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımı, Ermənistanın apardığı etnik təmizləmə siyasəti, Dağlıq Qarabağ probleminin tarixi kökləri və bugünkü vəziyyət, Xocalı soyqırımı ilə bağlı ətraflı danışıb və sualları cavablandırıb.
"Hansı dövlətin ərazisində baş verməsindən asılı olmayaraq terrora qarşı, soyqırımına və qətliama qarşı eyni mövqe sərgilənməlidir. Amma təəssüf ki, biz bunu görmürük.
Ermənistanın Xocalıda törətdiyi soyqırımın, qətliamın 23 ili tamam olur. Yüzlərlə dinc insan, uşaqlar, qadınlar amansızlıqla qətlə yetirildilər, yüzlərlə insan ağır yaralandı, onlarla insan girov götürülərək işgəncələrə məruz qoyuldu, amma təəssüf ki, biz avropalı siyasətçi həmkarlarımızın, liderlərin bir çoxundan, hətta bu gün də bunu pisləyən, etirazını bildirən açıqlamalar eşitməmişik.
Bu cinayəti törədənlər hələ də Ermənistanda rahatlıqla gəzirlər və ədalət qarşısında cavab verməyiblər. Ailəsi soyqırımına məruz qalmış insanlar etnik kökənindən, milli kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olan hər kəsi, Almaniya dövləti və xalqını bu soyqırımı pisləməyə və bu insanlıq əleyhinə cinayəti törədənlərin ədalət qarşısında cavab verib layiq olduqları cəzanı almaları istiqamətində səylərinizi artırmağa çağırır.
Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq, amma "Şarli Ebdo" üçün yürüş edən qərb liderləri, yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən niyə yürüş keçirmədilər? Niyə səslərini heç eşitmədik?
Etnik kimliyindən və dini inancından asılı olmayaraq insanlığın yanında olan hər kəs Xocalıya Ədalət deyənlərə dəstək verməlidir və biz sizi buna çağırırıq".
O, tədbirin sonunda gənclərə Qarabağ, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı kitablar, materiallar hədiyyə edib və onların suallarını geniş cavablandırıb. Qeyd edək ki, konfrans və tədbir Azərbaycan-Alman Mədəniyyət Cəmiyyəti, Bielefeld Atatürkçü Düşüncə Dərnəyi, Türk-Akademisiyanlar Birliyinin təşkilatçılığı ilə keçirilib.