“Azərbaycana qarşı qarayaxma kampaniyasının təşkilatçılarının...” Siyasət

“Azərbaycana qarşı qarayaxma kampaniyasının təşkilatçılarının...”

Siyavuş Novruzov:"Əksəriyyətinin maliyyə dəstəyi məhz erməni lobbisi tərəfindən təmin edilir"
Arzu Nağıyev:"Bu gün müstəqil Azərbaycan dövlətinin müstəqil siyasəti çoxlarını razı salmır"

"Azərbaycanda İlk Avropa Oyunlarının keçirilməsi ərəfəsində ölkəmizə qarşı bu cür kampaniyanın aparılacağı gözlənilən idi". Bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı əldə olunan sənədləri şərh edərkən deyib.
S.Novruzov bildirib ki, məlumatda adları çəkilən təşkilatlar daim Azərbaycana qarşı belə kampaniyalar aparıblar: "İstər "Freedom House", istərsə də digər təşkilatlar həmişə antiazərbaycan mövqeyində olublar və bütün bəyanatlarında, bütün rəylərində əsaslanmamış faktlar əsasında erməni lobbisinin, ermənipərəst qüvvələrin mövqeyindən çıxış edərək belə rəylər, fikirlər formalaşdırıblar".
S.Novruzov vurğulayıb ki, Azərbaycanda İlk Avropa Oyunlarının keçirilməsi ərəfəsində də bunların sakit duracaqları gözlənilməməlidir: "Bunlar bu məsələlərdə sakit durmayacaqlar. Çünki bu təşkilatların əksəriyyətinin maliyyə dəstəyi məhz erməni lobbisi tərəfindən təmin edilir".
YAP rəsmisi əlavə edib ki, Azərbaycanın artan nüfuzu, iqtisadi inkişafı, ölkədə olan ictimai-siyasi sabitlik və digər məsələlər, o cümlədən Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, bizi istəməyən qüvvələri narahat edir:"Azərbaycan bu gün dünyada və Avropada kifayət qədər möhkəm mövqeyə malikdir, Avropanın enerji təhlükəsizliyində iştirak edir, Avropa İttifaqı ilə böyük layihələr həyata keçirir. Bunlar da hesab edirlər ki, bu məsələlər bəzi dövlətlərlə razılaşdırılmalıdır. Biz özümüzə "böyük qardaş" axtarmalıyıq və bunların hamısını "böyük qardaş"ın vasitəsilə həyata keçirməliyik. Amma Azərbaycanın xarici siyasəti ondan ibarətdir ki, hər bir dövlətlə, hər bir təşkilatla bərabər şəkildə münasibət saxlanılmalıdır".
S.Novruzov bildirib ki, bu, əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın müstəqil xarici siyasətidir, bu gün də bu siyasət çox uğurla davam etdirilir. O qeyd edib ki, bu da bəzi dövlətlərin xoşuna gəlmir.
Siyasi ekspert Arzu Nağıyev sözlərinə görə isə, əlbəttə ki, burada əsas məqsəd qarşıdurma salmaq, ictimaiyyət arasında gərginlik yaratmaqdır.
A.Nağıyev vurğulayıb ki, Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsi keçirilən zaman da buna cəhdlər oldu:"Yadınızdadırsa, müsəlman ölkəsi olan Azərbaycanda anoloqu olmayan bir aksiyaya əl atmaq istədilər, insan haqlarının tapdalanmasını bəhanə gətirərək cinsi azlıqların da nümayişini keçirmək arzusunda oldular. Bu məsələlərdə isə narazı təbəqə kimi kimdəm istifadə ediləcəyi də məlumdur - müxalifətin müəyyən qanadı və ya maliyyə dəstəyi xaricdən olan bəzi təşkilatların nümayəndələri nəzərdə tutulur".
A.Nağıyevin fikrincə, məlumdur ki, ilk Avropa Oyunları vaxtı və ərəfədə icazəsiz heç bir mitinq və nümayiş keçirilməsinə imkan verilməyəcək, yəni asayişin pozulması kimi qiymətləndiriləcək və hüquqi cəhətdən də bu düzgün addım olacaq:"Bütün bu variantların iflasa uğrayacağını hiss edərək artıq daha "qlobal faza"ya keçilir və məsələ ABŞ dövlət katibi sıəviyyəsinə çatdırılır. İlk öncə müxtəlif fondlar adından danışılsa da artıq bu məslələrin arxasında xüsusi xidmət orqanlarının maliyyə dəstəyi hiss olunur. Məlumdur ki,bu gün müstəqil Azərbaycan dövlətinin müstəqil siyasəti çoxlarını razı salmır. Onların düşüncəsinə görə, necə ola bilər ki, müsəlman dövləti bu gün Azərbaycan ərəb ölkələrinə bənzəmir, əksinə olaraq ilk Avropa Oyunlarına ev sahibliyi edir?".
Ekspert hesab edir ki, ilk Avropa Oyunları ərəfəsində və Oyunlar vaxtı dövlət haqqında mənfi rəy yaratmaq üçün yəqin ki, idmançılar və turistlərdən deyil, məhz akkreditə olunmauş bəzi xarici jurnalist və KİV nümayəndələrindən daha çox istifadə etməyi nəzərdə tutan fondlara yəqin ki, milyonlarla maliyyə vəsaiti ayıracaqlar və bəlkə də artıq ayırıblar:"Bu maliyyə dəstəyi isə maraqlı dövlətlərin rəsmilərinin icazəsi və marağı olmadan edilə bilməz. Məhz buna görə də Con Kerri və bu çəkili dövlət məmurlarını irəli verib öz maraqlarını güdürlər.Bu işlərdə hədəf kimi də bəzi yerli QHT-lərin arzuları özlərinə diqqət yetirmək, bunu dünya səviyyəsində yaymaq, etdiklərinin müqabilində siyasi dividend və müəyyən maliyyə dəstəyi almaqdır. Düşünürəm ki, bu yollarla dövlətin nüfuzuna xələl gətirə biləcək heç bir hadisə baş verməyəcək. Buna həm ictimaiyyət, həm də dövlətin özü tam hazırdır".