ABŞ səfirindən girovlarla bağlı açıqlama Siyasət

ABŞ səfirindən girovlarla bağlı açıqlama

Robert Sekuta: "Humanitar jest kimi onların azad edilməsi təqdirəlayiq hal olardı"

"Biz onların humanitar jest olaraq azad edilməsinin tərəfdarıyıq".
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ermənistan tərəfinin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi geri qaytarmaması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Səfirin sözlərinə görə, bu məsələ ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın regiona səfəri zamanı da gündəmə gətirilib: "Xanım Nuland burada olarkən və sonradan Ermənistana getdikdə bəyanatlarında bildirib ki, keçmişdə mövcud olmuş çox yaxşı ənənələrin davamı olaraq humanitar jest kimi onların azad edilməsi təqdirəlayiq hal olardı".
Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə doğmalarının məzarlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olan digər Azərbaycan vətəndaşı, Cəbrayıl rayonundan məcburi köçkün Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşmən tərəfdən alınaraq Bakıda dəfn edilib. Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi" ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə "hökm" çıxarıb. Uydurma rejimin qondarma "apellyasiya məhkəməsi" "hökmü qüvvədə saxlayıb.