Ankarada hərbi zirvə Siyasət

Ankarada hərbi zirvə

Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri arasında əməkdaşlığın tənzimlənməsi məqsədilə Koordinasiya Qrupunun yaradılacaq

Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gedib.
Müdafiə Nazirliyinin saytında verilən məlumata görə, Zakir Həsənov Atatürkün məzarını ziyarət edib, önünə əklil qoyub və Şərəf kitabına ürək sözlərini yazıb.
Sonra Türkiyə Respublikasının Baş Qərargahında Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşü keçirilib.
Görüşdə üç ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın tənzimlənməsi məqsədilə Koordinasiya Qrupunun yaradılması qərara alınıb.
Qurumun məqsədi birgə təlimlər, kurslar və treninqlərin keçirilməsi, təhsil və tibb sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərin əlaqələndirilməsi olacaq.
Görüşün yekunlarına dair Protokol imzalanıb.