İsrail qoşunları Livanın cənubundakı qəsəbələri atəşə tutub Dünya

İsrail qoşunları Livanın cənubundakı qəsəbələri atəşə tutub

Günün birinci yarısında Livanın cənubunda yerləşən azı altı yaşayış məntəqəsi İsrail artilleriyası tərəfindən atəşə tutulub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al-Markaziya" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, "Hizbullah" şiə təşkilatının dayaq məntəqələrinin yerləşdiyi Nəbatiyə və Tir şəhərləri ətrafındakı qəsəbələrə toplardan atəş açılır. Mərmilərin düşməsi barədə məlumatlar Bəni-Hayyan, Beyt-əs-Səyyad, Məcdəl-Zun, Mayfadun, Tallusa və Əl-Mənsuri yaşayış məntəqələrindən daxil olub. Yerli hakimiyyət orqanları evlərə və tikililərə maddi ziyan dəydiyini qeydə alıb, xəsarət alan yoxdur.

Səhər tezdən İslam müqaviməti dəstələrinin hərəkətinin müşahidə olunduğu Vadi-əs-Sulyuki dərəsindəki Aytarun, Meys-əl-Cəbəl və Şakra rayonları atəşə məruz qalıb.

İsrail Hərbi Hava Qüvvələri sərhədyanı Bint-Cbeyl sektorundakı Kunin, Haddata və Haris qəsəbələrində yerüstü hədəflərə zərbələr endirib, pilotsuz uçuş aparatı isə Arkub rayonundakı fermaya partlayıcı maddə atıb.

Agentliyin qeyd etdiyi kimi, İsrail tərəfindən hərbi əməliyyatların gərginləşdirilməsi onun Livanın cənubunda yaradılmış bufer zonasının sərhədlərini genişləndirmək və Litani çayının şimalındakı strateji nöqtələri nəzarətdə saxlamaq niyyətindən xəbər verir.

Məryəm Quliyeva