“Ermənistanın danışmağa haqqı yoxdur” Siyasət

“Ermənistanın danışmağa haqqı yoxdur”

"Kriminal-oliqarx və hərbi diktatura rejimini təmsil edən Ermənistan xarici işlər nazirinin insan hüquqları barəsində danışmağa və ya digər ölkələrdəki vəziyyətə müdaxilə etməyə mənəvi haqqı yoxdur". Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə söylədiklərinə cavab olaraq deyib.
Hikmət Hacıyev bildirib ki, ümumdünya insan hüquqları bəyannaməsinin elə bir müddəası yoxdur ki, Ermənistan tərəfindən onun kobud şəkildə pozulması baş verməsin: "Parlamentdə siyasi terror törədilərək hakimiyyət dəyişikliyi, 2008-ci ildə saxta prezident seçkilərindən sonra dinc nümayişçilərin hərbi qüvvələr tərəfindən atəşə tutularaq kütləvi şəkildə öldürülməsi və bu cinayətin heç bir istintaqının aparılmaması, müxalifət təmsilçilərinin siyasi rejim tərəfindən qətlinin sifariş edilməsi, siyasi qətl törədən şəxslərin dərhal azadlığa buraxılması Ermənistanda adi hala çevrilmiş hadisələrdir. Ziddiyyətli məqam ondan ibarətdir ki, bu kimi kütləvi hal almış insan hüquqları pozuntuları Avropa Şurası və ATƏT-in tamhüquqlu üzvü olan dövlətdə baş verir".
Hikmət Hacıyev qeyd edib ki, Ermənistan ərazisində və işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlılara qarşı qanlı etnik təmizləmə törədən və bununla da insanlığa qarşı cinayət, soyqırım və müharibə cinayətlərinə bais olan Ermənistan insan hüquqları sahəsində üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri kobud şəkildə pozub: "Yalnız azərbaycanlılar deyil, Ermənistan ərazisində olan digər etnik azlıqlar, o cümlədən ruslar, yəhudilər, assuriyalılar, yezidilər və başqaları da irqi ayrı-seçkilik siyasəti nəticəsində etnik təmizləməyə məruz qalıblar. Bütün bunlar bir daha onu sübut edir ki, Ermənistanın milli və beynəlxalq səviyyədə insan hüquqlarına dair öhdəlikləri yalnız rəmzi və deklarativ xarakter daşıyır".