
Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, vətəndaşların rifah halının yüksəldilməsi, bu istiqamətdə həyata keçirilən ünvanlı dövlət dəstəyi tədbirlərinin daha səmərəli təşkili baxımından ev təsərrüfatlarının vəziyyəti haqqında dolğun və etibarlı məlumatların əldə edilməsi mühüm əhəmiyyət daşıyır.
Dövlət Statistika Komitəsi xəbər verir ki, ev təsərrüfatlarının uçotu ölkəmizdə ötən əsrin 40-cı illərindən kənd, 2012-ci ildən isə şəhər və qəsəbə yaşayış məntəqələrində inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən hər il aparılır. Uçot hər bir ev təsərrüfatı üzrə sorğu yolu ilə həyata keçirilir, məlumatlar ailələrin faktiki yaşayış və təsərrüfat vəziyyəti əsasında qeydə alınır. Bu zaman təsərrüfatların istifadəsində və mülkiyyətində olan torpaq sahələri, əmlak və digər müvafiq göstəricilər uçota götürülür. Bu proses uzun illərdir, mövcud olan ənənəvi uçot tədbiridir və onun məqsədi əmlakın yoxlanılması və ya mülkiyyət hüquqlarının araşdırılması deyil, ölkə üzrə ev təsərrüfatlarının real vəziyyəti haqqında dolğun məlumatların əldə edilməsidir.
Ev təsərrüfatlarının uçotu sahəsində həyata keçirilən tədbirlər nəticəsində əhalinin yaşayış şəraiti, sosial təminatı, məşğulluğu, fərdi təsərrüfat fəaliyyəti, xüsusilə kənd təsərrüfatı ilə bağlı dəqiq məlumat bazası formalaşdırılır, dövlət siyasətinin, o cümlədən sosial dəstək tədbirlərinin əhalinin real ehtiyaclarına uyğun həyata keçirilməsi üçün zəruri informasiya təminatı yaradılır.
Uçot məlumatları ölkədə demoqrafik vəziyyətin, əhalinin sayının və yaş strukturunun, ailə tərkibinin və miqrasiya proseslərinin öyrənilməsi, əhalinin faktiki yaşayış yerləri üzrə məlumatların dəqiqləşdirilməsi baxımından əsas informasiya mənbələrindən biridir. Bu məlumatlar daxili yerdəyişmənin, urbanizasiya prosesinin, kənd və şəhərlərdə məskunlaşma meyllərinin, xüsusilə ucqar kəndlərdə əhali sakinliyinin, daimi yaşayış yerinin dəyişməsinin müəyyənləşdirilməsinə imkan verir. Eyni zamanda, əhalinin faktiki sayı və yaşayış ünvanları barədə məlumatlarının dəqiqləşdirilməsi seçici siyahılarının aktuallaşdırılmasına və siyahıyaalmanın düzgün təşkilinə də xidmət edir.
Yaşayış məntəqələri üzrə sosial-iqtisadi vəziyyətin ətraflı öyrənilməsi regional inkişaf proqramlarının, sosial infrastrukturun təkmilləşdirilməsi və əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin real tələbat əsasında planlaşdırılmasına, dövlət resurslarından səmərəli istifadəyə xidmət edir.
Uçot məlumatları sosial müdafiəyə ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi, onların gəlir və məşğulluq vəziyyətinin qiymətləndirilməsi, eləcə də sosial xidmətlərə əlçatanlığının artırılması üçün daha əsaslandırılmış qərarlar qəbul etməyə, dövlət dəstəyinin ümumi meyarlarla deyil, yaşayış məntəqələrinin və müxtəlif sosial qrupların konkret ehtiyacları əsasında həyata keçirilməsinə şərait yaradır.
Uçotun elektronlaşdırılması və dövlət informasiya sistemləri ilə inteqrasiyası nəticəsində aidiyyəti dövlət qurumları aztəminatlı ailələr və onların sosial vəziyyəti barədə məlumatları birbaşa əldə etməklə, ünvanlı dövlət sosial yardımının və digər dəstək tədbirlərinin ehtiyacı olan şəxslərə yönəldilməsinin daha operativ təşkilinə nail olacaqlar. Bu yanaşma kənar vasitəçilərə ehtiyacı aradan qaldırmağa imkan verəcək, dövlət xidmətlərinə çıxışı asanlaşdıracaq, sosial dəstəyin birbaşa ehtiyac sahibi ailələrə çatdırılmasını təmin etməklə vətəndaş məmnunluğunu yüksəldəcəkdir.
Əldə olunan məlumatlar əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, fərdi təsərrüfatların və kənd təsərrüfatı fəaliyyətinin dəstəklənməsi, gəlir mənbələrinin artırılması istiqamətində məqsədyönlü tədbirlərin hazırlanmasına imkan verəcəkdir. Nəticə etibarilə, dövlət proqramlarının və sosial-iqtisadi layihələrin real ehtiyaclara uyğun planlaşdırılması və nəticələrinin qiymətləndirilməsi, habelə əhalinin rifahına təsirinin artırılması üçün etibarlı informasiya bazası yaradılacaqdır.
Ev təsərrüfatlarının uçotu nəticəsində əldə olunan məlumatlar eyni zamanda gənclər, qadınlar və ailələrlə bağlı dövlət siyasətinin və müvafiq proqramların hazırlanmasına, qadınların məşğulluğunun artırılmasına, gənclərin iqtisadi və sosial imkanlarının genişləndirilməsinə, demoqrafik inkişafın təşviqinə yönəlmiş tədbirlərin müəyyənləşdirilməsinə əsas yaradır.
Uçotun rəqəmsallaşdırılması prosesi sadələşdirməklə yanaşı, vətəndaşların məlumat təqdim etməsi ilə bağlı inzibati yükünü də azaldacaqdır. Əvvəllər yalnız sorğu yolu ilə toplanan məlumatların bir hissəsi növbəti ildən dövlət informasiya sistemlərindən əldə ediləcək, bununla da eyni məlumatların vətəndaşlardan təkrar tələb olunmasının qarşısı alınacaq, uçot prosesi daha operativ və səmərəli təşkil ediləcək.
2027-ci ildən etibarən ev təsərrüfatlarının uçotu planşetlər vasitəsilə tam elektron qaydada həyata keçiriləcəkdir. Məlumatlar vahid informasiya sistemində cəmləşdiriləcək və Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiya olunacaqdır. Vətəndaşlar ev təsərrüfatlarına dair məlumatları ilə hər hansı sorğu etmədən proaktiv qaydada “mygov” platforması üzərindən “bir pəncərə” prinsipi əsasında tanış ola biləcəklər.
Fərdi məlumatların işlənilməsi, istifadəsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçiriləcək, onların təhlükəsizliyi və konfidensiallığı təmin olunacaq.
Beləliklə, ev təsərrüfatlarının uçotu yalnız məlumatların toplanması deyil, əhalinin real ehtiyaclarının müəyyənləşdirilməsi, dövlət xidmətlərinin əlçatanlığının artırılması, sosial müdafiənin gücləndirilməsi və dövlət resurslarının daha səmərəli bölüşdürülməsi üçün mühüm vasitədir. Uçotun nəticələri əsasında qəbul edilən qərarlar dövlət dəstəyinin hər bir ailənin faktiki vəziyyətinə uyğunlaşdırılmasına, vətəndaşların rifahının yüksəldilməsinə və ölkənin sosial-iqtisadi inkişafının daha düzgün planlaşdırılmasına xidmət edəcək.