“Effektiv sanksiyaların tətbiqi Rusiyanı bitirə bilər” Siyasət

“Effektiv sanksiyaların tətbiqi Rusiyanı bitirə bilər”

Qabil Hüseynli: "Hər hansı sanksiya da Kreml üçün faciəvi nəticələrə yol aça bilər"

ABŞ-ın dövlət katibi Con Kerrinin Rusiyanı yeni sanksiyalarla hədələməsi, habelə bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların daha bir il uzadılması bütün dünyada böyük maraqla izlənməkdədir.
Bəzi siyasi ekspertlər bu sanksiyaların Rusiyanı təcavüzkar xarici siyasət kursundan çəkindirməyəcəyini iddia etsə də, Kremlin bu qadağalar qarşısında davam gətirməyəcəyini iddia edənlər də az deyil. Maraqlıdır, Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyalar mövcud siyasi-iqtisadi qüvvələr nisbətində hansısa dəyişikliyə səbəb olacaqmı? Rusiya sanksiyalar qarşısında daha nə qədər davam gətirə bilər?
Məsələ ilə bağlı açıqlama verən politoloq Qabil Hüseynli sanksiyaların nədən ibarət olacağının, hansı sahələri əhatə edəcəyinin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Ekspertin sözlərinə görə, əgər sanksiyalar Rusiyanın dünya bank sistemindən təcridinə səbəb olacaqsa, o zaman Rusiya üçün olduqca ağır nəticələrə gətirib çıxardacaq: "Önəmli olan bu sanksiyaların mahiyyəti, onların hansı sahələri əhatə etməsidir. Əgər bu sanksiyalar həqiqətən də önəmli sahələri əhatə edəcəksə, təbii ki, o zaman bu sanksiyalar daha təsirli olacaq. Məsələn, əgər ABŞ-ın tətbiq etdiyi sanksiyalar Rusiyanın dünya bank sistemindən təcrid edilməsi ilə nəticələnərsə, bu, Rusiya üçün acı nəticələr doğura, onun maliyyə sisteminin tam iflas etməsinə səbəb ola bilər".
Politoloqun fikrincə, Rusiyanın silah ixracına qarşı tətbiq ediləcək hər hansı sanksiya da Kreml üçün faciəvi nəticələrə yol aça bilər: "Bildiyiniz kimi, silah ixracı Rusiya üçün olduqca mühüm əhəmiyyətə malikdir. Əgər bu sanksiyalar Rusiyanın silah ixracını əngəlləyən sanksiyalar olarsa, o zaman bu, Rusiyaya neftin dünya bazarında ucuzlaşmasından daha çox ziyan vuracaq. Belə bir sanksiya Rusiyanın qısa zamanda çökməsinə səbəb ola bilər".
Q.Hüseynlinin firkincə, ABŞ prezidenti Barak Obama bir çox hallarda cəsarətsiz siyasət yürütsə də, ümumilikdə bu sanksiyaların Rusiyanın vəziyyətini bir qədər də mürəkkəbləşdirəcəyi birmənalıdır:
"ABŞ prezidenti bir çox hallarda son dərəcə ehtiyatlı, hətta qorxaq siyasət yürüdür. Hansı ki, mövcud vəziyyət daha cəsarətli mövqe ortaya qoymağı zəruri edir. Lakin bütün bunlara baxmayaraq, Rusiyaya qarşı tətbiq ediləcək bu sanksiyaların bu ölkə daxilindəki vəziyyəti bir qədər də gərginləşdirəcəyi şübhəsizdir. Baş verənlər Rusiyaya yaxşı heç nə vəd etmir və çox güman ki, biz yaxın gələcəkdə bu ölkənin daha ciddi problemlərlə üzləşməsinin şahidi olacayıq".